Yeni Klinikanın Ürək-damar mərkəzinin cərrahları tərəfindən icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində ürəkdə eyni anda dörd ayrı əməliyyat proseduru həyata keçirilib.
Mitral qapaq çatışmazlığı və koronar arteriya xəstəliyi aşkarlandığı pasiyent ürək-damar cərrahı Mətin Hadizadə tərəfindən qəbul edilərək ətraflı müayinələrdən keçirilib. Tənginəfəslik, boğulma, sinədə yanma, göynəmə şikayətləri ilə kardioloq müayinəsindən keçən xəstənin ürəyində daha iki qüsur aşkarlanıb.
Belə ki, ürəyin perinatal inkişaf anomaliyası nəticəsində qulaqcıqlar arası çəpərdə geniş defekt və yalançı əlavə çəpər əmələ gələrək “cor triatriatum” adlanan 3 qulaqcıqlı ürək anomaliyaları aşkarlanıb.
Ürək damar cərrahları Mətin Hadizadə və Əlizamin Yusifli tərəfindən atım fraksiyası (EF)~35, CPAP 45 olan xəstəyə kompleks əməliyyat icra olunaraq mitral qapaq protezlə əvəz edilməklə 3 aorta koronar şuntlama (Bypass) əməliyyatı həyata keçirilib. Həmçinin qulaqcıqlar arasındakı yalançı çəpər rezeksiya edilərək normal 2 qulaqcıqlı anatomiya bərpa edilməklə əsas arakəsmə üzərindəki defekt qapadılıb.
Uğurlu keçən əməliyyatdan sonra klinik durumu stabil olan xəstənin son müayinələri aparılaraq 6 günlük stasionar müalicədən sonra ambulator təyinatla evə yazılıb.