image-rt-reklam
image-l_heightbackend

“Yapı Kredi Bank Azərbaycan” müştərilərinin əmlaklarını niyə satıb? – Faktlar

image-728x90

“Yapı Kredi Bank Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətindən məhkəməyə şkayət olunub.

Ulusal.az xəbər verir ki, Teleqraf.com şikayətin detallarını araşdırıb.

Əldə olunan məlumata görə, paytaxt sakinləri – Adil Xəlil oğlu Nəsirov, Mehriban Əli qızı Nəsirova və Əfqan Atdıxan oğlu Qasımov “Yapı Kredi Bank Azərbaycan”dan şikayətçi olublar.
Şikayətçilər bir müddət əvvəl daşınmaz əmlaklarını sözügedən banka girov qoymaq yolu ilə kredit götürüblər. Amma sonradan kreditin ödənilməsi gecikdiyi üçün bank müştərilərin xəbəri olmadan həmin əmlakları hərraca çıxarıb və girovda olan əmlaklar hərrac yolu ilə satılıb. Əldə olunmuş vəsait bankın hesabına köçürülüb.

Sonradan iddiaçılar banka olan borclarının böyük hissəni ödəyiblər və əmlaklarını geri tələb ediblər. Bank isə əmlaklar satıldığı üçün onların qaytarılmasını qeyri-mümkün hesab edib.
Şikayətçilər iddia ediblər ki, bank onların xəbəri olmadan qanunsuz olaraq əmlakları satıb. Uzun müddət bankla iddiaçılar arasında mübahisə gedib. Lakin ortalıqda əmlak olmadığı üçün tədbir görmək mümkün olmayıb.
Şikayətçilər mənzillərin geri qaytarılması üçün Nəsimi Rayon Məhkəməsinə müraciət ediblər. Məhkəmədə məlum olub ki, əmlaklar üçüncü şəxsə satıldığı üçün tədbir görülməsi mümkünsüzdür. Beləliklə, iddiaçıların şikayəti baxılmamış saxlanılıb…

Maraqlıdır, bəs görəsən, belə hallarla qarşılaşanlar nə edə bilər?

Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov bildirib ki, qanuna görə belə hallarda bank vətəndaşa bildiriş göndərməlidir:

“Vətəndaşın xəbəri olmadan satışın həyata keçirilməsi yeni qanunvericiliklə mümkün olan hal deyil. Əgər bu baş veribsə, bu, artıq ciddi qanun pozuntusudur. Müvafiq olaraq qanun pozuntusu halında vətəndaş məhkəməyə müraciət edib öz hüquqlarını tələb etməlidir. Bu kimi hallarda, qanun pozuntusunu həyata keçirən tərəf bankdır. Bank dəymiş zərərin ödənilməsi ilə bağlı cəzalandırılmalıdır. Düşünürəm ki, proses bu istiqamətdə getməlidir. Bunun iqtisadi, hüquqi əsasları da bu yöndədir”.

Hüquqşünas Sahib Məmmədov da deyib ki, vətəndaşın xəbəri olmadan girov qoyulan əmlak satışa çıxarıla bilməz:
“Böyük ehtimalla vətəndaşa dəfələrlə xəbərdarlıq edildikdən sonra əmlak satışa çıxarılıb. Əgər vətəndaş iddia edirsə ki, onun bu prosesdən xəbəri olmayıb, bu zaman o, məhkəməyə müraciət etməlidir. Lakin bunda da qazanma şansı azdır. Çünki banklar formal olaraq öz işlərini görür, xəbərdarlıqlarını edirlər. Şəxs hesab edirsə ki, müvafiq prosedurlar pozulub, xəbərdarlıq olunmadan onun girov qoyduğu əmlak satışa çıxarılıb, satılıb və satılandan sonra qalan pul ona qaytarılmayıb, bu halda məhkəmə çəkişməsi başlaya bilər. Ziyan çəkmiş vətəndaşın vəkillə məsləhətləşdikdən sonra məhkəməyə müraciət etməsi daha doğru olar”.

Qeyd edək ki, “Yapı Kredi Bank Azərbaycan” Mərkəzi Bankının (AMB) müştərilərin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksində adı çəkilən üç bankdan biridir.

Xatırladaq ki, “Yapı Kredi Bank Azərbaycan” QSC 11 yanvar 2000-ci il tarixində Koçbank Azərbaycan LTD adı ilə Azərbaycan Respublikası Milli Bankından 243 saylı bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya almışdır. 2005-ci ilin sentyabr ayında Türkiyədəki “Yapı Kredi Bankası” A.Ş.-də, həmçinin Koç Maliyyə Xidmətləri ailəsinə daxil olmuşdur. Koçbank Azərbaycan LTD 2007-ci ilin əvvəlindən etibarən fəaliyyətini “Yapı Kredi Bank Azərbaycan” QSC adı ilə davam etdirir. “Yapı Kredi Bank” Azərbaycan QSC Yapı və Kredi Bankası A.Ş (Türkiyə) banklarının törəmə bankıdır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90