image-2000x150
image-1backend

YAP-dan növbədənkənar parlament seçkiləri xəbərinə REAKSİYA

image-728x90

Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərindən sonra növbədənkənar parlament seçkilərinin də keçirilməsi ilə bağlı məsələ gündəmə gəlib.

Qanunvericiliyə görə, parlamentin səlahiyyət müddəti 5 ildir, ancaq 98-1-ci maddədə qeyd olunur ki, növbədənkənar seçkilərdə seçilən Milli Məclisin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. 2020-ci ildə baş tutan seçkilər növbədənkənar formada keçirilib. Azərbaycan Konstitusiyasının 98-1-ci maddəsində deyilir ki, Milli Məclisə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən parlament çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.

Altıncı çağırış parlamentin səlahiyyət müddəti parlamentin həmin ilin mart ayının 10-da baş tutan ilk iclasında başlayıb. Beləliklə, bu çağırışın səlahiyyət müddətinin beşinci ili 2024-cü ilin mart ayında başlayacaq. Belə olan halda parlamentə növbəti seçkilər 2024-cü ilin noyabr ayında keçirilməlidir.

Parlament seçkilərinin dəqiq nə vaxt keçirləcəyi məsələsi gəlincə, bunun üçün təqvimə baxmaq lazımdır. 2020-ci ildə seçilən parlamentin səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü 2024-cü ilin noyabr ayının 3-nə düşür. Növbədənkənar seçkilər keçirilməyəcəyi təqdirdə, Azərbaycanda növbəti parlament seçkilərinin məhz bu tarixdə keçiriləcəyini deyə bilərik.

Amma hələlik bu barədə rəsmi açıqlama verilməyib. Bəzi siyasi partiyalar növbədənkənar parlament seçkiləri ilə bağlı hazırlıqlar görürlər.

Qeyd edək ki, bu ilin payız aylarında Azərbaycan mötəbər beynəlxalq tədbirə ev sahibliyi edəcək. Belə ki, dünyanın bir çox ölkəsinin lideri, nazirləri, digər dövlət rəsmiləri COP29-da iştirak etmək üçün Bakıya gələcək. Bəzi ekspertlər bu tədbirə görə seçkilərin daha tez keçirilə biləcəyini deyir.

Bəs hakim partiya erkən parlament seçkiləri ilə bağlı nə düşünür?

Məsələ ilə bağlı  danışan Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü, deputat Azər Badamov bildirib ki, Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər:

“ Azərbaycan Respublikasının Konstitusiyasının 98.1-ci maddəsinin 2-ci bəndində qeyd olunur ki, növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.

Hal hazırda fəaliyətdə olan parlament növbədənkənar seçkilərlə seçildiyinə görə növbəti parlament seçkiləri konstitusiyaya görə bu ilin noyabrın 3-də keçirilməlidir”.

Deputat vurğulayıb ki, bu gün yenidən parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı məsələ gündəmdə deyil:

“Seçki ilə bağlı qərarın verilməsi dövlət başçısının səlahiyyətindədir. Ona görə də rəsmi bir məlumat olmadığı halda növbədənkənar parlament seçkilərin keçiriləcəyi ilə bağlı səslənən fikirlər əsassızdır”.

Yeni Azərbaycan Partiyasının təftiş komissiyasının üzvü, deputat Elman Nəsirov hakim partiyanın növbədənkənar parlament seçkiləri ilə əlaqədar müzakirə və dinləmələr aparmadığını söyləyib:

“Mən Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvüyəm. Nə İdarə Heyətində, nə də Təftiş Komissiyasında erkən parlament seçkiləri ilə bağlı məsələ müzakirə olunub. Biz də bu və ya digər sosial şəbəkələrdə, ayrı-ayrı saytlarda erkən parlament seçkiləri və referendumla bağlı fikirlərin getdiyini görürük. Lakin bütün bunlar cənab Prezidentin səlahiyyətində olan məsələlərdir. Belə bir şey olacağı təqdirdə məlumatımız olacaq. 6-cı çağırış parlament seçkiləri növbədənkənardır. Növbədənkənar parlament seçkiləri ya bu ilin noyabrına qədər, ya da 2025-ci ilin fevralında, yəni 6-cı çağırış parlamentin səlahiyyət müddəti olan 5 ilin tamam olmasından sonra seçkilər keçirilə bilər. Buna baxmayaraq,seçkilərin erkən keçiriləcəyi ilə bağlı heç bir məlumata malik deyilik”.

E. Nəsirov müddətdən asılı olmayaraq YAP-ın hər zaman seçkilərə hazır olduğunu bildirib:

“Ümumiyyətlə, özünə hörmət edən, güclü sosial bazaya malik partiya seçkidən seçkiyə prosesə hazırlaşmır. Belə partiyalar hər seçkidən sonra dərhal digərinə hazır olurlar. 7 fevral növbədənkənar prezident seçkilərindən sonra partiyaların əsas arqumenti seçkilərin gözlənilməz olması ilə bağlı idi. Bununla,əslində, onlar öz zəifliklərini etiraf etmiş oldular. Çünki özünə hörmət edən, normal partiya hər an seçkiyə hazırdır. Bir seçki keçirildikdən dərhal sonra müddətindən asılı olmayaraq digərinə hazır olur. O baxımdan Heydər Əliyevin təbirincə desək, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyası kimi hər zaman seçkilərə hazır vəziyyətdədir”.Modern.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90