Bazar ertəsi yerli vaxtla saat 00:01-də Xəzər dənizində zəlzələ baş verib. Gecə saatlarında baş verən zəlzələ sakinlər arasında böyük təlaşa səbəb olub. Bakının bəzi yerlərində əhali evini tərk edərək, açıq yerlərə üz tutub. Daha çox narahatlığı çoxmərtəbəli binalarında yaşayanlar keçirib. Artıq sosial şəbəkələrdə zəlzələ vaxtı həyət evlərinin daha təhlükəsiz olması ilə bağlı müzakirələr gedir. Bəzi istifadəçilər həyət evinə köçmək niyyətində olduğunu bildirir. Zəlzələ xofu həyət evlərinə marağı artırıb. Bu amil torpaq sahələrinin, həyət evlərinin qiymətini artıra bilərmi?
Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Publika.az-a açıqlamasında bildirib ki, hər il ənənəvi olaraq may ayından sentyabr ayına qədər fərdi həyət evlərinə və torpaq sahələrinə olan təlabat artır:
“Yay aylarında təlabatın çox olması həyət evlərinin qiymətlərinə də təsir edir. Belə ki, 3 aylıq bahalaşmadan sonra payızda qiymətlərdə enmələr olur. Laki hansısa qeyri-adi hadisələr baş verərsə, o zaman qiymətlər daha da artır. Bura kəskin istilər, zəlzələ, təbii fəlakətlər aiddir. Bu hallarda da həyət evlərinə olan diqqət artır. Lakin statistikaya baxdıqda, görürük ki, artıq ölkəmizdə əmlakların çox hissəsi kredit şərtləri ilə satılır”.
Mütəxəssis vurğulayıb ki, ötən il Azərbaycanda danışmaz əmlakların 60 faizdən çoxu ipoteka və ya digər kreditli şərtlərlə satılıb:
“Kreditli şəklində satılan əmlaklara mütləq şəkildə çıxarış tələb olunur. Lakin Bakı və Abşeronda 500 mindən çox çıxarışı olmayan həyət evi var. Ona görə də bu əmlaklar nağd üsulla satılır. Unutmamalıyıq ki, nağd satışlara maraq az olduğuna görə, ciddi qiymət artımı olmayacaq. Əgər gələcəkdə həyət evlərinə çıxarışlar verilərsə, o zaman ciddi sürətdə təlabat və qiymət artımı müşahidə edəcəyik”.




















