3 İran vətəndaşı motorlu qayıqla Xəzər dənizinin Azərbaycan sektoruna daxil olmaqla Xaçmaz rayonu ərazisində sahilə çıxıblar. Onlar Xaçmaza narkotik daşıyıcıları olub. Dövlət Sərhəd Xidməti əməkdaşlarının həyata keçirdiyi əməliyyatla onlar saxlanılıb, istifadələrində olan sürətli qayıqda 510 kiloqram narkotik vasitə aşkarlanıb.
Dövlət Sərhəd Xidmətindən verilən məlumatdan belə aydın olur ki, ilkin dindirmə zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları – 1979-cu il təvəllüdlü Atacani Tahir Xaləd, 1987-ci il təvəllüdlü Məxtumi Sadiq Ərazqurban və 1989-cu il təvəllüdlü Qangerme Omid Çalce olması müəyyən edilib.
Sərhəd pozucularının üzərindən aşkar edilən “Garmin” markalı GPS qurğusunun yaddaşına baxış keçirilərkən onların İran İslam Respublikası ərazisindən 1074 km məsafə qət edib Türkmənistan Respublikasının ərazi sularından keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olması müəyyən edilib.
Əməliyyat tədbirlərinin davamı nəticəsində hadisə yerində “Niva” markalı nəqliyyat vasitəsində 4 nəfər Azərbaycan vətəndaşı şübhəli şəxs qismində saxlanılıb.
Fаkt üzrə Baş Prokurorluqla birgə istintaq-əməliyyаt tədbirləri dаvаm еtdirilir.
İranlı narkoqaçaqçıların Xaçmaz ərazisini seçmələri təsadüfi idimi, yoxsa bu istiqamət artıq narkotik marşrutuna çevrilib?
Deputat, Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev açıqlamasında bildirib ki, son vaxtlar narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı Azərbaycan xüsusi xidmət orqanları, Dövlət Sərhəd Xidməti, Gömrük Xidməti, hüquq-mühafizə orqanları unikal əməliyatlar həyata keçirir və çox ciddi nəticələr əldə edilməkdədir:
“44 günlük Vətən müharibəsində qələbəmizdən sonra işğal altında olan və narkoqaçaqçıların sərbəst hərəkət etdikləri 130 kilometrlik ərazi qapandı. İran və Azərbaycan arasında olan bu zona bağlandıqdan sonra artıq beynəlxalq narkotrafiklə məşğul olan qurumlar digər marşrutlara üstünlük verməyə məcbur olublar. Dəniz, quru və hava yolu ilə narkotrafikə yenidən baxılır və yeni marşrutlar axtarılır, köhnə marşrutlara dəyişikliklər etməkdədir. Azərbaycan Sərhəd Xidməti əməkdaşları yeni marşrutdan istifadə edən narkoqaçaqçıları yaxalayıblar.
Əgər xəritəyə fikir versək, narkotik vasitələrin qanunsuz dövriyyəsi 3 dövlətin ərazisində başlayır və region ölkələrinə yayılır. Əfqanıstandan İrana daşınan narkotiklər orada İran-Türkmənistan dövlət sərhədlərinin kəsişdiyi ərazidən Xəzər dənizinə çıxmaqla region dövlətlərinə daşınır. Narkotiklər əsasən Türkmənistan ərazisi ilə dənizə çıxarılır və neytral sularla Xəzərətrafı dövlətlərə aparılır”.
Arzu Nağıyev deyib ki, sentyabr, oktyabr aylarında Əfqanıstanda narkotik vasitələrin qanunsuz dövriyyəsi daha da artır:
“Təbii bitkilərdən hazırlanan daha güclü narkotiklər əldə edilir. Tiryək sulfat turşusu ilə yenidən işləndikdən sonra alınan heroin Əfqanıstandan qeyd olunan və digər marşrutlarla dünyaya yayılır. Son illər Azərbaycanda bu bəlaya qarşı bütün hüquq-mühafizə orqanları – Gömrük Xidməti, Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Prokurorluq və Daxili İşlər Nazirliyi çox ciddi şəkildə mübarizə aparırlar.
Əfqanıstandan Avropaya narkotik daşınmasının ən asan yolu Əfqanıstandan İran-Azərbaycan-Gürcüstan-Ukrayna-Moldova marşrutudur. Azərbaycan yerləşdiyi coğrafi məkan baxımından narkotiklərin daşındığı yolun bir hissəsidir. Qaçaqmal narkotik daşınması, silah alveri sərhədlərin açıq və qapalı olmasına rəğmən, bir an belə dayanmır.
Məlum məsələdir ki, Türkmənistandan gətirilən narkotik vasitələr Xaçmaz istiqamətində gedirsə, yəqin ki, bu, yeni marşrutla Rusiyaya aparılacaq bir narkotik partiyası ola bilərdi. Düşünürəm ki, prosesləri izləməklə yenilənmiş marşrutları müəyyən etmək olacaq.
Azərbaycan hüquq-mühafizə orqanlarının bu istiqamətdə apardığı mübarizə göz önündədir. Bu, dünya narkoticarəti ilə qanunsuz məşğul olanlara bir siqnaldır”.
Deputat qeyd edib ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların hazırlanması üçün xammalın qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzi (Central Asian Regional Information and Coordination Centre for Combating Illicit Trafficking of Narcotic Drugs, Psychotropic Substances and their Precursors) fəaliyyətdədir:
“Əfqanıstandan yayılan narkotiklərin qarşısını almaq məqsədilə Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (BMT NCİ – UNODC) Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan ilə birlikdə MARİƏM-in yaradılması üzrə layihəni həyata keçirir.
Qazaxıstanın Almatı şəhərində yerləşən Mərkəzin məqsədləri narkotiklər sahəsində qeyri-qanuni əməllər üzrə məlumat mübadiləsinin təmin edilməsi, bu əməllərin qarşısını almağa yönələn birgə əməliyyatların təşkili və həyata keçirilməsinə yardım göstərməkdən ibarətdir.
Mərkəz üzv ölkələrdə narkotiklərlə mübarizə aparan və bu sahədə əməliyyat-axtarış fəaliyyətinin subyekti – yəni polis, milli təhlükəsizlik, gömrük, sərhəd xidməti orqanları ilə əməkdaşlıq edir. Mərkəzin şəxsi heyəti yuxarıda qeyd olunan orqanların əməkdaşları sırasından açıq müsabiqə yolu ilə beynəlxalq komissiya tərəfindən müəyyən edilir.
Bundan başqa, hər bir üzv ölkə, habelə müşahidəçi statusuna malik olan digər ölkə və yaxud səlahiyyətli beynəlxalq təşkilat Mərkəzə səlahiyyətli nümayəndə (əlaqələndərici zabit) ezam etməklə əməliyyat məlumatının mübadiləsi və birgə əməliyyatların təşkilində güclü mexanizm qurmuş olurlar.
Bu mexanizmi daha da gücləndirmək məqsədi ilə İnterpol, Avropol, Ümumdünya Gömrük Təşkilatı və sair təşkilatlarla sıx əlaqələr qurulmaqdadır. Bu dövlətlərin koordinasiyalı şəkildə məlumat mübadiləsi var və bu, ciddi bir qurumdur. Burada həm müşahidəçi qismində iştirak edən dövlətlər, həm də iştirakçı dövlətlər birmənalı şəkildə bu istiqamətdə çox ciddi təhlillər aparırlar, aşkarlama işi ilə məşğul olurlar. Düşünürəm ki, bu təsisat effektiv mübarizə üçün çox gözəl bir platformadır”.
Deputat vurğulayıb ki, Azərbaycanın sərhəd təhlükəsizliyinin gücləndirilməsi, xüsusilə İranla sərhəddə narkotik ticarətinə qarşı mübarizə uzunmüddətli planlama və əməkdaşlıq tələb edir:
“Hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə yanaşı, İran tərəfiylə dialoqun, birgə əməliyyatların və etibarlı informasiya mübadiləsinin gücləndirilməsi regionun təhlükəsizliyinə ciddi töhfə verə bilər. Narkotiklə mübarizə yalnız Azərbaycanın deyil, bütöv regionun prioritetidir və qonşu ölkələrlə əməkdaşlıq bu yolda ən effektiv vasitədir”.Musavat.com