image-2000x150
image-ade48da4-83f2-4d88-b349-f65c37de25dfbackend

Xocalı faciəsi haqqında acı faktlar        

image-728x90

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər.

Ermənilərin hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 min nəfərdən artıq adam yaralandı və əlil oldu.Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qaldı.

Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan atəşə tutulmağa başlamış, nəticədə fevralın 26-ı səhər saat 5 radələrində şəhər artıq tam şəkildə dağıldılmışdır. Belə bir vəziyyətdə, ermənilərin əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar şəhəri tərk etməyə məcbur olmuşdur.

Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir.Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş,10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır.

Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Xocalı sakini Əntiqə erməni hərbçilərinin tələb etdiyi “bu yerlər böyük Ermənistanın bir hissəsidir” sözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən diri-diri yandırıldı. Digər Xocalı sakini Səriyyə Talıbova danışırdı ki, “4 məsxəti türkü və 3 azərbaycanlının erməni qəbirinin üzərində başını kəsdilər. Sonra daha 2 azərbaycanlının gözlərini çıxartdılar”.

Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur. Onlardan 63 uşaq, 106 qadın və 70 nəfəri qocalar idi.8 ailə tamamilə məhv edilmişdir.25 uşaq hər iki valideynini itirmişdir.130 uşaq valideynlərindən birini itirmişdir.487 nəfər yaralanmışdır,1275 nəfər əsir götürülmüşdür və 150 nəfər itkin düşmüşdür.Dövlətin və əhalinin əmlakına o dövrün qiymətləriylə təqribi 5 mlrd. Rubl dəyərində ziyan vurulmuşdur.

Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin mətbuatı, vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirmişdir.

Xocalı soyqırımından əziyyət çəkmiş müəyyən qrup şəxs BMT, Aİ, ATƏT kimi nüfuzlu təşkilatlara müraciət etmiş,erməni hərbi təcavüzü nəticəsində başlarına gələn bəlaya laqeyd qalmamalarını tələb etmişdilər. Onlar inanır ki, dünyanın BMT, Aİ və ATƏT kimi kifayət qədər nüfuzlu beynəlxalq təşkilatları, sülhsevər ölkələri Ermənistan kimi dövlətin belə təcavüzkarlığına və özbaşınalığına qarşı tədbir görəcəklər.

Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir. Bu gün Ermənistanda mühüm dövlət postları tutanlar, Seyran Ohanyan, Serj Sarkisyan eləcə də Robert Köçəryan və digərləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.

 

Azərbaycanın başına gələn bu faciəvi və qəsdən həyata keçirilmiş hadisə dünyaya doğru şəkildə çatdırılmalıdır. Bu səbəbdən, bu haqda geniş məlumat sahibi olmaq və hadisələrin ardıcıl təhlilini aparmağı bacarmaq hər bir vətəndaşın borcudur. Digər dövlətlərin və xalqların bu hadisəni tanıması və səbəbkarlara verilən dəyərin qiymətləndirilməsi olduqca vacibdir. Dünya əhalisi anlamalıdır ki, burada bir insanlıq faciəsi baş vermiş, silahsız insanlar öldürülmüş və ya əzablara məruz qalmışdır. Faktların düzgün şəkildə, əsaslandırılaraq beynəlxalq səviyyəyə qaldırılması məsələsi daim aktiv bir missiya olacaqdır. Əlavə olaraq qeyd etmək lazımdır ki, insanlığa sığmayan Xocalı hadisələri xüsusi bir nifrətdən doğan şiddətlə həyata keçirilmişdir. Bu nifrət özündə əsassız və qəbuledilməzdir.

Xocalı qətliamından 30 il keçir, lakin illər ötdükcə bu dəhşətli hər birimizin yadddaşına əbədi şəkildə həkk olundu. 30 il keçməsinə baxmayaraq, faciənin acı nəticələrini unutmamalı, daim yadda saxlamalıyıq və gələcək nəsillər də erməni qəddarlığı barədə məlumatlandırılmalıdır.

Əsgərzadə Toğrul Akif oğlu

Azərbaycan Dillər Universitetinin TGT nəzdində AUL TEDx fotoqraf-dizayneri.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90