Ulusal.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Deputat bildirib ki, sözügedən ərazi “Lökbatan” adlanır:
“Elə adından məlumdur. Tarixən oradan karvanlar keçib, həmin yerdə batıb qalıblar. Lökbatanın adı da buradan qaynaqlanır. Televiziyada da “Qobu Park-2” yaşayış kompleksinin problemi barədə reportajı izlədim. Kadrlarda gördüm ki, yay aylarında orada ifunətdən dayanmaq olmur, anti-sanitariya hökm sürür. Bəs orada böyüyən uşaqlar necə olacaqlar? Evi tikənlər, görəsən, uşaqların taleyi barədə fikirləşmirlər? Onlar çox vaxt ancaq ciblərini fikirləşirlər ki, “cibimə pul gəlsin, tez tikim, uzaq ərazidir, ucuz qiymətə alınacaq”. Ancaq vətəndaş özü məcburdur ki, həmin yerdən ev alsın, tikinti şirkətinə inanır. Vətəndaşın inamından sui-istifadə etmək olmaz. Tikinti şirkətlərimizin əksəriyyəti bundan istifadə edir. Çoxsaylı şikayətlər var. Ciddi dönüş yaradılmalıdır. Fövqəladə Hallar Nazirliyi, müvafiq orqanlar tez zamanda əməli işə keçməlidirlər. Yoxlanmalıdır. Çöküntü varsa, tezliklə qarşısı alınmalıdır. “Kristal Abşeron” məsuliyyət daşıyır. Vətəndaşlar başqa yerə köçülürməlidirlər, onların haqları ödənməlidir. Ya da kompensasiya verilməlidir. “Kristal Abşeron” sakinlər üçün başqa yerdə ev tikməlidir. İnsanların tələbatı ödənilməli, şikayətlər nəzərə alınmalıdır”.