Ukrayna qış mövsümündə enerji infrastrukturunu qorumaq və əhalini işıq və istiliklə təmin etmək üçün yeni strategiya hazırlayıb. The Wall Street Journal yazır ki, yeni strategiyanın əsasını ABŞ istehsalı olan iri həcmli batareya sistemləri təşkil edir. Bu akkumulyatorlar enerji təminatında yaranacaq fasilələri kompensasiya etmək üçün nəzərdə tutulub və ciddi qorunan məkanlarda yerləşdirilib.
Jurnal qeyd edir ki, ötən qış Ukraynanın enerji təchizatçıları dəfələrlə Rusiya raket və dron hücumlarına məruz qalmalarına baxmayaraq, əsas enerji təminatını saxlamağı bacarıblar. Lakin bu qış vəziyyət daha çətin ola bilər, çünki Rusiya zərbə dronlarının istehsalını artıraraq Ukrayna hava hücumundan müdafiə sistemlərini zəiflətməyə çalışır.
Yeni nəsil enerji saxlama sistemləri – “akkumulyator parkları” – enerji təminatını tənzimləməyə və hücum zamanı alternativ enerji mənbəyi kimi çıxış etməyə imkan verir. Onların ümumi gücü 200 meqavat təşkil edir ki, bu da təxminən 600 min evə iki saata qədər elektrik enerjisi verməyə kifayət edir. Bu göstərici Vaşinqton səviyyəsində bir şəhərin enerji tələbatına bərabərdir.
Ən vacib məqamlardan biri isə odur ki, bombardman zamanı bu batareyalar mühəndislərə nasazlıqları aradan qaldırmaq və enerji sistemini bərpa etmək üçün zaman qazandırır, bu da kütləvi elektrik kəsintilərinin qarşısını almağa kömək edir.
Batareyaların dəqiq yerləşdiyi ərazilər ciddi şəkildə gizli saxlanılır. WSJ bildirir ki, artıq Kiyev və Dnepropetrovsk vilayətlərində yerləşən altı obyekt ölkənin enerji sisteminə qoşulub və enerji mənbələrinin sıradan çıxması halında ehtiyat təminat funksiyasını yerinə yetirir.
Bununla yanaşı, Ukrayna günəş və külək enerjisi kimi alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına da önəm verir. Analitiklər vurğulayırlar ki, bu mənbələr atom və ya istilik elektrik stansiyalarını tam əvəz edə bilməsə də, enerji balansında diversifikasiyanı təmin edir. Üstəlik, bu stansiyalar fərdi rejimdə işlədiklərindən, bir turbina sıradan çıxsa belə, digərləri fəaliyyətini davam etdirə bilər. Bu, hücum zamanı istilik stansiyalarına nisbətən daha davamlıdır.
Batareyaların bərpa olunan enerji ilə inteqrasiyası isə enerjinin fasiləsiz tənzimlənməsinə və ehtiyat toplanmasına imkan verir. Məsələn, günəş çıxmadığı və ya külək dayandığı zaman belə, bu sistemlər enerji təchizatını davam etdirə bilir.
“Fluence” adlı ABŞ şirkətinin – bu batareyaları Ukraynaya tədarük edən qurumun – baş direktoru Culian Nebreda bildirib ki, bu sistemlərin modulluğu böyük üstünlükdür. Onun sözlərinə görə, hər bir batareya bloku müstəqil şəkildə dəyişdirilə bilər və bu, digər bloklara təsir etmir. Həmçinin, bu sistemlər yanğın təhlükəsizliyi baxımından da təkmilləşdirilib ki, bu da Ukrayna kimi riskli bölgələr üçün xüsusilə vacibdir.
Rusiya enerji obyektlərinə hücumları davam etdirir
Son günlər Rusiya ordusu Ukraynanın enerji infrastrukturuna qarşı hücumlarını intensivləşdirib. 5 oktyabr tarixində Zaporojye vilayətində yerləşən “Zaporojyeoblenerqo” müəssisəsinin avadanlıqları zədələnib. Nəticədə vilayət mərkəzi və ətraf rayonlarda genişmiqyaslı enerji kəsintiləri yaşanıb.
Bundan əvvəl – 4 oktyabr gecəsi – Rusiya ordusu Çerniqov vilayətində yerləşən mühüm enerji obyektlərini hədəfə alıb. Nəticədə təxminən 50 min sakin işıqsız qalıb.
Həmçinin, ötən həftə ərzində Rusiya qüvvələri iki dəfə Ukraynanın qaz infrastrukturuna hücum edərək, əhalinin qış mövsümündə istiliklə təminatına mane olmağa cəhd göstərib.