Qarabağdakı separatçı rejimin özünü rəsmi olaraq buraxmasından sonra müzakirə olunan məsələlərdən biri də “prosesin niyə 2024-cü ilin 1 yanvar tarixinə” qədər davam etməsi, yaxud “niyə indi tam ləğv edilməməsi” ilə bağlıdır.
Ulusal.az xəbər verir ki, bu məsələlər həm Ermənistanda, həm Azərbaycanda müzakirə olunur.
Ermənistanda müxtəlif iddialar irəli sürülür. İddia olunur ki, Paşinyan hakimiyyəti separatçılardan belə istəyib və 1 yanvarı – Yeni il bayramını ermənilər üçün “yasa” çevirməyi planlaşdırırlar.
Azərbaycanda isə belə iddialar irəli sürülür ki, qarşıdakı 3 ay ərzində vəziyyət dəyişə və separatçılar yenidən dirçələ bilərlər. 3 aylıq vaxt məsələsi də Rusiyanın planıdır.
Bu iddiaların inandırıcılığı yoxdur. Təbii ki, Ermənistanda kimlərin hansı iddia irəli sürdüyü, nələr uydurduğu bizim üçün maraqlı deyil. Azərbaycanda irəli sürülən iddialar isə reallığa uyğun gəlmir və mövcud reallıqları nəzərə alnmadan irəli sürülən iddialar absurd görünür.
Birincisi, qarşıdakı üç ay ərzində Qarabağda separatçıların dirçəlməsi üçün hərbi, siyasi, iqtisadi imkanları praktiki olaraq yoxdur;
İkincisi, nəinki Rusiya, istənilən güc bu vəziyyəti dəyişdirə bilməz.
Özünü buraxan separatçılara 3 ay – 1 yanvar 2024-cü il tarixinə qədər vaxtın verilməsinin yeganə səbəbi təhvil-təslim prosesinin həyata keçirilməsidir. Azərbaycan bunu 24 saat ərzində də edə bilər, lakin belə bir addım erməni əhalisinin reinteqrasiyası prosesində problemlər yarada bilər, o baxımdan, Xankəndində mərkəzi hakimiyyətin bərpası mərhələ-mərhələ həyata keçiriləcək. Və bayrağımızın ən gec 3 ay sonra Xankəndində dalğlanacağı şübhəsizdir.publika