image-rt-reklam
image-zengezur-dehlizbackend

Zəngəzur dəhlizinin açılması regiona hansı üstünlükləri verəcək? – TƏHLİL

image-728x90

Qərb mediasında yayılan məlumatlara əsasən, Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinin açılması və onun fəaliyyətinə ABŞ-ın nəzarət etməsinə razılıq verib. Bu xəbər rəsmi mənbələr tərəfindən hələ ki, təsdiqlənməsə də, informasiya regional və beynəlxalq dairələrdə ciddi rezonansa səbəb olub. Məsələ təkcə bir dəhlizin açılması deyil – bu, həm də geosiyasi münasibətlərin yeni mərhələyə qədəm qoyması kimi qiymətləndirilə bilər.

Zəngəzur dəhlizi, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa nəqliyyat bağlantısını təmin edəcək strateji yol xəttidir. Bu dəhliz, eyni zamanda, Türkiyənin Orta Asiyaya və Çin bazarına çıxışını qısaldaraq geoiqtisadi əhəmiyyətini daha da artırır. Regional inteqrasiya, nəqliyyat-kommunikasiya infrastrukturunun genişlənməsi və enerji layihələrinin marşrutlarının şaxələndirilməsi baxımından Zəngəzur dəhlizi Cənubi Qafqaz üçün strateji platformaya çevrilmək potensialına malikdir.

ABŞ-ın dəhlizə nəzarət etməsi barədə iddia regionda maraqları olan digər güclər – xüsusən Rusiya, İran və Türkiyə üçün narahatedici siqnaldır. Bu yanaşma bölgədə yeni güc balansının yaranması və potensial geosiyasi gərginliklərin alovlanması ehtimalını gündəmə gətirir. Rusiya hal-hazırda Ermənistan-Azərbaycan sərhədində sülhməramlı kontingent saxlayır və dəhlizin təhlükəsizliyinə maraqlıdır. İran isə bu marşrutun öz ərazisini keçməməsini strateji itki kimi qəbul edir.

Əgər  ABŞ real şəkildə dəhlizin təhlükəsizliyinə nəzarət edəcəksə, bu, Qərbin bölgədə nüfuz dairəsini genişləndirməsi anlamına gəlir. Nəticədə, Cənubi Qafqaz daha çox qütbləşmiş güclərin maraqlar toqquşma meydanına çevrilə bilər.

Ermənistan cəmiyyətində və müxalifət dairələrində Qərbin artan təsiri birmənalı qarşılanmır. Xüsusilə də Rusiya ilə münasibətlərin soyuması fonunda, ABŞ-ın belə həssas infrastrukturda rol alması daxildə yeni gərginlik ocaqları yarada bilər.

Digər tərəfdən, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması, istər ABŞ nəzarətində olsun, istərsə də digər formatlarda – ümumilikdə region üçün müsbət iqtisadi nəticələr doğura bilər. Bu dəhliz Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini sürətləndirə, ticarət həcmini artıra və iqtisadi əməkdaşlığa yeni impuls verə bilər. Ermənistan üçün dəhliz həm də blokadadan çıxmaq, yeni bazarlara açılmaq və investisiya mühitini yaxşılaşdırmaq şansı deməkdir.

Eyni zamanda, dəhliz Orta Dəhliz təşəbbüsünün vacib həlqəsinə çevrilə bilər. Çin-Türkiyə-Avropa arasında uzanan bu qlobal logistika xəttində Zəngəzur dəhlizinin açılması nəqliyyat xərclərini azaltmaqla region ölkələrinin tranzit imkanlarını xeyli artıracaq.

Azərbaycan üçün bu layihə, təkcə Naxçıvanla birləşmək deyil, həm də regional güc mövqeyini daha da gücləndirmək, Cənubi Qafqazın nəqliyyat-logistika mərkəzinə çevrilmək imkanını açır. Əgər dəhliz beynəlxalq təminatlar və nəzarət mexanizmləri əsasında fəaliyyət göstərəcəksə, bu, Azərbaycanın maraqları ilə ziddiyyət təşkil etmir. Əksinə, şəffaf və təhlükəsiz dəhliz mexanizmləri Bakı üçün iqtisadi və siyasi dividendləri artıracaq.

Arzuman Muradlı 

Politoloq

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90