image-2000x150
image-26jpg-1682493310backend

“Xalqın Heydər Əliyevə inamı təsadüfi deyildi…” – Tahir Budaqov

image-728x90

“Heydər Əliyev İli” çərçivəsində respublikamızda və ölkə xaricində müxtəlif tədbirlər keçirilir, yeni, müasir və müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının (YAP) qurucusu, müdrik dövlət xadimi Heydər Əliyevin zəngin dövlətçilik irsinə hərtərəfli nəzər salınır və Ulu Öndərin əbədiyaşar ideyaları geniş ictimaiyyətin diqqətinə çatdırılır. 30 ildə zəngin və şərəfli inkişaf yolu keçərək Azərbaycanın tərəqqisində müstəsna rol oynayan Yeni Azərbaycan Partiyası tərəfindən də “Heydər Əliyev İli” çərçivəsində müxtəlif tədbirlərin – müsabiqələrin, aksiyaların, görüşlərin, elmi-praktik konfransların keçirilməsi nəzərdə tutulub.

Ulusal.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Müstəqil Azərbaycanın memarı” adlı beynəlxalq elmi konfransda deyib.

Onun sözlərinə görə, YAP Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiqlənən Tədbirlər Planı çərçivəsində Heydər Əliyev şəxsiyyətinin müasir dövlətçilik tariximizdə müstəsna yerinin və rolunun tədqiq olunması, dahi şəxsiyyətin ideyalarının yeni nəslə aşılanması məqsədilə respublikamızın bütün bölgələrində tanınmış ictimaiyyət nümayəndələrinin iştirakı ilə silsilə tədbirlər artıq həyata keçirilməkdədir:

“Bugünkü beynəlxalq elmi konfrans Heydər Əliyevin xalqımız qarşısında müstəsna xidmətlərinin, Ulu Öndərin bizə bəxş etdiyi müstəqil Azərbaycanın inkişaf yolunun hərtərəfli öyrənilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Müasir müstəqil Azərbaycan Heydər Əliyevin zəngin milli-mənəvi dəyərlərə və çoxəsrlik dövlətçilik ənənələrinə malik xalqımıza ən böyük tarixi və mənəvi-siyasi mirasıdır.

Ötən əsrin 90-cı illərinin əvvəlində dövlət müstəqilliyini yenicə bərpa etmiş, amma “ya olum, ya ölüm” dilemması qarşısında olan Azərbaycan xalqı düzgün seçim etməklə ölkənin xilasına, rifah və tərəqqi yoluna çıxmasına, respublikamızın əsl müstəqillik qazanmasına nail oldu. Söhbət o zamana qədər Azərbaycan SSR-in rəhbəri kimi respublikamızın intibahını təmin edən və gələcək müstəqilliyinin əsaslarını formalaşdıran, Sovet İttifaqı dövründə Azərbaycan dilinin respublika konstitusiyasında dövlət dili kimi təsbit edilməsinə nail olan, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi ölkəmizin mənafelərini qətiyyətlə qoruyaraq xalqımızın rifahı və firavanlığı naminə vacib işlər görən, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri kimi blokada vəziyyətində olan muxtar respublikanı ağır sosial-iqtisadi vəziyyətdən və tənəzzüldən xilas edərək dirçəlişini təmin edən və Türkiyə başda olmaqla bir sıra xarici dövlətlərlə beynəlxalq əlaqələrini genişləndirən, ilk dəfə Naxçıvanda üçrəngli bayrağımızın qaldırılmasına müvəffəq olan və bütövlükdə ölkəmizə mühüm nailiyyətlər qazandıran Heydər Əliyevin xalqın təkidli tələbi ilə tarixi-siyasi məsuliyyəti öz üzərinə götürməsindən, respublikamızı siyasi təlatümlərdən, iqtisadi böhrandan, regional təcrid vəziyyətindən xilas edərək inkişaf yoluna çıxarmasından, güclü – qüdrətli və nüfuzlu dövlətə çevirməsindən gedir.

Məlumdur ki, ölkədə iqtisadi böhran və siyasi hərc-mərcliyin hökm sürdüyü, Ermənistan tərəfindən respublikamızın ərazi bütövlüyünə qəsd edildiyi – torpaqlarımızın ard-arda işğal olunduğu ağır, acınacaqlı və mürəkkəb bir şəraitdə Azərbaycan xalqı çıxış yolunu qətiyyətli və vətənpərvər, zəngin idarəetmə təcrübəsinə malik lider – dahi şəxsiyyət Heydər Əliyevin ətrafında sıx birləşməkdə görmüşdü. Təbii ki, xalqın Heydər Əliyevə inamı təsadüfi deyildi, konkret reallıqlara əsaslanırdı, Ulu Öndərin ayrı-ayrı dövrlərdə və müxtəlif vəzifələrdə xalqımız qarşısındakı misilsiz xidmətlərindən qaynaqlanırdı. Bu inam və etimadın bariz təzahürü kimi Azərbaycan xalqının qabaqcıl nümayəndələrindən olan 91 nəfər ziyalının müraciəti əsasında 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması xalq-Lider birliyi və milli həmrəylik şəraitində qarşıda duran milli vəzifələrin yerinə yetirilməsində müstəsna rol oynadı.

Müdrik dövlət xadimi Heydər Əliyevin liderliyi ilə Yeni Azərbaycan Partiyası dövlətimizin maraqlarına uyğun prinsipial mövqe ortaya qoyaraq qısa zamanda xalqın böyük dəstəyini qazandı. Heydər Əliyev şəxsiyyətinə sarsılmaz inam Yeni Azərbaycan Partiyasının da yüksək nüfuz qazanmasını şərtləndirdi. 1993-cü ilin 3 oktyabr tarixində keçirilən seçkilərdə xalqın müdrik seçimi – böyük etimadı əsasında Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev milli maraqlardan irəli gələn strateji hədəfləri uğurla reallaşdırmaqla Azərbaycanı müstəqil ölkəyə çevirdi, başqa sözlə, müstəqillik de-fakto təmin olundu. Həyata keçirilən uzaqgörən və məqsədyönlü siyasət nəticəsində sabitlik və təhlükəsizlik mühitinin yaradılması, xarici dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın qurulması və münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasında inkişaf etdirilməsi, beynəlxalq təşkilatlarda yüksək fəallığın təmin olunması və digər mühüm addımlar müstəqilliyin möhkəmləndirilməsini, Azərbaycanın regionda rolunun artmasını, qlobal siyasi arenada imkanlarının genişlənməsini təmin etdi, ölkəmiz beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa çevrildi”.

Tahir Budaqov bildirib ki, Ümummilli Liderin xalqın firavan gələcəyi və dövlətin parlaq perspektivləri naminə müstəsna xidmətlərindən biri siyasi varisliyin təmin olunması inkar olunmaz həqiqətdir:

“Ulu Öndərin siyasi varisi olan İlham Əliyev 2003-cü ildə xalqın iradəsi ilə Prezident seçildikdən sonra ölkəmizin inkişafında yeni mərhələnin əsası qoyuldu. Azərbaycan dövləti öz iqtisadi, siyasi, hərbi gücü və xalqımızın mübarizə ruhu, əzmkar mövqeyi sayəsində yeni zirvələrə doğru inamla irəliləməyə başladı, bütün sahələrdə möhtəşəm və tarixi əhəmiyyətə malik uğurlar əldə olundu. Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması – 44 günlük Vətən müharibəsində qazanılmış şanlı qələbə sayəsində torpaqlarımızın işğaldan azad edilməsi isə Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasətinin real nəticəsidir.

Bir sözlə, Prezident İlham Əliyevin Heydər Əliyev ideyalarına əsaslanan, milli maraqlara və müasir çağırışlara cavab verən ardıcıl siyasəti Azərbaycanın bugünkü inkişafını təmin, gələcək strateji hədəflərinin isə gerçəkləşməsini mümkün edən başlıca amildir.

Hörmətli tədbir iştirakçıları,

Azərbaycan xalqı hər zaman Heydər Əliyev siyasətinə, Onun parlaq ideyalarına sədaqət nümayiş etdirmişdir. Cəmiyyətin bütün təbəqələrini təmsil edən vətənpərvər insanlar kimi, Bakı Dövlət Universitetində çalışan qabaqcıl elm xadimləri, ziyalılar da Ulu Öndərin ideyalarının reallaşmasında mühüm rol oynamış, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasətinə qətiyyətli dəstək ifadə etmişlər. Bu, Ümummilli Liderimizin məzunu olduğu və fəaliyyətinə hər zaman böyük önəm verdiyi, yüksək diqqət və qayğı göstərdiyi Bakı Dövlət Universitetinin milli məsələlərdə və tarixi-siyasi məsuliyyət anlarında öz sözünü deyən ziyalılar ordusuna malik olduğunu təsdiqləyən təkzibedilməz faktdır.

Xüsusi vurğulamaq istəyirəm ki, bu gün tarixi ənənələrə və zəngin elmi təcrübəyə malik olan Bakı Dövlət Universitetinin elm və təhsil sahəsi ilə yanaşı, siyasi proseslərdə də fəal rol oynayan, prinsipial mövqeyi və sağlam əqidəsi ilə fərqlənən nüfuzlu alimləri partiyamızın sıralarında təmsil olunurlar. Yeni Azərbaycan Partiyasının üzvü olan elm xadimlərinin dövlətçilik, azərbaycançılıq, vətənpərvərlik prinsipləri əsasında çalışmaları, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmələri Heydər Əliyev irsinə və ideyalarına sədaqət nümunəsi olmaqla yanaşı, Azərbaycanın inkişafına, qarşıda duran milli hədəflərin reallaşmasına önəmli töhfədir”.

“Bu gün dahi şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyevin ruhu şaddır. Çünki Onun vəsiyyəti siyasi varisi, dövlətimizin başçısı, partiyamızın Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yerinə yetirilmişdir: Azərbaycan Ulu Öndərin arzuladığı – görmək istədiyi kimi qüdrətli, əzəmətli və qalib dövlətdir!

Azərbaycan xalqı müstəqil dövlətimizin banisi, dahi şəxsiyyət, müdrik dövlət xadimi Heydər Əliyevin əziz xatirəsini daim ehtiramla və minnətdarlıqla yad edəcək, Ulu Öndərin əziz xatirəsini qəlbində əbədi yaşadacaqdır!” – , deyə Tahir Budaqov fikrini yekunlaşdırıb./teleqraf.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90