image-2000x150
image-malik-22-2backend

Vaxtında atılan mühüm addımlar

image-728x90

“Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Dövlətimizin xarici siyasətində Avropa ölkələri ilə əməkdaşlıq, əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi əsasdır. Tarixi Zəfərimizdən sonra ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolu son vaxtlar özünü daha qabarıq şəkildə büruzə verir. Təkcə ötən il imzalanan və dünyanın enerji təhlükəsizliyinin təminatına böyük töhfə kimi dəyərləndirilən sənədlərə diqqət yetirsək bunun bir daha şahidi olarıq. 2022-ci ilin iyul ayında Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin iştirakı ilə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu, dekabr ayında Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalandı. Həmçinin oktyabr ayında Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirildi. Dövlət başçısı İlham Əliyevin bu mərasimə dəvət edilməsi, eyni zamanda, oradakı çıxışı Azərbaycanın etibarlı tərəfdaş kimi artan mövqeyinin bir daha nümayişi oldu. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsi regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyinə daim yeni əlavələr edir. Aprelin 25-də dövlət başçısı İlham Əliyevin Bolqarıstana işgüzar səfəri zamanı imzalanan “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu” da bunun təsdiqidir. İmzalanan sənəd Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. “Həmrəylik halqası” təşəbbüsü Cənub Qaz Dəhlizinin genişlənməsi vasitəsilə imkanlar təqdim edir, eyni zamanda, enerji sahəsində Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsinə töhfə verəcək.”

Ulusal.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkilinin sözlərinə görə, dövlət başçısı İlham Əliyevin Anlaşma Memorandumunun imzalanması mərasimində qeyd etdiyi kimi, biz fəal enerji diplomatiyamızı davam etdiririk. Bir sözlə, Avrasiyanın enerji xəritəsini yenidən cızırıq: “XX əsrdə reallaşan “Əsrin müqaviləsi”ndən sonra XXI əsrdə davam etdirilən layihələr Azərbaycanı Avropanın enerji təhlükəsizliyində əsas rol oynayan iştirakçılardan birinə çevirməklə ölkəmizin dünyadakı nüfuzunun və əhəmiyyətinin artmasına şərait yaradır. Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin inkişafında maraqlıdır. Bugünümüzün reallıqları gələcəkdə Azərbaycan ilə Avropa İttifaqı, həmçinin quruma üzv dövlətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğunu təsdiqləyir. Ulu Öndər Heydər Əliyevin dünya təcrübəsinə istinadən söylədiyi “Heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz” tezisi bütün dövrlər üçün öz aktuallığını qoruyur.”

“Enerji resurslarının daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində imzalanmış Memorandum çox mühüm addımdır” söyləyən Malik Həsənov qeyd edib ki, Azərbaycan Avropanın nəinki enerji, digər sahələrdə də etibarlı tərəfdaşıdır: “Yeni Anlaşma Memorandumunun icra olunması Avropanın enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün Avropa ölkələrinə daha çox qaz ixrac etməyə fürsət yaradacaq. O da məlumdur ki, Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə imzalayıb, digər sazişlərə imza atıb. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır. Bu tərəfdaşlığın çox böyük gələcəyi vardır. Bolqarıstan və Azərbaycan nəinki strateji tərəfdaşdır, eyni zamanda, əsl dost ölkələrdir. Dövlət başçısı İlham Əliyevin işgüzar səfəri çərçivəsində Sofiyada SOCAR-ın Bolqarıstan Respublikasındakı ofisinin açılışı oldu. Bütün bunlar SOCAR-ın Bolqarıstandakı fəaliyyətinin genişləndirilməsi zərurətini yaradır. Bolqarıstanın tənzimləyici qurumu artıq “SOCAR Trading”ə Avropa ərazisində təbii qaz ticarəti ilə məşğul olmaq üçün lisenziyanı təsdiqləyib. SOCAR-ın Bolqarıstanda ofisinin açılması Şirkətin Avropa bazarında fəaliyyətinin daha da genişləndirilməsinə mühüm töhfə verəcək.”

Millət vəkili onu da vurğulayıb ki, Prezident İlham Əliyevin Bolqarıstana işgüzar səfəri zamanı imzalanan Anlaşma Memorandumu gələcək üçün yol xəritəsidir: “Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu hər bir layihəni uğurlu sonluqla başa çatdırması belə bir əminliyə əsas verir ki, sözügedən Memorandum Azərbaycan-Bolqarıstan, ümumilikdə Avropa İttifaqı ilə əməkdaşlığın daha da gücləndirilməsində öz sözünü deyəcək. Dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri ilə diqqətdə olan Azərbaycanın bugününə və gələcəyinə inam böyükdür.”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90