Yeni Klinikanın direktoru, şöbə müdirləri və tibbi heyəti tibb müəssisəsinin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə işğaldan azad edilmiş ərazilərə – Şuşa və Xankəndi şəhərlərinə səfər ediblər.
Səfər çərçivəsində Yeni Klinika kollektivi qədim və zəngin tarixə malik Şuşa şəhərində bir sıra mühüm tarixi və mədəni məkanları ziyarət ediblər. Heyət Cıdır düzü, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Qala divarları, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi və digər abidələrlə tanış olaraq, xalqımızın tarixi irsi və Qarabağın mədəni əhəmiyyəti ilə bağlı ətraflı məlumat alıblar.
Daha sonra səfər iştirakçıları Xankəndi şəhərinə baş çəkiblər. Burada Qarabağ Universiteti və onun nəzdində fəaliyyət göstərən Qarabağ Universitetinin Klinikası ziyarət olunub. Tibb işçiləri burada yaradılmış infrastruktur, tədris və müalicə imkanları ilə tanış olublar.
Səfər iştirakçıları bu müqəddəs torpaqlarda olmaqdan böyük qürur hissi keçirdiklərini bildirərək, belə səfələrin həm mənəvi bağların möhkəmləndirilməsi, həm də vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından önəmini vurğulayıblar.
Klinika heyətinin asudə vaxtınının səmərəli keçirilməsi məqsədilə təşkil olunan səfərdə verilən dəstəyə görə Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə və Yeni Klinikanın Həmkarlar İttifaqına təşəkkür edirik.