media-whatsapp-image-2025-12-17-at-21-04-54-1

“Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülh, həmrəylik və dinc yanaşı yaşama prinsiplərini təşviq edən şəxslərə və qurumlara verilən nüfuzlu beynəlxalq mükafatdır. İndiyədək bu mükafata layiq görülənlər arasında dünya miqyaslı siyasi xadimlər var.

Azərbaycan liderinə bu mükafat Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan – “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına görə verilib. Nüfuzlu beynəlxalq mükafat cənab Prezidentin həyata keçirdiyi siyasətə, gördüyü işlərə və atdığı addımlara növbəti bir töhfədir.

Eyni zamanda, bu, dünyada ölkəmizin nüfuzunun artdığını göstərir. Bu gün Azərbaycan sülhə töhfə verən bir dövlət kimi tanınır. İlham Əliyevin həyata keçirdiyi siyasət bütün dünya dövlətləri tərəfindən qəbul edilərək, ən yüksək səviyyədə qiymətləndirilir.

Dövlətimizin başçısının layiq görüldüyü Şeyx Zayed Fondunun mükafatı böyük iradənin, ədalətli sülhün və Azərbaycanın seçdiyi əməkdaşlıq yolunun rəmzidir. Prezident İlham Əliyevin diplomatik məharəti sayəsində Cənubi Qafqaz artıq münaqişə zonası deyil, qlobal sabitlik, logistika və enerji mərkəzinə çevrilməkdədir.

Eyni zamanda bu nüfuzlu mükafat Azərbaycanın humanist addımlarına və sülh quruculuğuna verilən yüksək qiymətin təzahürüdür. Ölkəmiz artıq yalnız enerji resursları ilə deyil, həm də regionda təhlükəsizliyin əsas dayağı kimi qlobal miqyasda nüfuz qazanıb.

Ölkəmiz öncə işğala son qoyulmasının hüquqi-siyasi əsaslarını formalaşdırdı, sonra hərbi gücün legitim tətbiqinə nail oldu, daha sonra isə qalib mövqedən sülh təklifi ilə çıxış etdi. Azərbaycanın münaqişənin həllində ortaya qoyduğu bu model artıq beynəlxalq praktikada nümunəvi təcrübə kimi qəbul edilir.

Şeyx Zayed Fondu tərəfindən Prezident İlham Əliyevin təltif edilməsi təkcə fərdi liderliyin qiymətləndirilməsi deyil, eyni zamanda Azərbaycanın postmünaqişə mərhələsində formalaşdırdığı sülh konsepsiyasının beynəlxalq səviyyədə qəbul və təqdir edildiyinin göstəricisidir. Qazanılan hər bir uğur Azərbaycanın suveren gücünün və sülhsevər siyasətinin sarsılmazlığını bir daha təsdiq edir.