image-2000x150
image-abs3backend

XİN rəhbərlərinin görüşü nə vəd edir? – Danışıqlar uzansa, təxribatlar baş verə bilər…

image-728x90

“Aprelin 30-da Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ABŞ-a gediblər. Rəsmi məlumata görə, Vaşinqtonda onlar arasında Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üçün müzakirələrin növbəti raundu baş tutacaq. Aprelin 29-da isə ABŞ Dövlət katibi Entoni Blinkenlə Ermənistan Baş naziri arasında telefon danışığı olub. Bu gün isə Blinkenlə Prezident İlham Əliyev arasında baş tutan telefon danışığında sülh sazişi məsələsi müzakirə edilib. Məlumdur ki, ötən günlərdə sülh sazişi ilə bağlı danışıqların keçirilməsi üçün Moskva və Vaşinqton arasında sanki üstünlük qazanma yarışı var idi. Öz növbəsində erməni mediası keçən həftə hakimiyyətdəki mənbələrinə istinadla yazıb ki, ABŞ Ermənistana may ayının sonuna qədər sülh müqaviləsinin ilkin variantının təsdiqlənməsi üçün təzyiq edir. İddialara görə, sülh sazişinin layihəsini bu yaxınlarda ABŞ Dövlət katibinin müavini Erika Olson Baş nazir Paşinyana təqdim edib. Məlumatda bildirilir ki, sülh sazişi layihəsinin təfərrüatı haqda bilgi yoxdur, ancaq Ermənistanın maraqlarına “cavab vermədiyi” təxmin edilir. Bu gün Bakı vaxtı ilə saat 17:00-da Azərbaycan və Ermənistan XİN rəhbərləri Vaşinqtonda görüşəcək. Blinkenin iştirakı ilə üçtərəfli görüşün isə Bakı vaxtı ilə saat 17:45-də başlaması planlaşdırılır. Azərbaycan-Ermənistan sülh danışıqlarında, deyəsən, beynəlxalq oyunçular hərəkətə keçmək qərarı veriblər. Bəzi insayd məlumatlara görə, danışıqlar bir neçə gün davam edə bilər. Bu, artıq prosesin ciddi xarakterindən xəbər verir”.

Bu sözləri politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, əsas məsələ budur ki, sülh müqaviləsinin yol xəritəsində hər nöqtəyə, hər vergülə, hətta hər nidaya ciddi diqqət yetirilsin: “Ötən dövr ərzində qarşı tərəfin neçə söz oyununa getdiyini, bəyanatları öz bildiyi kimi necə interpretasiya etdiyinin şahidi olmuşuq. Vaşinqton çalışır ki, Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşə qədər bütün məsələlərin razılaşdırılmasına nail olsun və Moskvanın təşəbbüsü ilə keçirilən görüşü əhəmiyyətsiz etsin. Ötən il Praqadan sonra Soçidə imzalanan sənədlərin mahiyyəti dediklərimizi təsdiq edir. Artıq Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşünün anonsu verilib. Moskva da prosesləri diqqətlə izləyir və danışıqlar bir neçə gün davam edərsə, o zaman istisna olunmur ki, zəmin uzərində təxribatlar baş verə bilər. Buna da hazırlıqlı olmaq lazımdır. Həmçinin ötən həftəsonu İrəvanda olan Fransa XİN başçısı Ketrin Kolonna bildirib ki, Azərbaycan və Ermənistan rəhbərləri iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin növbəti sammiti çərçivəsində bir araya gələ bilərlər. Görünən budur ki, Kişinyov görüşünə qədər Vaşinqton maksimum dərəcədə tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışacaq. ABŞ-ın diplomatik fəallığı fonunda sülh müqaviləsinin imzalanacağı iddiası güclənir. İzləyək. Vasitəçilərdən asılı olmayaraq bizim sülh gündəliyimiz dəyişməz olaraq qalır”.

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90