Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Ermənistanın ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycanla apardığı danışıqları kəskin şəkildə tənqid edib. Ulusal.az xəbər verir ki, deputat bu barədə özünün Telegram kanalında yazıb.
Zatulin bildirib ki, Ermənistanın danışıqlarda iştirakı mümkün razılaşmanın “ən məyusedici” tərəfidir. Onun sözlərinə görə, Vaşinqtonda planlaşdırılan mümkün sövdələşmə yalnız ABŞ-ın regionda mövcudluğunu artıracaq, Rusiya və İran isə bu reallıqla barışmalı olacaq.
“Bütün dünya Tramp-Putin görüşü ətrafında fərziyyələr yürüdərkən, Rusiyanın iki sadiq dostu İlham Əliyev və Nikol Paşinyan ABŞ prezidentinin nəzarəti altında razılaşma imzalamaq üçün Vaşinqtona tələsdilər”, – deyə Zatulin qeyd edib.
Deputat tərəflərin tammiqyaslı sülh sazişi imzalayıb-imzalamayacağı ilə bağlı qeyri-müəyyənliyin davam etdiyini vurğulasa da, bu prosesin nəticə etibarilə Zəngəzur dəhlizinin hüquqi və siyasi olaraq leqallaşdırılmasına gətirib çıxaracağını bildirib.
Zatulinə görə, Paşinyan vasitəsilə Türkiyə Ermənistan ərazisi üzərindən Azərbaycana, Xəzər dənizinə və Mərkəzi Asiyaya birbaşa yol əldə edəcək. Bu isə NATO və ABŞ üçün strateji üstünlük sayılacaq.
O, əlavə edib ki, Vaşinqtondakı görüşün görünməyən iştirakçıları sırasında Türkiyə, Rusiya, İran və İsrail də var. Zatulinə görə, bu proses bəzi ölkələr üçün uğur, bəziləri üçün isə təsirin azalması demək olacaq:
“Türkiyə, İsrail, ABŞ və Azərbaycan üçün bu, milli maraqların təmin olunmasıdırsa, Rusiya və İran üçün regionda zəifləmə, eləcə də Şimal-Cənub dəhlizi kimi layihələrin yenidən dəyərləndirilməsi zərurəti ortaya çıxacaq. Zəngəzur artıq Qərb-Şərq alternativinə çevrilir.”
Zatulin Ermənistanın bu prosesdə iştirakını “ən biabırçı hal” adlandırıb. Onun sözlərinə görə, Paşinyanı hakimiyyətə gətirməklə Ermənistan vətəndaşları həm özlərinə, həm də dövlətlərinə “hökm çıxarıblar”.
Zəngəzur dəhlizi ideyasının 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata istinadla leqallaşdırıldığını xatırladan deputat qeyd edib ki, bu razılaşma ilə Laçın dəhlizi ilə yanaşı Zəngəzur dəhlizi də nəzərdə tutulmuşdu. Lakin bu gün nə Laçın dəhlizi, nə də Dağlıq Qarabağda erməni əhalisi qalıb.
Zatulin əlavə edib ki, Ermənistanla bağlı məsələlərdə artıq Rusiya ilə hər hansı razılaşdırmaya ehtiyac qalmayıb və bu, regionda geosiyasi vəziyyətin dəyişməsi ilə bağlıdır:
“Bu gün şahidi olduğumuz proseslər təkcə səhv siyasi qərarların yox, həm də Rusiyanın Ukrayna müharibəsi və Qərblə qarşıdurma səbəbilə regionda zəifləməsinin nəticəsidir.”
Deputat sonda qeyd edib ki, Rusiya mümkün qədər tez “xüsusi hərbi əməliyyat”ı başa çatdırmalı və strateji mövqelərini bərpa etməlidir.