image-rt-reklam
image-1backend

Xaricdə iş və təhsil təklif edən şirkətlər – vətəndaşlar üçün tələ…

image-728x90

İnformasiya texnologiyalarının inkişafı bu kimi cinayətləri törədən şəxslərə geniş imkanlar yaradıb

Son illər vətəndaşları təhsil və ya iş üçün, habelə ailə qurmaq adı ilə xarici ölkələrə dəvət edən, aparan şirkətlərin sayı durmadan artır. Əksər şirkətlər isə bu ad altında dələduzluqla məşğuldur. Bir çoxları vətəndaşın pulunu mənimsəyir, bəziləri isə insanları tora salıb insan alverinin qurbanı edir. Son günlər hətta bununla bağlı hüquq müdafiəçilərinin həyəcanlı açıqlamalarına da rast gəlirik.

Maraqlıdır, vətəndaşı xaricə iş və ya təhsil, ailə qurmaq adı ilə dəvət edirlərsə, o, nələri araşdırmalıdır. Dələduzluq və ya hiylənin olmadığını necə aşkarlamaq olar? Şübhələndikdə hansı orqana məlumat verilməlidir?

Mövzu ilə bağlı  danışan təhsil üzrə ekspert Kamran Əsədov deyir ki, ölkədən kənarda təhsil alan azərbaycanlıların sayı 42 mindən çoxdur. Onlardan 15 mini qardaş Türkiyədə, 20 mindən çoxu Rusiya, Ukrayna, Gürcüstan universitetlərində təhsil alır.

“Xarici ölkələrdə təhsil almaq üçün gedənləri əsasən bir neçə qrupa bölmək olar. Onlardan biri Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında topladıqları ballar burada ali məktəblərə qəbul olmağa imkan verməyənlərdir. Bunların sayı hədsiz dərəcədə çoxdur. İkinci kateqoriyanı o şəxslər təşkil edir ki, onlar Azərbaycanda ali məktəblərə qəbul olurlar, amma aldıqları təhsil onları qane etmir. Ona görə də daha yüksək səviyyədə təhsil almaq üçün onlar xarici ölkələrə üz tuturlar. Müəyyən şəxslər də var ki, ali təhsil almaq istəyir, amma Azərbaycanda təhsil haqları yüksək olduğu üçün daha ucuz təhsil haqqı olan ölkələrə gedirlər.

Məhz DİM-in keçirdiyi imtahanlarda aşağı bal toplayaraq tələbə adını qazana bilməyən abituriyentlər müxtəlif yollardan istifadə etməklə təhsil almaq istəyirlər. Ali məktəblərə qəbulun nəticələrinin açıqlanması xaricdə təhsil vəd edən fırıldaqçı şəbəkəni yenidən hərəkətə gətirib. Son vaxtlar sosial şəbəkələrdə, radio və televiziya kanallarında xaricdə təhsil elanları çoxalıb.

Vacib bir qeydi deyim ki, ölkədə xarici ölkələrə tələbə qəbulu xidməti göstərən şirkətlərin heç biri Təhsil Nazirliyi ilə bir bağlantısı yoxdur və rəsmi lisenziya almayıblar. Sadəcə olaraq, vergi ödəyicisi kimi qeydiyyatdan keçib xidmət göstərirlər. Əlbəttə, bu hüquq pozuntusu deyil. Sadəcə olaraq, valideynlər, abituriyentlər bilməlidir ki, xaricdə təhsil xidməti göstərən şirkətlərin hansısa üstünlüyü yoxdur. Onlar özləri də istədikləri xarici universitetin saytından qeydiyyatdan keçib tələb olunan sənədləri göndərməklə bu prosesi həyata keçirə bilərlər.

Təəssüf doğuran bir reallıq var ki, insanların çoxunu təhsil yox, diplom düşündürür. Buna görə də onlar imtahansız xaricdə “təhsil” fırıldaqçılarının könüllü qurbanına çevrilirlər. Alacaqları diplomun yiyələnməli olduqları təhsildən daha önəmli olduğunu düşünürlər, lakin ölkəyə qayıdıb fərqli mənzərə ilə qarşılaşanda artıq gec olur. Çox vaxt bu cür diplomlar tanınmır və vətəndaşların 4-5 ildə tökdükləri pul havayı getmiş olur.

Günümüzün acı reallığıdır: bəzi insanlarda sanki belə bir rəy formalaşıb – təhsil necə olur-olsun, fərqi yoxdur, yetər ki, diplom olsun. Bu baxımdan onların imtahansız xaricdə “təhsil” adı ilə fırıldaqçıların könüllü qurbanına çevrilmələrinin əsas səbəbi də diplomdur. Alacaqları diplomun yiyələnməli olduqları təhsildən daha önəmli olduğunu düşünürlər, lakin ölkəyə qayıdıb fərqli mənzərə ilə qarşılaşanda artıq gec olur. Çünki ölkə qanunvericiliyi bu yolla “təhsil” alıb ölkəyə qayıdanların diplomunu rəsmən tanımır. Təəssüf doğuran məqamlardan biri də budur ki, insanlar kütləvi şəkildə bu şirkətlərə müraciət edirlər. Fırıldaqçıların girovuna çevrilməkdə valideynlərin məsuliyyətsizliyi də böyük rol oynayır. Onlar məlumatsızlıq ucbatından övladlarının təhsilini, onların gələcəyini öz maraqlarına – diplom sevdasına qurban verirlər.

Azərbaycanlı tələbələr xaricdə təhsil almaq üçün universitet seçərkən bəzi qaydalara riayət etməlidirlər. İlk olaraq diqqət olunmalıdır ki, gedəcəkləri universitetin xaricdən tələbə almaq icazəsi varmı? Digər tərəfdən, xarici təhsil aldığı ali məktəblərin diplomlarının tanınması üçün ölkədən çıxış-giriş prosesi ilə bağlı sərhəd qoşunlarına sorğu göndərilməlidir. Ən əsas məsələ isə şəxsin xaricdə təhsil aldığı ali məktəblə Azərbaycan Təhsil Nazirliyi arasında müqavilə olmalıdır. Əgər müvafiq müqavilə olmasa, həmin diplom tanınmayacaq. Azərbaycanda məzun olan tələbələrin 7 mini Dağıstan universitetlərinə üz tutub. Dağıstan universitetləri isə birmənalı olaraq tanınmır. Yəni 4 il müddətində həmin təhsil mərkəzinə getmədən diplom alaraq o diplomun ölkədə tanınmasını istəmək absurd məsələdir. Bu baxımdan tövsiyə edirik ki, xaricdə təhsil almaqla bağlı əhali ciddi məlumatlansın.

Azərbaycanda ali məktəblərə qəbul olmayan şəxslər ilk növbədə, orta məktəb sənədi ilə xarici ölkələrdə təhsil almağa üz tutur. Bu zaman valideynlər, abituriyentlər bir neçə vacib nüanslara diqqət yetirməlidir. Birincisi, övladlarının təhsil alacağı universitetin taninma.az saytında Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınıb-tanınmadığına baxmalıdırlar. İkincisi, həmin universitetin özünün fəaliyyət göstərdiyi ölkədə fəaliyyət göstərmək üçün lisenziyasının olub-olmadığına diqqət etmək lazımdır. Bunlar ilkin əsas səbəblərdir. Hər il yüzlərlə valideynlər xaricdə təhsil xidməti göstərən özəl mərkəzlər tərəfindən aldadılıb. Əsasən valideynlərə vəd edilən şəhərlərdə, universitetlərdə və ixtisaslarda aldadılma faktları aşkar olunur. Bundan başqa, valideynlərə vəd edilir ki, övladları birbaşa birinci kursda təhsil alacaq, amma məlum olur ki, onları hazırlıq qruplarına qəbul etdiriblər. Bəzi xaricdə təhsil xidməti göstərən mərkəzlər valideynlərə təqaüd, qalma yeri kimi məsələdə vəd etsələr də, bunu yerinə yetirmir”.

Hüquqşünas Sadiq Əfəndiyev deyir ki, onun da təcrübəsində belə hallar yaşanıb.

“30 yaşlı cavan qız idi. Çoxsaylı vətəndaşları aldatmışdı. Guya ucuz turlar təşkil edirdi. Həqiqətən də bir neçə nəfərə ucuz tur düzəltmişdi. Etibar qazandıqdan sonra isə həmin şəxslərə öz biznesinə şərik olmağı təklif etmişdi. Ondan sonra isə fırıldaqçılıqla onların pulunu mənimsəmişdi. Hazırda onun məhkəməsi gedir. Bu xanım hətta ibtidai istintaq gedə- gedə əməllərini dayandırmamışdı. Son anda onun barəsində həbs-qətimkan tədbiri seçildi.

Təəssüf ki, son zamanlar vətəndaşların iş və təhsil adı ilə aldadılması halları geniş yayılıb. İnformasiya texnologiyalarının inkişafı bu kimi cinayətləri törədən şəxslərə geniş imkanlar yaradıb. Bu cür cinayətlər müxtəlif şəraitdə və müxtəlif üsullarla törədilə bilər. Cinayətkarın kimliyini gizlətməsinin ən yaxşı yolu başqa bir dövlətin ərazisindən bu cür cinayətin törədilməsidir. Ən azından cinayət ifşa olunduğu halda həmin şəxslərin istintaq orqanına təhvil verilməsi, onların barəsində məsuliyyət tədbirlərinin görülməsi çətinləşir. Ona görə də vətəndaşlar nəzərə almalıdır ki, bu cür təkliflər ölkə xaricindən internet vasitəsilə gəlirsə, onların aldadılması ehtimalı daha çoxdur. Məsləhət görərdim ki, vətəndaşlar bu mövzuda real şəxslərlə görüşüb qənaətə gəlsinlər. Onların yaratdığı hüquqi şəxsin fəaliyyəti ilə bağlı araşdırma aparsınlar. Ən azından bunu internet üzərindən araşdırsınlar ki, real fəaliyyəti varmı? Legitimdirmi? Qanuni şəkildə dövlət qeydiyyatına alınıbmı? İstənilən formada ortaya çıxacaq şübhəli məqamlara diqqət etsinlər. Onların dedikləri hər bir şeyə mötəbər təklif kimi deyil, araşdırmağa ehtiyac olan şey kimi baxsınlar. Bu cür cinayət əməlləri müxtəlif üsullarla törədilir. Məsələn, ola bilsin ki, hansısa şəxsə xaricdə təhsil təklif olunur, bu xidmətə görə ondan pul vəsaiti alınır və həmin vəsait mənimsənilir. Burada söhbət dələduzluqdan gedir. Yaxud ola bilər ki, şəxs xaricdə təhsil adı altında hansısa ölkəyə göndərilir. Orada o təhsillə təmin edilmir. Əksinə, insan alverinin qurbanına çevrilir. Bu cinayət əməlləri müxtəlif motivlərlə müxtəlif üsullarla törədilə bilər. İlk növbədə vətəndaş aldadıldığını hiss etdikdə hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Əgər artıq aldadılıb və bu cinayətin qurbanına çevrilibsə, ölkə ərazisindədirsə, yenə hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Xarici ölkədədirsə, internet üzərindən Azərbaycanın və həmin ölkənin hüquq-mühafizə orqanlarına, səfirliyimizə və konsulluğumuza şikayət etməlidir”.“Yeni Müsavat”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90