Mədəniyyət Nazirliyi Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevin ölümü ilə bağlı nekroloq yayıb.
Nekroloqda deyilir:
“Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayev vəfat etmişdir.
Arif Babayev uzun illər ərzində milli musiqi sənətimizin inkişafında, muğam məktəbinin qorunub saxlanılmasında və yeni nəsil ifaçıların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. Onun zəngin yaradıcılığı, pedaqoji fəaliyyəti və sənətə verdiyi töhfələr xalqımızın mədəni irsində daim yaşayacaqdır.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi mərhum sənətkarın ailəsinə, yaxınlarına və bütün mədəniyyət ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!”.
***
08:57
Xalq artisti Arif Babayev vəfat edib.
Bu barədə xanəndənin oğlu Yaşar Babayev məlumat verib.
O bildirib ki, atası bu gün səhər saatlarında vəfat edib.
Qeyd edək ki, Xalq artisti iyulun 23-də kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisəsinə təxliyə edilib və vəfat etməsinə qədər burada müalicəsi davam etdirilib.
Arif Babayev 20 fevral 1938-ci ildə Ağdamın Sarıcalı kəndində anadan olub. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirdikdən sonra Azərbaycan Dövlət Filarmoniyasında və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışıb.
Arif Babayev muğam operalarında Məcnun, Kərəm (Ü.Hacıbəyov “Leyli və Məcnun”, “Əsli və Kərəm”), Aşıq Qərib (Z. Hacıbəyov “Aşıq Qərib”), Camal (Ş. Axundova “Gəlin qayası”) kimi yaddaqalan obrazlar yaradıb, eləcə də onun ifasında bütün muğam dəstgahları səslənmiş və lentə alınaraq Azərbaycan Dövlət Televiziyasının “Qızıl fond”una daxil olub.
1984-cü ildə ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə qəbul olunan xanəndə 1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb və üzun müddət Milli Konnservatoriyanın Muğam kafedrasına rəhbərlik edib.
“Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenli Xalq artisti 2 fevral 2024-cü ildə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı, 8 may 2025-ci ildə isə Heydər Əliyev Mükafatı ilə təltif olunub.
Allah rəhmət eləsin!