“Dekabrın 24-ü cənab Prezident, Müzəffər Ali Baş Komandan, partiyamızın lideri İlham Əliyevin ad günüdür. Bu gün bu münasibətlə partiyadaşlar və siyasi silahdaşlar olaraq Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatında bir araya gəldik.” –Ulusal.az xəbər verir ki, bunu saytımıza açıqlamasında millət vəkili Elnur Allahverdiyev bildirib.
Millət vəkili bildirib ki, tədbirdə partiyanın veteranları, ərazidə yerləşən ali məktəb rektorları, millət vəkilləri, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov iştirak edib.
Millət vəkili qeyd edib ki, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyevlə Yeni Azərbaycan Partiyasının sıralarına yeni qoşulan üzvləri təbrik edib, vəsiqələrini təqdim etdik.
“Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın dünyadakı nüfuzu çox yüksəlib. İndi ölkəmizin təsir imkanları tək regionumuzla məhdudlaşmır. Son 2 ilin hadisələrinin xronologiyası bunun əyani sübutudur. Fikrimcə, 2022-ci il Azərbaycanın xarici siyasəti və bu konteksdə enerji resurslarından tək iqtisadi deyil, həm də bir geosiyasi alət kimi mükəmməl istifadəsinin ən parlaq dövrüdür. Bu siyasətin müəllifi təbii ki, Prezident İlham Əliyevdir. Xalqımızın dünyada böyük nüfuzu olan dövləti və ölkə, regional miqyası aşan dünya səviyyəli lideri var!”- deyə millət vəkili əlavə edib.























