Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin idmançıları arasında keçirilən MDB oyunlarına 2025-ci ildə Azərbaycan ev sahibliyi edəcək. İlk dəfə 2021-ci ildə Kazan şəhərində keçirilən yarış ikinci dəfə Belarusun paytaxtı Minskdə baş tutub.
Yarışlara yalnız MDB ölkələrindən deyil, başqa ölkələrdən də idmançılar dəvət edilir, bu baxımdan miqyasına görə böyük tədbir hesab olunur.
Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin Strateji təhlil sektorunun müdiri Ülviyyə Hacıyeva Ulusal.az-a bildirib ki, yarışlar bir sıra rayonlarda, həmçinin Xankəndidə keçirilməsi planlaşdırılır.
Ətraflı
Nazirlik rəsmisi vurğulayıb ki, Xankəndidə kamandan oxatma üzrə yarışlar təşkil ediləcək:
“III MDB Oyunları 2025-ci ilin 10-20 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək. Proqramda yer alan idman növlərinin və iştirakçıların sayına görə, ölkəmizin idman tarixində ən böyük oyunlardan biri hesab olunur.
Yarışlar Azərbaycanın 14 şəhərində – Gəncə, Xankəndi, Mingəçevir, Qəbələ, İsmayıllı, Şəki, Şəmkir, Tovuz, Qazax, Göygöl, Yevlax, Oğuz, Tərtər və Goranboyda keçiriləcək. 32 idman növü üzrə: stend atıcılığı, güllə atıcılığı, sərbəst, qadın, yunan-Roma güləşi, üzgüçülük, basketbol 3×3, stolüstü tennis, qılıncoynatma, futbol, atletika, badminton, voleybol, çimərlik voleybolu, boks, cüdo, bədii gimnastika, batut, həndbol, akademik avarçəkmə, kanoe, kamandan oxatma, taekvondo, velosiped, çövkən, sambo, karate və mas-reslinq. Proqrama həmçinin paralimpiya idman növləri olan paraüzgüçülük, paracüdo, parakarate və parataekvondo daxildir. Qeyd edirik ki, MDB-nin əvvəlki Oyunlarında paralimpiya idman növləri proqrama daxil edilməyib və bu da ilk dəfə III MDB Oyunlarında olacaq.
Oyunlar Gəncə İdman Sarayı, o cümlədən Gəncə Mərkəzi Stadionu, Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzi, Xankəndi Mərkəzi Stadionu, Şəkidəki Atçılıq Mərkəzi, Qəbələ Atıcılıq Klubu, Gəncə, Qəbələ, İsmayıllı, Şəki, Şəmkir, Tovuz, Yevlax, Göygöl, Qazax, Goranboy, Oğuz və Tərtər şəhərlərində yerləşən Olimpiya İdman Komplekslərində keçiriləcək”, – o qeyd edib.