Bildiyimiz kimi, 19 noyabr saat 20:00-da Azərbaycanın xalq artisti Həmidə Ömərova dostları və həmkarları ətrafında öz yubiley yaradıcılıq axşamını tamaşaçılarla birgə Opera studiyasının səhnəsində keçirəcək.
Aktrisa görüşlə bağlı planlarını və fikirlərini eksklüziv olaraq Moderator.az saytı ilə bölüşdü:
“Ayın 19-u yaradıcılıq gecəm olacaq. Çətinliklə razılıq vermişəm. Əslində, biz kinematoqrafçılar üçün ən yaxşı ünsiyyət vasitəsi kinodur. Mən belə hesab edirəm. Amma ilk dəfədir ki, tamaşaçılarla belə üz-üzə qalacam. Teatr tamaşalarında iştirak eləmişəm, 10 il Əli Əmirlinin əsəri olan, Bəhram Osmanovun quruluş verdiyi “Hasarın o üzü” tamaşasında Nurəddin Mehdixanlı ilə tərəf müqabili olmuşam. Bu, bir növ hesabatdır. Belə yaradıclıq gecələrinin necə keçməsi aktyordan çox, tamaşaçıların fəallığından asılı olur. Mən öncədən özüm üçün ssenari planlaşdırmamışam. Mən improvizə etməyi xoşlayıram. Öncədən dialoqlar, çıxışlar hazırlamamışam. Yəqin ki, dostlarım mənə surprizlər hazırlayıblar. Dəvət olunanlar arasında mənim həm sənət dostlarım olacaq, həm həyat dostlarım, həm kurs yoldaşlarım Sona xanım Mikayılova, Fərhad İsrafilov, Əliqulu Səmədov, Ötkəm İsgəndərov olacaqlar. Əfsuslar olsun ki, biz az qalmışıq, sayımız azalıb. Allah qalanlara ömür versin. Mənim sənət dostlarım olacaq- Firəngiz Mütəllimova, Sənubər İsgərdərli, Zemfira Sadıqova, Xalidə Quliyeva, Hicran Nəsirova, Suğra Bağırzadə, Nurəddin Mehdixanlı, xalq artisti Səidə Quliyeva. Eşitmişəm ki, Sərxan Sərxan da iştirak edəcək bu gecədə. Biz onunla 40 il əvvəl Tofiq İsmayılovun “Musiqi müəllimi” filmində çəkilmişik, mənim tələbəm, mənim sevimlim, oğlumun toyunda fəal iştirak edən Gülyanaq Məmmədova da iştirak edəcək. Yəqin başqa surprizlər də olacaq, açığı, mən bilmirəm.”
Aktrisa qeyd etdi ki, onu illərlə ekrandan, səhnədən izləyən, amma real həyatda görmək istəyən tamaşaçıları görüşünə dəvət edir və vurğuladı ki, görüşün sonunda tamaşaçılara imkan yaradılacaq ki, onlar öz sevimli aktrisalarına sual ünvanlasınlar:
“Yəqin ki, sonda tamaşaçılara tribuna veriləcək ki, sualı olan mənə öz sualını ünvanlaya bilsin. Orda edəcəklərimi indidən desəm, yaradıcılıq gecəsinə lüzum qalmaz. Mən istəyirəm ki, o gecəyə gələnlər hamısı xoş əhval-ruhiyə ilə geri qayıtsınlar. Məni həmişə ekrandan izləyən tamaşaçılar var ki, onlar məni realda görmək istəyirlər. O tamaşaçıları mən şəxsən öz yaradıcılıq gecəmə dəvət edirəm.
Film, səhnə həyatım boyu rastlaşdığım məzəli, yaddaqalan, unudulmaz anları danışmaqla daha maraqlı olar. İnşallah ki, tamaşaçılar darıxmayacaqlar.”