Paytaxtın sıx məhəllələrində, mənzil həyətlərində zibil qutularının yaxınlığında yerləşdirilən bənövşəyi geyim qutuları bir çox insanın düşündüyünün əksinə olaraq xeyriyyə məqsədi daşımır. Əhali arasında bu qutuların ehtiyac sahibləri üçün nəzərdə tutulduğu güman edilsə də, əslində toplanan geyimlər yardım üçün deyil, təkrar istifadəyə hazırlanır.
Layihə 2022-ci ildən Bakı şəhərində həyata keçirilir. Qutuların üzərində təkrar emal simvoluna bənzər işarələr olsa da, konkret izah, məqsəd və təyinat barədə aydın məlumat verilməyib. Bu da ictimai çaşqınlıq və suallar doğurur. Əhali uzun müddətdir ki, bu qutulara istifadə olunmamış və ya yararlı vəziyyətdə olan geyimlər yerləşdirərək ehtiyaclıların faydalanacağını düşünür. Əslində isə həmin geyimlər xeyriyyə məqsədilə deyil, sənaye məqsədi ilə istifadə olunur.
Lakin layihənin sosial xeyriyyə tərəfi yalnız xalq arasında yayılan söhbətlərdən ibarətdir. Səbəb isə layihənin başladığı dövrdə sakinlərin “Ehtiyacın varsa götür, yoxdursa as” sloqanı ilə geyimləri ehtiyac sahiblərinə çatdırmağa çalışmalarıdır.
İnsanlar bu layihənin sırf emal məqsədi daşıdığını qutular üzərindəki loqodan başa düşməlidirlər.
Məsələ ilə bağlı layihənin meneceri olan Mehmet Aslanın mətbuata verdiyi açıqlamadan bəlli olur ki, bu qutular yardımı deyil, geyimlərin emalını hədəfləyir.
Onun sözlərinə görə, qutular zavoda daşınan geyimləri qəbul edir, burada isə parçalar əvvəlcə təmizlənir, çeşidlənir, daha sonra texniki məqsədlə istifadə olunmaq üçün hazırlanır. Bu materiallar avtomobil sənayesində, şüşə məmulatların istehsalı kimi sahələrdə istifadə olunur.
Bununla belə, toplanan bütün geyimlərin emala göndərildiyini söyləmək çətindir. Bəzi geyimlər qutulardan zorla çıxarılır və yardım məqsədi ilə yox, satış məqsədilə istifadə edilir.
Bu geyimlərin bir qisminin Sabunçu rayonunda yerləşən və “Rus bazarı” kimi tanınan ərazidə satıldığı bildirilir. Qutuların təhlükəsizliyi və toplanan məhsulun nəzarəti ilə bağlı boşluqlar layihənin etibarlılığına kölgə salır. Bundan əlavə, qutuların üzərində toplanan geyimlərin nəyə və hara yönləndiyi barədə heç bir məlumat yoxdur. Nə geyimin hansı şəraitdə, hansı müəssisələrə çatdırıldığı açıqlanır, nə də prosesin miqyası və nəticəsi barədə ictimaiyyət geniş məlumatlandırılır.
Bənövşəyi geyim qutularının məqsədi barədə ictimaiyyət arasında hələ də aydın və tam məlumat yoxdur. Bu səbəbdən insanların bu təşəbbüsdən gözləntiləri ilə onun əsl mahiyyəti arasında fərqlər qalmaqdadır. Layihənin məqsədi və istiqaməti barədə daha açıq və konkret məlumat verilməsi vacibdir.Musavat.com