Nəsib Məhəməliyev: “Cənab Prezidentin, Xankəndində müqəddəs bayrağımızı ucaltmasını izləmək son dərəcə qürurlu hadisə idi”
“Zəfər günlərinin 3-cü ildönümü münasibətilə, başda Ali Baş Komandan olmaqla, Silahlı Qüvvələrimizi, bütövlükdə xalqımızı təbrik edirəm, əmin-amanlıq, rifah arzulayıram. Allah Şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə şəfa versin. 3 ilin hər gününü, 30 illik işğal dövründən tam fərqli əhval-ruhiyyə ilə xatırlayıram. Ötən 3 il hərbi-siyasi, sosial-iqtisadi, tikinti-quruculuq baxımdan olduqca məzmunlu, çoxsaylı hadisələrlə zəngin olmuşdur”.
Bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev tarixi zəfərimizin 3 ilinə nəzər salarkən səsləndirib. Millət vəkili bildirib ki, ötən 3 ilə nəzər salarkən hərbi nöqteyi-nəzərdən, Fərrux dağı ətrafının düşməndən təmizlənməsini, sərhəd boyunca sülhə məcbur etmə əməliyyatlarını, Laçın yolunun nəzarətə götürülməsini, bir günlük anti-terror tədbirlərini, NATO standartlarına uyğun komando birliklərinin yaradılmasını xatırlayır:
“Burada, məxsusi olaraq, Qarabağın təbii sərvətlərinin talan edilməsinin qarşısının alınmasında əhəmiyyətli rol oynayan ekoloqların keçirdikləri aksiyaları da qeyd etmək istərdim. İşğaldan azad olunmuş ərazilərdə 2 yeni İqtisadi vahid, Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonları yaradılmış, yerli idarəetmə strukturları formalaşdırılmış, minatəmizləmə, geniş miqyaslı tikinti-quraşdırma, bərpa işləri aparılmışdır. Ən müasir meyarlara cavab verən infrastruktur layihələri icra olunur, yeni şəhərlər, qəsəbələr, yaşayış məskənləri salınır”.
Deputat diqqətə çatdırlb ki, ordu quruculuğu prosesi sürətlə davam etdirilir, Silahlı Qüvvələrin döyüş qabiliyyəti daim artırılır, texnika, müasir silahlarla təchiz olunur, yeni hərbi şəhərciklər salınır:
“Artıq Böyük Qayıdış başlanmışdır. Hissə-hissə keçmiş məcburi köçkünlər yurdlarına qayıdırlar”.
Nəsib Məhəmməliyev qeyd edib ki, Qələbəyə inam hissi hər zaman olmuşdur:
“Buna bir dəqiqə belə şübhə etməmişəm. Ancaq, etiraf etməliyəm ki, Xankəndinin belə tezliklə azad olunacağına ən nikbin insanlar belə şübhə ilə yanaşırdılar. Cənab Prezidentin, Xankəndində müqəddəs bayrağımızı ucaltmasını izləmək son dərəcə qürurlu hadisə idi. Xanın kəndi, Tarixi Zəfərin 3 illiyinə həsr olunmuş hərbi parada hazırlaşır. Hər bir xalq üçün bundan böyük xoşbəxtlik ola bilərmi”.
Millət vəkili onu da deyib ki, belə qələbələr asan başa gəlmir:
“Biz bu nəticəyə gəlmək üçün 30 illik bir yol keçmişik. Beynəlxalq təşkilatların ermənipərəst, qərəzli yanaşmaları, bizi məğlubiyyətlə barışmağa sövq etmələri, ikili standartlar, işğalçıya haqq qazandırmaları ilə üzləşmişik. Üstəlik, Ermənistanın və separatçı rejimin günü-gündər artan həyasız davranışlarını, yeni ərazilərin zəbt ediləcəyi barədə hədə-qorxularını unutmaq mümkün deyil”.
Deputat tarixi zəfərimizi şərtləndirən amillər barədə də danışıb:
“Qələbəni şərtləndirən əsas amillərə gəldikdə, sözsüz ki, birinci faktor Prezident, Ali Baş Komandan İlham Əliyevdir. Dünya yaranandan, ümumilikdə 5500-dən artıq müharibələr olub və tarixə ancaq qalib sərkərdələrin adı düşüb. Tarixdə Makedoniyalı İsgəndər, Atilla, Sultan Fateh Mehmed, Teymurləng, Napoleon, Atatürk və s. dövlət başçıları qalıb. Qarabağ münaqişəsi, post-sovet məkanında mövcud olan analoji problemlərdən ən mürəkkəbi hesab olunurdu. Beynəlxalq birlik bizdən fərqli olaraq, digər üç münaqişədə vahid mövqe nümayiş etdirir, onların ərazi bütövlüyünə tam dəstək verirdilər. Məhz, cənab Prezidentin yüksək intellekti, diplomatik bacarığı, 44 günlük müharibədə isə, sərkərdəlik keyfiyyətləri sayəsində, o zamana qədər ictimai şüurlara hopmuş sterotiplər, erməni mifləri, darmadağın oldu. Təkcə Ermənistan məğlub olmadı. Dünya erməniliyinə, 150 ildən bəri onlara havadarlıq edən dünya güclərinin nüfuzuna sağalmaz zərbələr vuruldu. Tam səmimiyyətlə deyə bilərəm ki, son dərəcə mürəkkəb geosiyasi şərtlər daxilində Prezident İlham Əliyevin əldə etdiyi bu uğurlara kimsə nail ola bilməzdi.
İkinci faktor, ən müasir silahlarla, döyüş texnikası ilə təchiz olunmuş güclü Ordunun yaradılması, Silahlı Qüvvələrin vahid-mərkəzi komandanlıq vasitəsilə idarə olunmasıdır.
Üçüncü faktor, Milli birliyin, vətənpərvər gəncliyin formalaşmasıdır. Müharibə başlayan andan, 10 milyonluq xalq cənab Prezidentin ətrafında yumruq kimi birləşdi.
Dördüncü faktor isə, ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasıdır. Sadaladığım dörd faktor, Ali Baş Komandan, güclü ordu, milli birlik, sabitlik, tarixi Zəfəri şərtləndirən əsas amillərdir”.