image-rt-reklam
image-vasif_kafarov_deputatbackend

Xalqımızın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan və inkişaf etdirən Azərbaycan dilidir

image-728x90

“Azərbaycan dili hər bir azərbaycanlının milli-mənəvi varlığının əsas dayağı, kimlik və qürur mənbəyidir. Ulu Öndər Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunması dilimizə verilən yüksək dəyərin, tarixə və gələcəyə olan məsuliyyətli münasibətin göstəricisidir.” – bu fikirləri Milli Məclisin deputatı Vasif Qafarov bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycan dilinin bugünkü dövlət dili statusuna yüksəlməsi uzun və çətin bir mübarizə yolu keçib.

“Xüsusilə SSRİ dövründə, 1970-ci illərin ortalarından başlayaraq milli dillərə qarşı aparılan assimilyasiya siyasəti çərçivəsində ana dilimizin sıxışdırılması prosesi gücləndi. Belə bir şəraitdə Azərbaycan dilinin müdafiəsi ilə çıxış etmək böyük cəsarət tələb edirdi. Ulu Öndər Heydər Əliyev bu sahədə tarixə düşəcək addımlar ataraq bütün süni məhdudiyyətlərə baxmayaraq, Azərbaycan dilinin dövlət dili kimi tanınması uğrunda ardıcıl mübarizə aparıb. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ümummilli Lider Heydər Əliyevin təklifi ilə konstitusiyanın 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”” – deyə millət vəkili bildirib.

Vasif Qafarov qeyd edib ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ana dilinin hüquqi statusunun daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl və sistemli islahatlar həyata keçirildi.

“1995-ci ildə qəbul olunan Konstitusiyanın 21-ci maddəsində “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir” ifadəsinin yer alması bu siyasətin təməl daşlarından biri oldu. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Prezident Fərmanı dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan sözügedən Fərman əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı. 30 sentyabr 2002-ci ildə qəbul olunan “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun Azərbaycan dilinin hüquqi statusunu müəyyənləşdirdi və dövlət dili kimi tətbiqinin, qorunmasının və inkişaf etdirilməsinin hüquqi çərçivəsini formalaşdırdı. Bu sənəd həm də dünya azərbaycanlılarının milli-mədəni tələbatlarının ödənilməsində mühüm rol oynadı. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət dili siyasəti də məhz Ulu Öndərin müəyyən etdiyi prinsiplərə əsaslanır. Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən 2004-2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısının hazırlanması, 2004-cü il 14 yanvar tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il 30 dekabr tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” Sərəncamlar bu sahədə mühüm addımlar oldu. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında 2013-cü il 9 aprel tarixli Sərəncamı ana dilimizin zənginliyinin qorunması və elmi əsaslarla inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ulu Öndər Heydər Əliyev Azərbaycan dilini “şeir dili”, “bədii ifadələrlə dolu zəngin dil” kimi dəyərləndirərək, onun qorunmasının hər bir azərbaycanlının vəzifəsi olduğunu bildirib: “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.” Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişafı – müstəqil dövlətçiliyimizin, milli kimliyimizin və mənəvi irsimizin əsas dayaqlarındandır. Xalqımızın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan və inkişaf etdirən Azərbaycan dilidir. Bu gün dilimiz yalnız bir ünsiyyət vasitəsi deyil, həm də tarixi yaddaşımızın, mədəniyyətimizin, ədəbiyyatımızın və gələcəyə daşıdığımız milli ruhumuzun təcəssümüdür. 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü xalqımızın dilinə olan məhəbbətinin, sədaqətinin və onun əbədi yaşadılacağına olan inamının bayramıdır.” – Vasif Qafarov əlavə edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90