“AzerGold” QSC-nin strateji planlarına gələcəkdə fəaliyyətin ölkə hüdudlarından kənarda da genişləndirilməsi daxildir və bu baxımdan mineral resurslarla zəngin olan Afrika qitəsi də maraq dairəsindədir.
“AzerGold”un sədri iki ölkə arasında mövcud əməkdaşlığın güclənməsi istiqamətində diplomatik fəaliyyətində səfirə uğurlar arzulayıb. Ölkəmizdə xidmətə başlamasından məmnun olduğunu bildirən diplomat fəaliyyəti dövründə Azərbaycanla Qana arasında dostluq münasibətlərinin və əməkdaşlıq əlaqələrinin istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində möhkəmlənməsi, iqtisadi münasibətlərinin inkişafı, xüsusilə dağ-mədən sahəsində əməkdaşlığın qurulmasında səylərini əsirgəməyəcəyini qeyd edib. Görüşdə Z.İbrahimov “AzerGold” QSC-nin fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər, Cəmiyyətin strateji planları və dağ-mədən sektorunda iqtisadi səmərəliliyin artırılması istiqamətində görülən işlər haqqında bəhs edib.
Səfir Oheneba Lesli Akua Akyaa Opoku-Vare dağ-mədən sənayesinin Qana iqtisadiyyatının lokomotivi olduğunu, ölkəsinin zəngin qızıl, almaz, dəmir filizi, manqan, xromit, neft-qaz, eləcə də hidroenerji resurslarına malik olduğunu bildirib. Səfir ölkəsinin əsas ixrac məhsullarından olan qızıl resurslarının istismarı istiqamətində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
Z.İbrahimov Qananın dağ-mədən sektoru ilə bağlı müəyyən məlumatların araşdırıldığını qeyd edərək, potensial əməkdaşlıq prespektivləri, təcrübə mübadiləsi, mədənlərə qarşılıqlı səfərlər, investisiya qoyuluşlarının cəlb edilməsi məsələləri haqqında ətraflı bəhs edib. Qızıl mədənləri üzrə dövlət büdcəsindən asılılığını tam olaraq aradan qaldıran dövlət şirkətinin yeni və faydalı təşəbbüslərə, o cümlədən təcrübə mübadiləsinə açıq olduğu diqqətə çatdırılıb. Bu xüsusda dağ-mədən sənayesi üzrə müvafiq qurumlar, dövlət və özəl şirkətlərlə əməkdaşlıq perspektivlərinin tərəflər arasında dəyərləndirilməsinin mümkünlüyü qeyd edilib.
Daha sonra leqal mədənçiliyinin təşviqi, ətraf mühitin mühafizəsi, sağlamlıq və əməyin təhlükəsizliyi, eləcə də digər qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.