Xanımlar və cənablar, Heydər Əliyev adına Beynəlxalq Hava Limanına xoş gəlmisiniz!
İldə ən azı bir neçə dəfə xoş səslə bu cümləni eşidirik.
Uçuşdan öncə gözləmə zalında təyyarələri izləyirik. Uniformalı, yaraşıqlı pilotlar, gözəl stüardessaları görəndə üzümüzdə təbəssüm yaranır. Necə gözəl görünürlər…Səma yolculuğunda onlarla uçacağıq.
Baqajlar yüklənir, qapılar açılır, pasportlar yoxlanır, kabinəyə daxil oluruq və əminik ki, gedəcəyimiz yerə sağ-salamat çatacağıq, çünki biz onlara güvənirik.
Onlar bu güvəni heç zaman sarsıtmayıblar. Hava şəraitinin necə olmasından asılı olmayaraq, peşəkar pilotlarımızın təyyarəni necə idarə etdiklərini uçuşlarda olan demək olar ki, hər kəs bilir.
Bəzən həmin anlarda düşüncələr dalğasına düşür insan… Demək olar ki, hər oğlan uşağı böyüyəndə pilot olmaq, boyu azca uzun olan qızlar stüardessa olmaq istəyir. Necə böyük amal?! “Çox sayda ölkəyə uçacam, dünyanın dörd bir tərəfində olacam kimi arzular…” Amma…Pilot olmaq üçün hansı sınaqlardan çıxmaq lazım olduğu, stüardessa olmaq üçün necə bir əzm lazım olduğu yalnız arzuya çatanda anlaşılır. Dünənki faciədə olduğu kimi.
İqor Kşnyakin,
Aleksandr Kalyaninov,
Hökümə Əliyeva,
Zülfüqar Əsadov,
Aydan Rəhimli
Qəhrəman pilotlar, cəsarətli stüardessalar…Arzusuna çatanlar, ailəsinin fəxri, hava yollarının qüruru olanlar günü gəlir bizi tərk edirlər. Qəhrəmanlıqla.
“Hər şey yaxşı olacaq” deyən Hökümənin səsi ilə. Hər şey isə yaxşı olmadı…
Bundan sonra hər uçuşda Hökümənin səsini eşidəcəyik, üzü gözümüzün önünə gələcək. Anasına “mənimlə fəxr edin” deyən Hökümə, hər birimiz Sizinlə fəxr edirik.
J2-8243 nömrəli reysin sərnişinləri uğurlu enişə görə ekipajı alqışlaya bilmədilər. Sağ qalanlar sadəcə pilotlara “ruhları şad olsun” deyə bilirlər.
Ruhunuz şad olsun!
Musavat.com