image-2000x150
image-img-20230518-wa0015backend

Xorvatiya Azərbaycanın sülh təşəbbüslərini təqdir edir

image-728x90

Azərbaycan-Xorvatiya əlaqələrində dinamika müşahidə olunur. Təsadüfi deyil ki, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş, 12 parlament sədri, 15 sədr müavini, 57 parlament üzvü, 4 beynəlxalq parlament təşkilatı, eləcə də xarici dövlətlərin diplomatik korpusunun təmsilçilərinin qatıldığı xüsusi iclasda Xorvatiya nümayəndə heyəti də iştirak edirdi. Bu ölkənin parlament sədrinin müavini Davorko Vidoviç xüsusi iclasda çıxış edərək Ümummilli Lider Heydər Əliyevin yüksək liderlik keyfiyyətləri, uzaqgörənliyi sayəsində müasir Azərbaycanın öz dövlət müstəqilliyini qoruyub saxladığını qeyd etdi. Xorvatiya nümayəndə heyəti də bu qənaətdədir ki, məhz Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın dünya dövlətləri ilə dərinləşən və genişlənən əlaqələri bu gün yeni mərhələyə qədəm qoyaraq, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə daha da inkişaf etməkdədir.

Xorvatiya da Azərbaycanla yüksək səviyyəli münasibtlər quran ölkə kimi Azərbaycanla siyasi, iqtisadi və humanitar sahədə əməkdaşlığın dərinləşməsində maraqlıdır. Milli Məclisdə Parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri arasında keçirilən görüşdə bir daha vurğulandı ki, bu günə qədər ölkələrimiz arasında 20-dən çox sənəd imzalanıb. Strateji tərəfdaşlıq və dostluq münasibətlərinə dair imzalanmış Zaqreb Bəyannaməsi bu mənada xüsusi önəm kəsb edir. Xorvatiya Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Qarşılıqlı əlaqələrin möhkəmlənməsində parlamentlərarası münasibətlərin rolu olduqca vacibdir. Bu mənada parlament dostluq qruplarının fəaliyyəti bu istiqamətdə töhfə verir. Bakı və Zaqreb beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəkləyir.

Bakıda keçirilən rəsmi görüşlərdə bir daha uzun illər ərzində ölkələrimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan səmərəli əməkdaşlıq əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, bu prosesdə siyasi dialoqun, rəsmi səfər mübadilələrinin, habelə parlamentlərarası əməkdaşlığın mühüm rol oynadığı vurğulandı. Münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğu bildirildi. XİN-də baş tutan müzakirələrdə Xorvatiyalı vitse-spiker bölgədə davamlı sülh və sabitliyin təmin olunmasının vacibliyini vurğulayaraq, bu xüsusda Azərbaycanın səylərini yüksək qiymətləndirdi.

Rəsmi görüşlərdə həmçinin Xorvatiya ilə enerji, turizm, informasiya texnologiyaları, minatəmizləmə, əczaçılıq və digər istiqamətlər üzrə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar olduğu diqqətə çatdırıldı. Xorvat iş adamları ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, Azərbaycandan olan həmkarları ilə fəal əməkdaşlıqda maraqlıdır.

Xorvatiya nümayəndə heyəti eyni zamanda işğaldan azad edilmiş ərazilərə də səfər etdi. Səfər çərçivəsində nümayəndə heyətinini Milli Məclisin Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olaraq mən müşayiət edirdim. Ağdamda erməni vandalizminin izləri, eyni zamanda burada aparılan bərpa-quruculuq işləri ilə tanış oldular. Səfər zamanı erməni vəhşiliyinə məruz qalan tikililər barədə məlumat verildi. Bildirildi ki, erməni vandalizmi təkcə yaşayış yerlərindən deyil, Azərbaycanın tarixi abidələrindən də yan keçməyib.

Xorvatiyalı qonaqlar Ağdamda gördüklərindən çox təsirləndilər. Xorvatiyanın da keçmişdə buna oxşar taleyi olduğunu dilə gətirdilər. Buna baxmayaraq, Ağdamda aparılan bərpa-quruluq işlərini əsl nümunə kimi dəyərləndirdilər. İki il əvvəlki mənzərə ilə müqayisədə burada ümid çırağı və Azərbaycanın gələcək planlarını gördüklərini və bunu təqdir etdiklərini dilə gətirdilər.

Nümayəndə heyətinin üzvlərinə Ağdam şəhərinin Baş planı çərçivəsində həyata keçirilən quruculuq işləri barədə də ətraflı məlumat verildi. Diqqətə çatdırıldı ki, Qafqazın Xirosiması kimi tanınan Ağdam Azərbaycan Prezidentinin və hökumətinin təşəbbüsü ilə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək, doğma yurdlarından 30 il ayrı düşmüş insanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışı təmin ediləcək.
Səfər iştirakçıları erməni vəhşiliyi nəticəsində yerlə-yeksan edilən Ağdam şəhərinin dağıntıları ilə də tanış olub, Dram teatrının salamat qalan divarına baxdılar.
Ağdam Cümə məscidini ziyarət zamanı qeyd edildi ki, digər tarixi abidələrimiz kimi, 1868-ci ilin yadigarı olan bu məscid də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra talan olunub, yandırılıb. Erməni işğalçıları məscidin minarələrindən müşahidə məntəqəsi kimi istifadə etdiklərinə görə, tarixi abidə tam dağıdılmayıb. Buna baxmayaraq, erməni vandalları bütün müqəddəs məkanlarımız kimi, bu məscidin də ibadət zalından tövlə kimi istifadə ediblər.
Xorvatiyalı qonaqlara Ağdam Sənaye Parkında görülən işlərlə bağlı da məlumat verildi. Bildirildi ki, burada yaradılan müəssisələr yerli istehsalın inkişafına təkan verməklə, bölgənin resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsinə, Qarabağın dirçəlişinə və bütünlükdə ölkəmizdə qeyri-neft sənayesinin inkişafına mühüm töhfə verəcək.

Qeyd etməliyəm ki, Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında Xorvatiyanın da dəstəyi xüsusi qeyd olunmalıdır. Belə ki, 44 günlük Vətən Müharibəsi zamanı Xorvatiya parlamentinin üzvlərindən dəstək məktubları aldıq, eyni zamanda haqq səsimizi xorvat ictimaiyyətinə çatdırmaq məqsədilə Xorvatiyanın aparıcı mətbu orqanlarında, Qarabağ həqiqətlərini əks etdirən, “Bütün dünya üçün Qarabağ Azərbaycandır” başlıqlı məqalələr dərc edildi. Rəsmi Zaqreb yeni reallıqları dəstəkləyir və hər zaman regionda sülhün, firavanlığın bərqərar olunmasına tərəfdar olduğunu bəyan edir. Azad edilmiş ərazilərdə aparılan yenidənqurma və minalardan təmizləmə işlərində Xorvatiya şirkətlərinin də yaxından iştirakı bu ölkənin Azərbaycanın haqq işinə dəstəyinin göstəricisidir.

KÖNÜL NURULLAYEVA, Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri

image-img-20230518-wa0028 image-img-20230518-wa0027 image-img-20230518-wa0026 image-img-20230518-wa0025 image-img-20230518-wa0023 image-img-20230518-wa0024 image-img-20230518-wa0022 image-img-20230518-wa0021 image-img-20230518-wa0019 image-img-20230518-wa0020 image-img-20230518-wa0018 image-img-20230518-wa0017 image-img-20230518-wa0016 image-img-20230518-wa0014 image-img-20230518-wa0015

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90