“Müasir beynəlxalq münasibətlərdə enerji, logistika və ticarət dəhlizləri regional təhlükəsizlik və sabitliyin əsas təminatçıları hesab olunur. Bu kontekstdə Zəngəzur dəhlizi Cənubi Qafqazın gələcək inkişafı üçün strateji əhəmiyyət kəsb edən mühüm layihədir.” – bu fikirləri politoloq Arzuman Muradlı saytımıza açıqlamasında bildirib.
Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda vurğuladığı kimi, bu dəhliz artıq sadəcə nəqliyyat marşrutu deyil, böyük bir geoiqtisadi və geosiyasi layihəyə çevrilib.
“Azərbaycan üçün bu yol ölkəni logistik mərkəzə çevirir, Şərq–Qərb ticarət axınında əsas halqa funksiyasını yerinə yetirir və Azərbaycan–Türkiyə–Mərkəzi Asiya əlaqələrini birləşdirən strateji xətt rolunu oynayır.Zəngəzur dəhlizi Azərbaycanın geosiyasi düşüncəsinin iqtisadi strategiyaya çevrilmiş nümunəsi kimi çıxış edir. Layihə regional rifahı, sabitliyi və inteqrasiyanı gücləndirərək yeni inkişaf mərhələsinin başlanğıcını qoyur. Prezident İlham Əliyevin Çində keçirilən “ŞƏT plyus” iclasında çıxışı zamanı qeyd etdiyi kimi, yaxın gələcəkdə bu dəhliz həm Orta Dəhlizin, həm də Şimal–Cənub dəhlizinin mühüm seqmentinə çevriləcək, sülh və çoxtərəfli əməkdaşlığa xidmət edəcək. Dəhliz həmçinin türk dünyasının quru yolları ilə inteqrasiyasını sürətləndirir, vahid iqtisadi, siyasi və mədəni məkanın formalaşmasına imkan yaradır. Bununla yanaşı, qədim İpək yolunun bərpası mənası daşıyaraq Qərb ilə Şərq arasında ticarət əlaqələrinin canlanmasına şərait yaradır.”- deyə Arzuman Muradlı əlavə edib.
Politoloq qeyd edib ki, Zəngəzur dəhlizinin reallaşması 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli Bəyanatla hüquqi əsas qazanıb.
“Həmin sənədlə Ermənistan regiondakı bütün kommunikasiya xətlərinin açılmasına razılıq versə də, praktiki addımlar uzun müddət gecikmişdi. Lakin 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən görüş nəticəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin edən sənəd imzalandı. Bu razılaşma yalnız logistika baxımından deyil, həm də Azərbaycanın regional liderlik mövqeyinin möhkəmlənməsi baxımından mühüm addım oldu.Layihənin önəmini artıran digər məqam onun ekoloji dayanıqlığa əsaslanmasıdır. İqlim dəyişiklikləri və karbon neytrallığı ilə bağlı beynəlxalq öhdəliklər çərçivəsində dəhlizdə ekoloji təmiz nəqliyyat vasitələrinin istifadəsi, bərpa olunan enerjinin inteqrasiyası və rəqəmsallaşma əsas prioritetlər kimi müəyyənləşdirilib. Bu, regionda həm tranzit proseslərinin sürət və şəffaflığını artıracaq, həm də “yaşıl iqtisadiyyat” prinsiplərinin tətbiqinə töhfə verəcək.” -deyə Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, Zəngəzur dəhlizi Azərbaycan üçün təkcə iqtisadi marşrut deyil, həm də sülh, sabitlik və qarşılıqlı etimad modeli kimi çıxış edir.
“Prezident İlham Əliyevin uzaqgörən siyasi iradəsi nəticəsində bu layihə regional əməkdaşlığı gücləndirən, investisiya sinerjisi yaradan və beynəlxalq əməkdaşlıq platformasına çevrilən strateji təşəbbüs statusu qazanmışdır.Başqa sözlə, Zəngəzur dəhlizi sadəcə yol deyil, yeni iqtisadi dəyərlərin, regional inteqrasiyanın və uzunmüddətli sabitliyin özülüdür.”- deyə Arzuman Muradlı bildirib.