image-rt-reklam
image-fd9fe84d5303192b473230d04529644f22_24_47_backend

Yeni dövr şanlı qələbələrlə başlayıb, möhtəşəm uğurlarla davam edir

image-728x90

Müsahibimiz 56 saylı Şabran-Xaçmaz seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Mahir Süleymanlıdır.

– Mahir müəllim, sentyabrın 1-də ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkilərinin təşviqat mərhələsi uğurla davam edir. Günümüzün reallıqları Azərbaycanın demokratik inkişafı barədə hansı qənaəti ifadə etməyə əsas verir?

– 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan bütün istiqamətlərdə, o cümlədən demokratik inkişaf sahəsində qazandığı uğurlarla diqqətdə oldu. Ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətinin qorunması hərtərəfli inkişafı şərtləndirdi. İnkaredilməz həqiqətdir ki, iqtisadi əlaqələrin qurulmasında maraqlı olan hər bir ölkə qarşı tərəfdə demokratik inkişafa da diqqət yetirir. Sabitliyin və qanunun aliliyinin təmin edilməsi bütün dövrlərdə əsas çağırışlar sırasındadır.

Azərbaycan Ulu Öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində yaradılan möhkəm təməl üzərində inkişaf edərək həm investisiya cəlbediciliyini qoruyur, həm də investisiya yatıran ölkə kimi tanınır və nüfuz qazanır. Bu reallıq inkaredilməzdir: dünyada elə ölkələr var ki, iqtisadi inkişafı ilə diqqətdədir, demokratik inkişafı isə aşağı səviyyədədir. Elə ölkələr də var ki, demokratik inkişafı yüksəkdir, lakin o məmləkətlərdə iqtisadi tərəqqidən danışmaq mümkün deyil. Lakin Azərbaycan iqtisadi və siyasi islahatları birgə həyata keçirməklə qazandığı uğurlarla diqqətdədir. İnkişafın Azərbaycan modelində bu mühüm amil xüsusi yer tutur.

Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasında ölkəmizin ictimai-siyasi həyatında mövcud olan sabitlik əsas rol oynadı. Hər bir ölkə, beynəlxalq şirkət yatıracağı investisiyaların təhlükəsizliyinə tam əmin olmaq istəyir. Bu mühüm addımın atılmasından öncə 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəs əldə edildi. Ulu Öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində belə bir addımın atılması ölkəmizə bütün sahələrdə uğurlu inkişaf üçün geniş imkanlar yaratdı.

İnsan hüquqlarının qorunması, azad mətbuatın inkişafı, çoxpartiyalı sistemin yaradılması, demokratik inkişaf yönündə atılan addımlar davamlı xarakter aldı. 12 noyabr 1995-ci il tarixində milli Konstitusiyamızın qəbulundan sonra ölkəmizdə keçirilən seçki proseslərinə diqqət yetirdikdə ildən-ilə təkmilləşmənin şahidi oluruq. Azərbaycan demokratik inkişafı sahəsində hər bir yeniliyə, təkmilləşməyə açıq olduğunu həyata keçirdiyi siyasətlə təsdiqləyir.

Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu sahədə əldə olunan irəliləyişlərdə də öz ifadəsini tapır. Dövlətimizin başçısı demokratikləşmə prosesini hərtərəfli inkişafın əsası kimi dəyərləndirir. Ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətinin qorunması istiqamətində atılan addımlar göz qabağındadır.

Günümüzün reallığı budur ki, Azərbaycanın demokratiya təcrübəsi mütərəqqi nümunədir. Seçkilərin demokratikliyini, beynəlxalq standartlara uyğun keçirilməsini təmin etmək üçün seçki qanunvericiliyinə dövrün tələblərinə uyğun olaraq əlavə və dəyişikliklər edilir. Həmçinin seçki kampaniyalarında yeni təcrübələrin tətbiqinə önəm verilir. 1 sentyabr – növbədənkənar parlament seçkilərində 25 siyasi partiyanın iştirakı da ölkəmizdə demokratik inkişaf barədə aydın təsəvvür yaradır. Hər bir siyasi qüvvə öz potensial imkanlarından, cəmiyyətdə nüfuzundan maksimum istifadə edərək uğur qazana bilər. Bu seçkilər Azərbaycanın demokratik inkişafına töhfələr verəcək.

– İqtisadi tərəqqidən bəhs edərkən regionların sosial-iqtisadi inkişafının prioritetliyi xüsusi qeyd edilir. Bu istiqamətdə atılan addımlar hansı uğurlara yol açır?

– Ümummilli Lider Heydər Əliyevin “iqtisadiyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisinin həyatiliyi Azərbaycanın timsalında özünün aydın ifadəsini tapır. Ulu Öndər ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəni təmin etmək üçün yeni neft strategiyasını işləyib hazırladı. 1994-cü ildə Ümummilli Liderin səyləri sayəsində “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi imkanlarının artmasında, beynəlxalq mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynadı.

Ümummilli Lider, eyni zamanda, bu çağırışı da etmişdi ki, neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Ulu Öndər Heydər Əliyevin Fərmanı əsasında 1999-cu ildə yaradılan Dövlət Neft Fondu neft gəlirlərinin idarə olunmasında şəffaflıq kriteriyalarını yüksək səviyyədə qoruyur. Fondun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, bu da öz növbəsində ölkənin hərtərəfli inkişafına təkan verir. Neft gəlirlərinin səmərəli idarə olunması və onların iqtisadiyyatın vacib sahələrinə, xüsusilə də qeyri-neft sektoruna yönəldilməsi, yeni müəssisələrin açılması nəticəsində əhalinin rifahı daha da yaxşılaşır.

Bu gün qeyri-neft sektorunun inkişafı da neft siyasətinin məntiqi davamıdır. Dövlətimizin başçısı İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsi siyasətini uğurla həyata keçirir. Bu baxımdan, regionların sosial-iqtisadi inkişafı daim dövlətin diqqət mərkəzindədir. Bütün bölgələrimiz arasında sağlam rəqabət gedir. Regionların sosial-iqtisadi inkişafına dair dörd Dövlət Proqramı uğurla icra edilib. Bunun nəticəsində rayonların siması dəyişib, müasir tələblərə cavab verən infrastruktur layihələri icra edilib.

Bu gün qürurla işğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən bəhs edirik. Bu ərazilərdə müasir idarəçilik sistemi yaradılıb. Şəhər və kəndlərimiz “ağıllı şəhər” və “ağıllı kənd” layihələri əsasında yenidən qurulur. Son dörd ilə yaxın dövrdə əsas hədəfin tarixi sahibinə qovuşan torpaqlarımızın dirçəldilməsi olmasına baxmayaraq, cənab İlham Əliyev eyni zamanda, bütün regionların inkişafına xüsusi diqqət göstərir. Dövlətimizin başçısının rayonlara səfərləri mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Regionlarımız, sözün əsl mənasında, sürətli inkişaf dövrünü yaşayır.

Yeni Azərbaycan Partiyasının “Yeni dövrə Yeni Azərbaycanla!” çağırışını özündə əks etdirən seçki platformasında da ölkəmizin iqtisadi uğurları, o cümlədən regionların davamlı inkişafı geniş əks olunub və bu sahədə hədəflər açıqlanıb. Reallıq budur ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyevin çevik və işlək mexanizmlər üzərində gerçəkləşdirdiyi sosial-iqtisadi siyasətin nəticəsi olaraq Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Azərbaycan xalqı xoşbəxtdir ki, ölkənin yeraltı və yerüstü sərvətləri onun xoş güzəranına xidmət edir. Vətəndaş məmnunluğunun artırılması dövlət siyasətinin əsasında dayanır.

Yeni Azərbaycan Partiyasının seçki platformasında iqtisadi inkişaf sahəsində önə çəkilən hədəflər sırasında iqtisadiyyatın şaxələndirilməsi, daha sağlam rəqabətə əsaslanan sahibkarlıq mühitinin inkişaf etdirilməsi, müasir infrastruktur quruculuğunun sürətləndirilməsi, rəqabətqabiliyyətli yerli istehsalın artırılması, kənd təsərrüfatının ənənəvi sahələrinin inkişaf etdirilməsi, ərzaq və qida təhlükəsizliyinin təmin olunması, regionların sosial-iqtisadi inkişafı və insan kapitalının inkişafı üzrə tədbirlərin davam etdirilməsi və digərləri yer alıb. Tarixi Zəfərimizin reallıqları əsasında “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in uğurlu icrası bu hədəflərə yüksək səviyyədə nail olmağa stimul verəcək.

– Mahir müəllim, Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi olaraq keçirdiyiniz görüşlər zamanı seçicilərdə hansı əhval-ruhiyyəni görürsünüz və onlara çağırışınız nədən ibarətdir?

– Xalqımız ölkəmizin inkişafından, tarixi Zəfərimizdən – ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpa edilməsindən sonsuz qürur hissi keçirir və insanlar bununla bağlı sevinclərini bölüşürlər. Bu il seçkilər artıq bütün ölkə ərazisində keçirilir. Bundan böyük xoşbəxtlik nə ola bilər?! Torpaqlarımız azaddır, keçmiş məcburi köçkünlər doğma yurd-yuvalarına qayıtdıqları üçün sevinclidirlər.

Hər kəs yeni dövrə qədəm qoyan Azərbaycanın uğurlu gələcəyinə öz töhfəsini verməyə çalışır. Bu töhfələrdən biri, təbii ki, seçicilərimizin 1 sentyabr – növbədənkənar parlament seçkilərində fəal iştirakı, Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstəkləri olacaq. Səs verək, yeni dövrün yeni Azərbaycanının müasir dövlətçilik tarixinin növbəti möhtəşəm zəfərlərlə zənginləşməsinə birlikdə nail olaq. Bütün seçiciləri səsvermə hüquqlarından istifadə etməyə və layiqli namizədlərə dəstək olmağa çağırıram!

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90