Azərbaycanda müxtəlif ranqlı bir sıra məmurların böyük sərvət sahibinə çevrilmələri artıq adi hal kimi qarşılanır və mediada az qala hər gün bu barədə materiallar yayımlanır.
Həmin məmurların aldıqları rəsmi maaşla qiyməti milyonlarla ölçülən əmlaklara sahib olmağın mümkünsüzlüyü hər kəsə məlumdur. O baxımdan, nəzərdə tutulan məmurların yüksək olmayan əmək haqqı ilə milyonluq obyekt sahiblərinə çevrilmələri həqiqətən də, əsaslı suallar doğurur.
Yenicag.az-a daxil olan məlumatlarda Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini İntiqam Cümşüdovun da haqqında danışılan məmurlar arasında heç də arxa sıralarda olmadığı iddia edilir.
Hətta qeyd olunur ki, Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini İntiqam Cümşüdov Xətai rayonunda ən imkanlı vəzifəlilərdən biri kimi tanınır. İddialara əsasən, İntiqam Cümşüdov fəaliyyət göstərdiyi rayonun Gəncə prospektində çoxsaylı obyektlərə sahibdir. Bu yerdə yuxarıda vurğulanan maaş və sərvət uyğunsuzluğu bir daha xatırlandıqda, onların arasında “mütənasibliyin” necə yarandığını təsəvvür etmək çətin olmur.
Həmin məlumatlarda o da bildirilir ki, İntiqam Cümşüdov özünün biznes şəbəkəsinə daxil olan obyektləri hazırda icarəyə verib və onların icarə pulları məmurun yerli bələdiyyədə işləyən bacısı oğlunun vasitəsi ilə yığılır.Amma bu da sözügedən məmurlarla əlaqədar yayılan iddiaların hamısı deyil. Mediada dərc olunan çoxsaylı məlumatlarda Xətai rayonunda obyekt, ev və sair obyektlərin inşası üçün İcra Hakimiyyətindən müvafiq “icazə”lərin alınması məsələlərini də məhz İntiqam Cümşüdovun “tənzimlədiyi” bildirilir.Xatırladaq ki, İntiqam Cümşüdov bundan əvvəl Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə ərazi icra nümayəndəsi vəzifəsində işləyib.
Mövzunu davam etdirəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.