“Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda bir araya gəlməsi təkcə iki ölkə arasında sülh səyləri baxımından deyil, həm də daha geniş regional və beynəlxalq geosiyasi proseslər kontekstində mühüm əhəmiyyət daşıyır.” – bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, görüşün detallarının son ana qədər məxfi saxlanılması və ictimaiyyətə məlumatın yalnız iki gün əvvəl sızdırılması təsadüfi deyil – bu, həm təşkilatçıların, həm də tərəflərin ehtiyatlı davranış strategiyasının göstəricisidir.
“Vaşinqton görüşünün məxfiliyi ilk növbədə Rusiya və İran amili ilə izah olunur. Hər iki ölkə Cənubi Qafqazda öz maraqlarına toxunan istənilən siyasi prosesə qarşı sərt reaksiya verir. Azərbaycan və Ermənistanın ABŞ kimi Qərb gücü ilə yaxınlaşması, xüsusilə bu yaxınlaşmanın sülh sazişi kimi strateji nəticələr doğurması Moskva və Tehran tərəfindən regionda təsir imkanlarının zəifləməsi kimi qəbul olunur. Məhz buna görə həm Bakı, həm də İrəvan bu görüşün mediada vaxtından əvvəl tirajlanmasında maraqlı olmayıb.Rusiya və İranın regiondakı mövqelərinin zəifləməsi fonunda Azərbaycan və Ermənistan rəhbərlikləri üçün alternativ güc mərkəzi kimi ABŞ-ın iştirakı cazibədar görünür. ABŞ siyasətinə dair müəyyən şübhələr mövcud olsa da, Rusiya və İranın aqressiv və qeyri-müəyyən regional siyasəti daha çox təhlükə mənbəyi hesab olunur. Bu reallıq həm Bakı, həm də İrəvan üçün Vaşinqtonun təşəbbüsünə “yox” deməyi çətinləşdirib.” – deyə Arzuman Muradlı bildirib.
Politoloq hesab edir ki, görüşün ən mühüm gözləntilərindən biri də sülh sazişinin imzalanmasıdır.
“Bu, Azərbaycan-Ermənistan münasibətlərində son yüz ilin ən mühüm siyasi aktı ola bilər. Əgər bu sənəd Vaşinqtonda imzalanarsa, bu, ABŞ-ın vasitəçiliyinin rəsmi təsdiqi və postsovet məkanında Kreml diplomatiyasına qarşı ciddi alternativin formalaşması demək olacaq. Hazırda nə Rusiya, nə də İran rəsmi şəkildə görüşə reaksiya verib. Bu isə ehtimal ki, onun nəticələrindən asılı olacaq şəkildə bir gözləmə mövqeyidir. Moskva üçün bu cür danışıqların onun iştirakı olmadan aparılması, xüsusilə də sülh sazişinin Qərbin vasitəçiliyi ilə imzalanması, böyük strateji məğlubiyyət anlamına gələ bilər. İran üçün isə Zəngəzur dəhlizi və bu dəhlizdə mümkün Qərb – o cümlədən ABŞ şirkətlərinin iştirakı – regionda onun nəqliyyat-logistika planlarına ciddi təhdid yaradır. Ermənistan hökuməti ABŞ şirkətlərindən birinin Zəngəzur dəhlizini icarəyə götürmək təklifinə müsbət yanaşır. Əgər bu baş tutarsa, Moskva və Tehranın buna qarşı ciddi cavablar axtaracağı istisna deyil. Hətta bu cavabın Ermənistanda daxili siyasi proseslərə – mümkün çevrilişə qədər uzanması ehtimalı da mövcuddur. Vaşinqtonda planlaşdırılan görüş təkcə bir diplomatik tədbir deyil. Bu, Cənubi Qafqazda güc balansının dəyişə biləcəyi, Rusiya və İranın dominant roldan geri çəkilməyə məcbur olacağı və ABŞ-ın regionda daha fəal mövqe tutacağı yeni mərhələnin başlanğıcı ola bilər. Əgər görüşdən konkret nəticə – sülh sazişinin paraflanması çıxarsa, bu, postsovet məkanında ilk dəfə olaraq Qərbin uğurlu vasitəçiliyi kimi tarixə düşə bilər. Beləliklə, Vaşinqton görüşü təkcə iki liderin görüşü deyil, həm də böyük geosiyasi oyunun bir hissəsi və yeni regional arxitekturanın formalaşması istiqamətində atılmış mühüm addımdır.” -deyə Arzuman Muradlı əlavə edib.