Yeni Klinika tibb müəssisəsi, Dr. Adil Zorlunun rəhbərlik etdiyi “PediArt”ın rəsmi tərəfdaşlığı və “Inclusıve Organızatıon Team”in təşkilatçılığı ilə Yeni Klinikada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Autizmdə Funksional Tibb” seminarı təşkil olunub.
Azərbaycan Respublikası və qardaş ölkə Türkiyə Cümhuriyyətinin Dövlət himni ilə açıq elan edilən tədbirdə Yeni Klinikanın direktor müavini, Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri Uzm.Dr. Gülnar Nuriyeva, Uşaq sağlamlığı və xəstəlikləri şöbəsinin müdiri Uzm.Dr. Nigar Bayramova, Türkiyədən dəvət olunmuş uşaq və yeniyetmə psixiatrı Uzm.Dr. Adil Zorlu, uşaq inkişaf eksperti Can Erdoğan və digər nümayəndələr iştirak edib.
3 hissədən ibarət olan seminarın əsas məqsədi mühazirəçilərə fərqli baxış və fərqli parodiqma təqdim etmək, yeni tibbi biliklərlə autizmə çarənin var olduğunu iştirakçılara nümayiş etməkdən ibarətdir.
Seminar zamanı autizmdə qidalanmanın əhəmiyyəti, funksional tibbi baxış ilə autizmin yaranma səbəbləri, metobolik təhlillərlə izlənməsi, müalicəsi və auztimdə doğru təhsilin əhəmiyyəti barədə məlumat verilib.
Sonda Türkiyədən dəvət olunmuş mühazirəçi mütəxəssislərə xüsusi hazırlanmış təşəkkür plaketi, seminar iştirakçılarına isə beynəlxalq sertifikatlar təqdim olunub.