image-rt-reklam
image-5backend

Xocalıda yazılan növbəti tarixi səhifə

image-728x90

Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı tarixi Zəfərimizdən, onun yaratdığı reallıqlar fonunda işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, soydaşlarımızın Böyük Qayıdışından qürur hissi keçirir. 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəmiz, ondan üç il sonra 2023-cü ilin 19-20 sentyabr tarixlərində Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunması bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar mövcuddur, ən əsası sonda zəfər çalan yalanlar deyil, real faktlara, tarixi həqiqətlərə söykənən siyasət olur. Azərbaycanın döyüş meydanında, eyni zamanda, informasiya cəbhəsində üstünlük qazanmasında məhz bu siyasətimiz əhəmiyyətli rol oynadı.

Onu da qeyd edək ki, Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində döyüş meydanında qazandığı böyük Qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı – Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.

Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün ölkə Prezidenti İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” uğurla icra edilir. Əsas hədəf odur ki, Böyük Qayıdış Proqramının birinci mərhələsinin başa çatacağı 2026-cı ilədək 140 min keçmiş məcburi köçkün doğma yurd-yuvasına qayıtsın.

Tarixi Zəfərimizdən dərhal sonra başlanan və hazırda geniş miqyas alan bərpa-quruculuq işləri, eyni zamanda, soydaşlarımızın qayıdış ünvanlarının sayının günbəgün artması ölkəmizin iqtisadi imkanlarının təqdimatı olmaqla yanaşı, bu torpaqların sahibinin məhz Azərbaycan xalqı olduğunun təqdimatıdır. Bu torpaqların sahibi bizik və burada daimi olacağıq. Soydaşlarımızın qayıtdığı ünvanlara nəzər salaq. Füzuli, Laçın, Şuşa, Xocalı şəhərləri, Ağalı, Talış, Zabux, Sus kəndləri… İlin sonuna qədər bu sıraya Cəbrayıl, Kəlbəcər, Xankəndi şəhərləri də daxil olacaq.

Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərimizə səfərlər edir, görülən işlərlə yaxından tanış olur, yeni sosial obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak edirlər. Son üç ildən artıq dövrün qürurverici hadisələrindən biri budur ki, dövlət başçısı İlham Əliyev öz doğum günlərində, bayramlarda, əlamətdar günlərdə xalqın arasında olur, onlara müjdələrini çatdırır.

Digər bayram günlərində olduğu kimi, 28 May-Müstəqillik Günündə də dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva işğaldan azad edilmiş Ağdam və Xocalı rayonlarında oldular.

Prezident İlham Əliyevin iştirakı ilə Ağdam rayonunun Tağıbəyli, Güllücə, Nəmirli, Şotlanlı kəndlərinin təməli qoyuldu. Onu da qeyd edək ki, bütün işğaldan azad edilmiş ərazilərimiz «ağıllı şəhər» və «ağıllı kənd» layihələri əsasında yenidən qurulur. İlk «ağıllı kənd» Zəngilan rayonunun Ağalı kəndi oldu. İlk «ağıllı şəhər» isə Ağdam şəhəri olacaq.

Onu da qeyd edək ki, dövlət başçısı İlham Əliyev bu ilin 26 fevral tarixində- Xocalı soyqırımının 32-ci ildönümündə Xocalı şəhərində oldu, ictimaiyyət nümayəndələri ilə görüşdü və Xocalı Soyqırımı Memorialının təməlini qoydu. Həmin mərasimdə «Otuz iki ildən sonra biz doğma torpağımıza qayıtmışıq. Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün bu gün burada – 26 fevral günündə memorial kompleksin təməli qoyulacaq. Onu bildirməliyəm ki, bu layihə çoxdan hazır idi, yer də seçilmişdi, Bakı şəhərində Xocalı soyqırımı abidəsinin yanında yer seçilmişdir. Ancaq memorial kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım. Ona görə ki, sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq. Otuz iki ildən sonra siz qayıtmısınız» söyləyən dövlət başçısı İlham Əliyev onu da bildirdi ki, otuz iki ildən sonra – o qanlı faciədən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir.

Cənab İlham Əliyev çıxışında onu da bildirdi ki, biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik: «Beş ay əvvəl antiterror əməliyyatı nəticəsində Xocalı daxil olmaq şərtilə, bütün o vaxt digər ərazilər – hansılar ki, işğal altında idi və separatçılar orada at oynadırdılar, – azad edildi. 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı. Biz Xocalıda böyük abadlıq işlərinə də start vermişik.»

Artıq Xocalı şəhərinə ilk sakinləri qayıtdı. Azərbaycan Bayrağının Xocalı şəhərində ucaldıldığı vaxtdan ötən 8 ayda bu torpaqda aparılan genişmiqyaslı işlərin göstəricisi məhz soydaşlarımızın bura Böyük Qayıdışının başlanmasıdır. Cənab İlham Əliyev sakinlərlə görüşündə bildirdi ki, əlbəttə, bu qayıdışın Müstəqillik Gününə təsadüf etməsi təsadüfi deyil. Keçən il Müstəqillik Günündə Laçın şəhərində laçınlılara evlərinin açarlarını təqdim etmişdim. İki il bundan əvvəl Müstəqillik Günü ərəfəsində – mayın 27-də Ağalı sakinləri ilə görüşmüşdüm. Onlar da məhz o gündə köçmüşdülər. Bu gün isə xocalılılar qayıdırlar. Bu, gözəl tarixi hadisədir: «Xocalı da gördüyünüz kimi, gözəlləşir, yenidən qurulur. Əvvəlkindən də daha gözəl şəhərdir və daha da gözəl olacaq. Bu gün sadəcə olaraq, birinci mərhələdir. Bu gün, əslində, Böyük Qayıdış proqramının Xocalı səhifəsi yazılır. Yaxın gələcəkdə digər xocalılılar da buraya qayıdacaqlar, əminəm ki, böyük həvəslə.»

 

Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90