image-rt-reklam
image-vasif_kafarov_deputatbackend

“Vaşinqton Bəyannaməsi – Cənubi Qafqazda yeni siyasi arxitekturanın başlanğıcıdır”- Millət vəkili

image-728x90

8 avqust 2025-ci il tarixi Cənubi Qafqazın siyasi tarixində dönüş nöqtəsi kimi yadda qalacaq. Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan tərəfindən imzalanan Birgə Bəyannamə Ermənistanla Azərbaycan arasında 35 ildən çoxdur ki, davam edən münaqişənin rəsmi olaraq sona çatmasını, bölgədə yeni əməkdaşlıq və sabitlik dövrünün başlanmasını təsdiqlədi.

“Bu sənəd yalnız iki dövlət arasındakı münasibətlərin normallaşması deyil, həm də Cənubi Qafqazın geosiyasi xəritəsində ciddi dəyişikliklərin başladığını göstərir. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi və sənədin imzalanmasına şəxsən şahidlik etməsi Vaşinqtonun regiondakı strateji maraqlarının yeni mərhələyə qədəm qoyduğunun göstəricisidir. Birgə Bəyannamənin birinci bəndində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh sazişinin mətni üzərində tam razılığa gəlməsi və saziş mətninin paraflanması tarixi hadisə kimi dəyərləndirilir. Bu, müharibədən sülhə keçidin hüquqi zəminini yaradır və tərəflərin üzərinə ciddi siyasi öhdəlik qoyur. Artıq uzun illər davam edən ziddiyyətlər böyük ölçüdə arxada qalır.
Bununla belə, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qaldığı üçün tərəflər arasında sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğu bəyan edilir və tərəflər arasında sülhün təmin edilməsi və gücləndirilməsinin vacibliyini vurğulanır.
Bəyannamənin ikinci bəndində ATƏT-in Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən ATƏT-ə birgə müraciətin imzalanması vurğulanır və ATƏT-in bütün iştirakçı dövlətlərini bu qərarı qəbul etməyə çağırış edilir.”- bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov bildirib.

Millət vəkili qeyd edib ki, bu addım çox mühümdür və region üçün olduqca əhəmiyyətlidir, çünki Minsk Qrupu 30 ilə yaxın davam edən fəaliyyəti dövründə münaqişənin həllində effektiv rol oynaya bilmədi.

“Nəticəsiz danışıqlar və mövcud status-kvonu qorumaqla bu qurum Cənubi Qafqazda sülhün bərqərar olunmasına ciddi töhfə verə bilmədi. Minsk Qrupunun fəaliyyətində əsas çatışmazlıq münaqişənin həlli istiqamətində real irəliləyişin olmaması və tərəflər arasında mövcud gərginliyi aradan qaldıra bilməməsi idi. Azərbaycan illər boyunca Minsk Qrupunun fəaliyyətsizliyini tənqid edərək, daha effektiv və real nəticələr verən vasitəçilik mexanizminin yaradılmasını tələb edib. Vaşinqton Bəyannaməsində Minsk Qrupunun bağlanması regionda yeni güc balansının formalaşmasının rəsmi etirafıdır. Bu, həmçinin Rusiya və Fransanın təsir imkanlarının kəskin azaldılmasını və Cənubi Qafqazda gələcək qərarların yeni beynəlxalq aktorların iştirakı ilə qəbul olunacağını göstərir.
Bəyannamənin üçüncü bəndində isə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin olunması və Ermənistanın da bu kommunikasiya xətlərindən istifadə etməsi vurğulanır. Bu həm iqtisadi, həm də siyasi baxımdan bölgədə qarşılıqlı əməkdaşlıq və sabitliyin təməlini qoyacaq.
Bəyannamənin dördüncü bəndindəki mühüm təşəbbüs “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlanan layihədir. Bu layihə ABŞ-nin regiona iqtisadi inteqrasiya baxımından daxil olmasının təsdiq edir. “Tramp Marşrutu” beynəlxalq ticarət və nəqliyyat xəritəsində Cənubi Qafqazın strateji rolunu artırmaqla yanaşı, Azərbaycanın regionda tranzit mərkəzi kimi mövqeyini möhkəmləndirəcək.
Bəyannamənin beşinci bəndində isə, sərhədlərin toxunulmazlığı, güc tətbiq etmənin yolverilməzliyi və qisas cəhdlərinin rədd edilməsi prinsipləri təsdiqlənir. Bu, gələcəkdə ərazi iddialarının hüquqi əsaslarının aradan qaldırılması və dayanıqlı sülhün təminatı deməkdir.
Bəyannamənin altıncı bəndində Vaşinqtondakı Zirvə görüşünün regionda qarşılıqlı hörmət və sülhün irəlilədilməsi üçün möhkəm təməl təşkil edəcəyinə əminlik ifadə edilir. Vaşinqton görüşünün tərəflər arasında yalnız indiki mərhələ üçün deyil, gələcək onilliklər üçün də strateji baza rolunu oynayacağına inam və etimad göstərilir.
Bəyannamənin sonuncu – yeddindi bəndində ABŞ-yə bu prosesdə göstərdiyi dəstəyə görə təşəkkür ifadə edilir. Bu, Qərbin regiona qayıdışının, həmçinin Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq səviyyəsinin yüksəlməsinin rəsmi təsdiqidir.
Nəticə etibarilə, Vaşinqton Bəyannaməsi Azərbaycanın hərbi və diplomatik qələbəsinin məntiqi nəticəsi olmaqla yanaşı, regionun gələcək siyasi-iqtisadi modelini formalaşdıran əsas sənəddir. Cənubi Qafqaz artıq keçmiş təsir dairələrindən çıxaraq yeni, sülh və əməkdaşlıq üzərində qurulmuş geosiyasi mərhələyə qədəm qoyur.
Hər bir azərbaycanlı bu uğurdan qürur duya bilər ki, ölkəmiz təkcə öz ərazi bütövlüyünü bərpa etməklə kifayətlənməyib, həm də regionun gələcəyini müəyyən edən geosiyasi mərkəzə çevrilib.”-  Vasif Qafarov bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90