Nümayəndə heyətinin üzvləri Ayasofya məscidi ilə tanışlıqdan sonra vətəndaşlara söhbət ediblər. Bildirilib ki, Türkiyə-Azərbaycan birliyi dünyada və regionda böyük əhəmiyyətə malikdir. Vətəndaşlar da “Bir millət, iki dövlət” tezisini bir daha xatırladıblar.
Sonra nümayəndə heyəti Fatih Bələdiyyəsinin nəzdindəki kitabxanada olub. YAP nümayəndə heyətinin üzvlərinə kitabxananın fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, buradakı kitab fondu həm tələbələr, həm də vətəndaşlar üçün əlçatandır.
Nümayəndə heyətinin üzvləri daha sonra Bağcılar Bələdiyyəsinin təşkil etdiyi xalq iftar mərasimində iştirak ediblər.
Dostluq və qardaşlıq mesajlarının verildiyi iftar mərasimində dünyaya nümunə olan Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığı bir daha vurğulanıb. Bildirilib ki, Azərbaycan və Türkiyə tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olublar. Türkiyə son 20 ildə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli inkişaf yolu keçib və dünyada söz sahibinə çevrilib.
YAP nümayəndə heyəti İstanbulun Zeytinburnu ərazisindəki İmam Cəfəri Sadiq məscidində yerli sakinlərlə görüşüb. Görüşdə Azərbaycanın və Türkiyənin vahid yumruq kimi bütün milli hədəfləri reallaşdırmaq əzmində və iqtidarında olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan və Türkiyə arasında münasibətlər ölkələrimizin rəhbərləri tərəfindən daha yüksək səviyyəyə çatdırılmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
Bununla da YAP nümayəndə heyətinin Türkiyəyə səfəri başa çatıb.






















