Ekspertlər deyir ki, bu böyük müəmmadır və ali rəhbər oğlunun namizəd olmasını istəmir
İranın Ekspertlər Şurasının təşkil etdiyi gizli komissiya ölkənin ali rəhbəri Əli Xameneidən sonrakı dövr üçün 3 nəfəri araşdırıb, seçib və prioritetləşdirərək, onların rəhbərlik qabiliyyətlərini təsdiq edib.
Bu barədə Ekspertlər Şurasının üzvü və İsfahanın cümə imamı Əbülhəsən Məhdəvi bildirib. O, bunun Əli Xameneinin istəyi və tapşırığı əsasında baş verdiyini bildirib.
Bu 3 namizəd kim ola bilər? Onların arasında Xameneinin oğlu Müctəba Xamenei də varmı? İranda yeni rəhbər dəyişikliyinin dinc keçidi mümkün olacaqmı?
Bu arada ABŞ-ın 45-ci prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Herbert Makmaster bildirib ki, İran İslam Respublikası “tezliklə öz ali dini lideri Əli Xameneinin ölümünü elan edəcək”. İsrail kanalları isə X sosial şəbəkəsində 85 yaşlı Xameneinin komaya düşdüyünü yazıb.
Xatırladaq ki, Əli Xamenei 1989-cu ildən, Ruhulla Xomeyninin ölümündən sonra İranın ali dini rəhbəri postunu tutur.
AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov kimin ali lider olmasından asılı olmayaraq, hazırkı siyasətin dəyişməyəcəyini düşünür: “Məlumdur ki, İran Konstitusiyasına əsasən ali dini lider ölkənin Ali Baş Komandanı olmaqla yanaşı, həm də icra strukturunun rəhbəri olaraq kifayət qədər səlahiyyətlərə malikdir. Bundan əlavə, İranın ali dini lideri ədliyyə və dövlət teleradio yayınları rəhbərlərini, habelə prezidentliyə və parlament üzvlüyünə namizədləri saf-çürük edən qurumun – Konstitusiya Keşikçiləri Şurası üzvlərinin yarısını təyin edir. Əsas nazirlər də dini rəhbərin razılığı ilə seçilir və İranın xarici siyasətində, o, həmçinin nüvə proqramında həlledici sözə malikdir.
İranda İslam inqilabından sonra ilk konstitusiyada ali dini liderin xalq tərəfindən seçilməsi nəzərdə tutulsa da elə ilk dini liderin, yəni Ruhullah Xomeyninin zamanında həmin maddə dəyişdirildi və ali dini lideri seçmək səlahiyyəti üləmalar məclisinə verildi. Üləmalar Məclisi 82 seçkili üzvdən ibarətdir və onlar ali rəhbərin seçilməsi, ona nəzarət olunması və hətta vəzifədən uzaqlaşdırılması səlahiyyətlərinə malikdirlər.
Kimlərin ali dini lider ola biləcəyinə gəldikdə isə, bu böyük müəmmadır və ekspertlər şurası da onların adını qaydalara görə gizli saxlamaq məcburiyyətindədir.
Helikopter qəzasına qədər Ali dini lider vəzifəsinə ən real namizəd olaraq İbrahim Rəisinin adı çəkilirdi. Zaman-zaman isə Ayətullah Xameneinin oğlu Müctəba Xamenei və İran inqilabının banisi Xomeyninin nəvəsi Həsən Xomeyninin də adının Ali dini lider vəzifəsinə namizəd olaraq çəkildiyi məlumdur.
Amma məsələ burasındadır ki, İranda üləmalar məclisinin kimlərdən ibarət olması məlumdur. Üləmalar məclisinin əksəriyyətinin mühafizəkarlardan ibarət olması, SEPAH-ın da bu məclisə kifayət qədər təsir imkanları olduğunu nəzərə alsaq deyə bilərik ki, yeni seçiləcək liderin də siyasətində indiyə qədər olandan fərqli bir mövqe olmayacaq”.
Tanınmış siyasət yazarı Kənan Rövşənoğlu hesab edir ki, Ayətullah Xamenei oğlunun namizəd olmasını istəmir: “Ayətullah Əli Xamenei haqda ölüm xəbərləri daha əvvəl də yayılıb. Bu mənada indi yayılan xəbərləri təsdiqləmək və ya təkzib etmək mümkün deyil. İnformasiya müharibəsi elementi də ola bilər. Hazırda İran və İsrail arasında müharibə olduğu üçün bu cür xəbərlərin yayılmasına da informasiya müharibəsinin elementi kimi baxmaq olar. O ki qaldı dini liderin varisi mövzusuna, bəli, bu həftə İran Xubreqan məclisinin üzvlərindən biri, İsfahan nümayəndəsi dedi ki, müvafiq komissiya gələcək dini liderliyə namizəd müəyyən edir, artıq 3 nəfər namizəd var. Amma bu şəxslərin adı deyilməyib. Ötən il də belə bir xəbər buraxıldı və hətta İran mediası mümkün namizədləri yazdı. Amma indi heç kimin bu barədə etibarlı məlumatı yoxdur. Namizədlərdən biri kimi Ayətullah Xameneinin oğlu Müctəba Xameneinin adı çəkilir. Onun yüksək dini elmi dərəcəyə sahib olması, “xaric dərsləri” deməsi, yəni dini baxımdan uyğun şəxs olmasına və SEPAH-la yaxın olmasına görə adı çox hallanır. Görünür, İranın içərisində onun namizəd olmasını istəyənlər var. Amma Müctəbanın yeganə zəif yeri onun hazırkı dini liderin oğlu olmasıdır. Çünki belə olsa, bu, fiziki varislik olacaq, bu isə birmənalı qarşılanmayacaq. Yeri gəlmişkən, Xubreqanın müvafiq namizəd komissiyasının üzvü ötən il demişdi ki, dini lider oğlunun və ya ailəsindən bir başqasının namizəd olmasına etiraz edib. Yəni Ayətullah Xamenei oğlunun namizəd olmasını istəmir. Ondan kənarda başqa bir neçə din xadiminin adı var. İranın mövcud qanunlarına görə, Vəliyyi-fəqih din elmləri üzrə yüksək təhsilə malik şəxs olmalıdır. Ancaq əlbəttə, indiki vaxtda mümkün namizədlərin adını gizli saxlayacaqlar. Mənim fikrimcə, vliyyi-fəqih postuna namizədin kimliyi hələ bir neçə il əvvəldən bəllidir. Ancaq hələlik onun adını təhlükəsizlik səbəbindən gizli saxlayırlar. Üstəlik, bu şəxs ruhanilər məclisi, yəni Xubreqan tərəfindən lazımi səsi almalıdır ki, seçilsin, bu isə mürəkkəb prosedurdur”.musavat.com