image-rt-reklam
image-1backend

Xarici vətəndaşlar üçün Azərbaycan o dərəcədə də bahalı bir destinasiya, ölkə deyil

image-728x90
Cəfər Qara: “Biz hələ də 2019-cu ilin rəqəmlərinə çata bilməmişik”

Artıq yay turizm mövsümü başa çatıb. Etiraf etmək lazımdır ki, yay mövsümü ərzində ölkəmizə daha çox xarici turistin gəldiyi müşahidə edilib. Ancaq məsələnin dəqiqliyini və mövsümün nə dərəcədə uğurlu və ya uğursuz olduğunu bu sahənin mütəxəssisləri daha yaxşı bilər. Biz də bu məqsədlə “Zakher Travel” turizm şirkətinin direktoru Cəfər Qara ilə söhbətləşdik.

-Cəfər bəy, artıq demək olar ki, yay turizm mövsümü başa çatdı. Bu il Azərbaycan turizmi üçün nə dərəcədə uğurlu və ya uğursuz oldu?

-Yay mövsümünü Azərbaycanda qənaətbəxş hesab etmək olar. Baxmayaraq ki, 2019-cu ildən, yəni pandemiya dövründən əvvəl olan göstəricilərdən 18 faiz geriyik. Belə ki, 2019-cu ilin ilk 9 ayında Azərbaycana 2 milyon 415 min 854 nəfər xarici vətəndaş səfər etmişdir. Bu rəqəm 2023-cü ildə 1 milyon 536 min 375 nəfər, bu il isə 1 milyon 983 min 361 nəfər olub. 2023-cü illə 2024-cü ili müqayisə etdikdə, təxminən 30 faiz artım var. Lakin 2024-cü ili 2019-cu illə müqayisə etdikdə 18 faiz geriləmə müşahidə edirik. Yəni, biz hələ də 2019-cu ilin rəqəmlərinə çata bilməmişik.

-Təxmini dəyərləndirmə aparmısınızmı, Azərbaycana daha çox hansı ölkələrdən turist gəlib və bunu şərtləndirən əsas səbəblər nələrdir?

-Azərbaycana 2008-ci ildən etibarən ən çox səfər edənlər Rusiya, Türkiyə vətəndaşları olurdu. Eyni zamanda qonşu ölkələrdən Gürcüstan və İrandan da səfər edənlər olurdu. Lakin pandemiyadan sonra vəziyyət bir qədər dəyişdi. Çünki quru sərhədləri bağlandı və bu da qonşu ölkələrdən gələnlərin sayına təsirsiz ötüşmədi.

Rusiya və Türkiyədən sonra Azərbaycana ən çox turist gələn ölkələr sırasında Cənubi Asiya ölkələri yer alır. Günümüzdə də şəhərimizdə ən çox xarici ölkə vətəndaşları sırasında Hindistan və Pakistandan olan turistlər diqqət çəkir. Cari illə keçən ili müqayisə etdikdə Azərbaycana gələn Hindistan vətəndaşları bu ilin 9 ayında 133 faiz artıb və 180 min 203 min nəfər sözügedən ölkənin vətəndaşları Azərbaycana səfər edib. Bu göstərici 2019-cu illə müqayisədə 299 faiz artım deməkdir. 2019-cu ilin 9 ayında 45737 hindistanlı Azərbaycana səfər etdiyi halda, bu rəqəm cari ilin 9 ayında 180 min 203 nəfər təşkil edib. Eyni ilə Pakistan vətəndaşları üçün də bunu demək olar. Əgər 2019-cu ildə 33 min pakistanlı Azərbaycana səfər etmişdisə, bu il bu rəqəm 57 mindən çox olub ki, bu da 73 faiz artım deməkdir.

Cənubi Asiyadan sonra Azərbaycana səfər edən xarici turistlər sırasında Yaxın Şərq ölkələri yer alır. Bu region ölkələri sırasında Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, İsrail, Oman, Misir, İordaniya, Qətəri xüsusi qeyd etmək olar. Bu ölkələrdən Azərbaycana səfər edənlər arasında 2023-2024-cü illərdə artım qeydə alınsa da, lakin 2019-cu ildəki göstəricilərə hələ çatmamışıq. Belə ki, həmin il Yaxın Şərqdən 291 min turist gəlmişdisə, 2023-cü ildə bu rəqəm 180 min, cari ildə isə 218 min nəfər təşkil edib. 2023-2024-cü illərdə artım 21 faiz olduğu halda, 2019-cu illə 2024-cü ili müqayisə etdikdə isə 25 faiz geridəyik və hələ də 2019-cu ildəki göstəricilərə çata bilməmişik.

-Bəs Yaxın Şərq regionundan nə dərəcədə ölkəmizə maraq var?

-Yaxın Şərq həm bizə məsafə olaraq, həm də milli-mənəvi, dini dəyərlər baxımından yaxın olduğu üçün bu regiondan Azərbaycana turist cəlb etmək potensialı daha çoxdur. Azərbaycana səfər etmək üçün təyyarə ilə təxminən 2-3 saatlıq bir məsafə qət edilir. Bundan başqa Birləşmiş Ərəb Əmirlikləri və Qətər vətəndaşları üçün vizasız rejim tətbiq olunur. Digər Körfəz ölkələri, Səudiyyə Ərəbistanı, Oman, Bəhreyn, Küveyt vətəndaşları isə cəmi 30 dollar ödəməklə hava limanında 1 aylıq viza ala bilirlər. Onlar üçün münbit şərait var ki, Azərbaycana gəlsinlər. Çünki ölkəmiz maraqlıdır. Azərbaycanda milli ənənələr, mətbəxt, adət-ənənə, eyni zamanda yaşıllıq ərazilər, ən başlıcası siyasi sabitlik və təhlükəsizlik, qiymətlərin əlverişli olması Azərbaycanı onlar üçün cəlbedici edir. Sadaladığımız imkanlardan istifadə edirik ki, ölkəmizə Yaxın Şərq və Körfəz ölkələrindən daha çox turist cəlb edə bilərik.

Beləliklə, çalışmalıyıq ki, ərəb turistlərin sayı ən azı 2019-cu il göstəricisinə uyğun olsun. Hətta 2019-cu il göstəricisini keçsin. Onu da deyim ki, Rusiya və Türkiyədən sonra ən çox turist Azərbaycana Cənubi Asiya ölkələrindən gəlir. Bu regiondan Azərbaycana gələn turistlərin sayının artmasının səbəbi odur ki, Hindistan və Pakistan əhalisinin sayı kifayət qədər çoxdur. Eyni zamanda onların dünya üzrə səfər edəcəyi ölkələrin sayı bir qədər məhduddur. Çünki bəzi ölkələr ya onları qəbul etmir, ya da viza tətbiq edir. Azərbaycan isə hər iki ölkə üçün elektron viza tətbiq edir və hər iki ölkədən olan vətəndaşlar üçün viza rejimi sadələşdirilib. Ona görə də onlar Azərbaycana səfər edirlər. Bu günlərdə hər iki ölkənin müxtəlif şəhərlərinə Azərbaycandan birbaşa hava reysləri təşkil edilib və uçuşlar həyata keçirilir. Buna görə də Hindistan və Pakistandan gələn turistlərin sayında artım baş verir. Eyni zamanda paytaxt Bakıda həmin ölkələrdən olan turistlərin mətbəxinə uyğun kafelər, restoranlar fəaliyyət göstərir. Ona görə də Azərbaycanda kifayət qədər hindistanlı və pakistanlı turistlərə rast gəlmək olur.

-Bu sahənin mütəxəssisi kimi nə deyə bilərsiniz, Azərbaycanda turizmin inkişafına əngəl olan başlıca amillər hansılardır?

-Əvvəllər bu suala cavab verəndə başlıca amillərdən biri kimi də hava yolları şirkətlərinin fəaliyyəti göstərilirdi. Ancaq son vaxtlarda bu sahədə həyata keçirilən kadr dəyişikliyi və aparılan islahatlar qeyd edilən sahəni kifayət qədər əlçatan, əlverişli edib. Bizim təyyarə bazamızın az olmasına baxmayaraq, ilbəil müxtəlif istiqamətlərə həyata keçirilən reyslərin sayı artır. Bu da öz növbəsində ölkəmizə səfər edən, eyni zamanda Azərbaycandan xarici səfərə gedən turistlərin sayında artımla müşahidə edilir.
Bir nüansı da vurğulamaq istərdim. Əvvəllər Körfəz ölkələrində oturumu (yaşama hüququ) olan başqa ölkələrin vətəndaşları Azərbaycana səfər edə bilirdilər. Onların hava limanında viza əldə etməsinə heç bir problem olmurdu.

Təəssüf ki, günümüzdə bu qayda Birləşmiş Ərəb Əmirliklərindən başqa digər 5 Körfəz ölkəsinə şamil edilmir. Bir qədər də konkretləşdirsək, yalnız BƏƏ-dən oturum almış başqa ölkələrin nümayəndələri hava limanından viza almaqla Azərbaycana səfər edə bilirlər. Bundan əvvəl isə 6 Körfəz ölkəsinin hər birindən oturum alan başqa ölkənin nümayəndəsi Azərbaycana səfər edə bilirdi. Onlar hava limanında viza əldə edərək ölkəyə turist qismində daxil olurdu. Lakin pandemiyadan sonra bu qayda dəyişdi və yalnız BƏƏ-dən oturumu alan xarici ölkə nümayəndələri Azərbaycana gələ və hava limanında viza əldə edə bilirlər. Bu sadələşdirilmiş viza rejimi digər 5 ölkəyə də tətbiq olunsa, Azərbaycana səfər edən turistlərin sayında kifayət qədər artım baş verəcək.

-Bir qayda olaraq vətəndaşlar turizm obyektlərində qiymətlərin baha olmasından gileylənirlər. Sizcə bu problemi hansısa formada tənzimləmək mümkündürmü?

-Xarici vətəndaşlar üçün Azərbaycan o dərəcədə də bahalı bir destinasiya, ölkə deyil. Onlar üçün Azərbaycan əlçatandır, büdcələrinə uyğundur. Biz özümüz də həmin ölkələrə səfər edəndə görürük ki, Azərbaycanda qiymətlər daha uyğundur. Yaxud eynidir, bərabərdir. Məsələn, bir qayda olaraq biz daha çox turist kimi qardaş Türkiyəyə gedir, səfər çərçivəsində oradan alış-veriş də edirdik. Ancaq son zamanlar qardaş Türkiyəyə səfər edən azərbaycanlı turistlər gileylənirlər ki, orada alış-veriş etmək əlverişli, əlçatan deyil. Qiymətlər artıb.

-Bəs daxildə vətəndaşlar daha çox hansı bölgəyə səfər etməyə üstünlük verirlər?

-Azərbaycanda turistlərin daha çox üz tutduğu regionlara gəlincə, ən çox turist əsasən Qafqaz sıra dağları, silsiləsində olan Şimal və Şimal Qərb bölgəsinə üz tutur. Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ Oğuz, Şəki. Qax, Zaqatala bölgəsində olan turizm, iaşə obyektlərinin sayı çox olmadığı üçün yayda yerlər daha tez satılır və ola bilər ki, bu səbəbdən qiymətlər Azərbaycan vətəndaşı üçün əlçatan deyil. Ancaq hesab edirəm ki, qiymətlər xarici vətəndaşlar üçün əlçatandır, münasibdir.

-Şirkət olaraq Siz Azərbaycan turizminin təbliği istiqamətində cari il ərzində hansı işlər görmüsünüz və qarşıdakı planlar nədən ibarətdir?

-Şirkət olaraq Azərbaycan turizminin həm daxildə, həm də xaricdə təbliğatı ilə bağlı müəyyən işlər görürük. İl başlayandan bir çox sərgilərdə stendlərlə təmsil olunmuşuq. Bu sırada Almaniya, Rusiya, BƏƏ, Səudiyyə Ərəbistanını qeyd edə bilərəm. Cari ilin sonuna qədər isə Sinqapur, Qətər, Polşa və Özbəkistanda keçiriləcək turizm sərgilərində iştirakımız nəzərdə tutulur. Bununla yanaşı il ərzində müxtəlif tədbirlərdə iştirak edərək ayrı-ayrı ölkələrin turizm şirkətləri ilə görüşüb Azərbaycan turizminin təbliğatını aparmışıq. Eyni zamanda Azərbaycanın turizm potensialı ilə bağlı təqdimatlar keçirmişik, əlaqələr qurub, müqavilələr bağlayıb ölkəmizə turist axınının təmin olunmasına öz töhfəmizi vermişik. Bu fəaliyyətimiz daim davam edir. İl ərzində təxminən 10-a yaxın beynəlxalq turizm sərgisində ölkəmizi stendlə təmsil edirik. Məlumat üçün qeyd edim ki, bu il Birləşmiş Ərəb Əmirliklərində belə bir sərgidə iştirak edərək təxminən 450 şirkətlə görüş keçirdik.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90