Hər dəfə Vaqif İbrahimoğlunun adı gələndə yada Yuğ Teatrı düşür. İbrahimoğlu və “Yuğ” böyük işığın vahid zərrələri idi. İllər öncə tamaşaları ilə cəmiyyəti silkələyən bu teatr ocağı “Azdrama”nın arxasında balaca bir tarixi binada məskən salmışdı. Heç kimlə işləri yox idi, kiməsə dəyib-dolaşmırdılar. Öz işlərini görürdülər. Qısa bir zaman kəsiyində “Yuğ” Cənubi Qafqazın ən güclü teatrına çevrildi. “Yuğ”un tamaşaları MDB məkanında və Avropada öz sözünü dedi.
“Azdrama”nın titul listi olan, repertuardan düşmənyən İlyas Əfəndiyevin sosializm realizmini əks etdirən əsərlərinə quruluş verən Mərahim Fərzəlibəyovdan fərqli olaraq Vaqif İbarahimoğlu teatr cameəsində sözün əsl mənasında zəlzələ yaratdı. Möhtəşəm rejissor işi, yeni dövrün cəsarətli və tənqidi əsərləri qısa bir zamanda minlərlə tamaşaçını ovsunlaya bildi. “Özümüzü kəsən qılınc” və artıq hər kəsi təngə gətirən Amalya Pənahovanın romantik, bir qədər də erotik səsi ilə müqayisədə səhnədə soyunan Zümrüd Qasımovanın oyunu Azərbaycan tamaşaçısı üçün bir inqilab idi. Vaqif kompleksləri aşdı və beləliklə, “Yuğ” böyüdü və ölkə hüdudlarından kənara çıxdı. “Yuğ”u artıq bütün dünyada tanıyırdılar. İşlər yolunda gedirdi… Amma..
Vaqif İbrahimoğlunun son tamaşası
“Qış bulvarı”nın layihəsi ortaya atılanda kimlərsə Vaqifdən qisas almaq istədi. Vaqiflə döyüşə bilməyənlər bu layihənin arxasında gizləndi. Yol çəkilişi adı ilə teatrın binasını yerlə-yeksan etdilər. Alternativ bina da təklif etmədilər. Müasir Azərbaycan teatrını Şərq və Avropa tamaşaçısına sevdirən bir fədai etdiklərinin bədəlini ödədi – evsiz qaldı. Tamaşaçı yenidən “Azdrama”ya üz tutub, İlyas Əfəndiyevin əsərlərinə baxdı.
Teatra, sənətə olan münasibət Vaqif İbrahimoğlunun səhhətində problem yaratdı, ürəyi qübar bağladı, hamıdan, ən doğmalarından belı gizlətsə də, xəstəlik tapdı və… dünyadan getdi. Sanki ölümü ilə də etiraz elədi. Ölümü ilə son tamaşasını qoydu və milyonların alqışı ilə bir daha geri dönməmək şərti ilə səhnəni əbədi tərk etdi. Bu dəfə də inqilab öz balasını yedi.
Vaqif İbrahimoğlu üçün yuğlama
“Yuğ”a olan qısqanc münasibət Vaqifin ölümündən sonra kulminasiya nöqtəsinə çatdı. Artıq Vaqif yox idi. Qəpik-quruşa sənətə xidmət edən aktyorlara başqa teatrlardan şirnikləndirici təkliflər gəlməyə başladı. Vaqifin sağlığında da belə təkliflər olurdu. Lakin Vaqifin xarizması, adi bir təbəssümlü baxışı kifayət idi ki, aktyorlar pul barədə deyil, sənət barədə düşünsünlər. “Vaqif müəllim nə deyər” əngəli aktyorları idealist inqilabçılara çevirdi. İndi Vaqif yox idi. Qısa zamanda onlarla möhtəşəm aktyor yetişdirən rejissorun yoxluğundan bəhrələndilər və yuğlama bu dəfə elə “Yuğ”un özü üçün sərgiləndi. Düzdür, aktyorlar Vaqifin işini yaşatmaq istədilər. Lakin Yuğ Teatrı ortalarda qaldı. Başını soxmağa bir bina, tamaşalarını göstərməyə səhnə tapmadılar. Qəlblərdə bina tikən teatrın qara günləri başladı.
“Yuğ”u tərk edənlər
Bu gün Yuğ Dövlət Teatrının 35, Vaqif İbrahimoğlunun isə 75 yaşı tamam olur. 35 il bir yol gələn teatrın niyə binası yoxdur? Vaqif İbrahimoğlundan sonra onun yetirmələri niyə teatrı tərk etdi? Niyə ustadın işini yarımçıq, ruhunu huzursuz etdilər?
“Vaqif İbrahimoğlunun böyüklüyünü dərk edə bilmədik”
Yuğ Dövlət Teatrının Baş rejissoru Mikayıl Mikayılov Qaynarinfo-ya teatrın binasının olmamasının bir çox köklü səbəbləri olduğunu önə çəkdi:
“Teatr 35 ildir ki, fəaliyyət göstərir. Kollektivin istər vətəndə, istərsə də ondan kənarda yetərincə uğurları var. Biz 9 ildir ki, Kukla Teatrında yerləşmişik. 3 ildir ki, mən bura Baş rejissor təyin edilmişəm. Yuğ Teatrının binası söküləndən sonra dedilər ki, yaxın vaxtlarda sizə bina veriləcək, amma reallıqda bu gün binasızıq. Bu yaxınlarda kollektivə ümidli siqnal gəlib, nazirlikdən bildiriblər ki, problem yaxın vaxtlarda həll olunacaq. Nazirlikdən gəlib vəziyyətlə tanış oldular. Gördülər ki, bu qədər adam bir otaqda fəaliyyət göstərir, heç geyinməyə də yer yoxdur. Biz də gözəl xəbər gözləyirik. İstər teatrın, istərsə də Vaqif İbrahimoğlunun yubileylərini birlikdə qeyd edəcəyik. Hazırda teatrda bu iki yubileylə bağlı qızğın işlər gedir. Amma hazırlıqlar bitmədiyindən tədbirləri başqa vaxta keçirdik. Bəzi hazırlıqlar var ki, onlar hələ yekunlaşmayıb. Bu ilin sonuna kimi bütün hazırlıqlar yekunlaşacaq. Gələn il hər iki yubileyi öz binamızda qeyd etməyə ümid edirik. Teatrın bir neçə Xalq artisti, əməkdar artisti fəxri adını alan aktyorları var”.
Rejissor Yuğ Teatrının aktyorlarının bəzilərinin Vaqif İbrahimoğlu dünyasını dəyişəndən sonra teatrdan uzaqlaşmasının səbəblərinə də aydınlıq gətirib. Baş rejissorun sözlərinə görə, həmin aktyorlar elə Vaqif İbrahimoğlunun sağlığında teatrdan gedib:
“Niyə gediblər? Teatrda maaş az olub, bununla dolanmaq qeyri-mümkündür. Odur ki, bəzi aktyorlar da dolanmaq üçün harasa üz tutub. Yuğ Teatrının bu günə kimi aparıcı statusu da yoxdur. Onların heç biri küsüb getməyiblər. Bu gün teatrda olanlar ancaq Vaqif İbrahimoğlunun tələbələridir. Hətta yeni nəsil də gəlir. Müəyyən aktyorlar var ki, teatra qayıtmaq istəyir. Onlardan bəzilərini mən özüm qaytarmışam, bu gün bizimlədirlər. Teatrın 22 nəfər aktyoru var, kollektiv isə 60-dan çoxdur. Biz iki otağa yerləşmirik. Görünən odur ki, Vaqif ibrahimoğlu rolunu Azərbaycan teatr mədəniyyəti hələ dərk etməyib. Əslində isə Yuğ Teatrının təkanverici bir mədəniyyət ocağı olduğunu gələcəkdə biləcəklər”.
Qonaq qonağı sevməz…
Bir müddət Yuğ Teatrının direktor əvəzi işləyən, Kukla Teatrlnın rəhbəri Rəşad Əhmədzadə bu mədəniyyət ocağının ayrıca bir binaya ehtiyacı olduğunu deyir:
“Yuğ Teatrında qısa müddətdə işləmişəm. Teatrın bu gün 60-a yaxın əməkdaşı var. “Yuğ” yaradıcı potensila malik bir teatrdır. “Yuğ” yəqin ki, yaxın zamanlarda bina ilə təmin olunacaq. “Yuğ”un kollektivin rəhbəri oldğum Kukla Teatrına maneciliyi yoxdur. Ancaq binaları olsa daha yaxşı olar. Bizə problem yaratmırlar, lakin hər kəsin öz evi olmaldır, əbədi qonaq olmur”.
“”Yuğ” hara, Kukla Teatrı hara?”
Yuğ Teatrını tərk edən, Vaqif İbrahimoğlunun sevimli tələbələrindən biri Kamran Yunus dostlarından xəyanət gördüyünü etiraf edib:
“Gün olsun ki, Yuğ Teatrının 50 illik yubileyi olsun. Amma təəssüf ki, belə bir teatrın binası yoxdur. Nəyi itirib, nəyi axtarırsınız? Bir uşaq teatrı ki, şəhərin mərkəzində deyil, Qaraçuxurda yerləşə daha bundan sonra nə gözləmək olar? Özü də hansısa klubda… Elə teatrlar var ki, onlara ayrıca yer verilmədi, amma aidiyyatı qurumlar problemi həllini tapmaq əvəzinə onları bir-birinə calaq ediblər. Məsələn, Gənclər Teatrı, Kamera Teatrı və Gənc Tamaçaşılar Teatrı bir-birənə calaq olunub. Bu kimə lazım idi? Yuğ hara, Kukla Teatrının binasında məskən salmaq hara? Mənim üçün bu gün Yuğ adlı bir teatr yoxdur. Mənim üçün zamanında Vaqif İbrahimoğlu teatrı vardı, vəssalm. Ondan sonra heç nəyi görmədim və gözləmirəm də. Yalan deməyəcəyəm, Vaqif İbrahaimoğlu dünyasını dəyişəndən sonra mənimlə teatr arasında hər şey bitib. Mənim üçün Vaqif İbrahimoğlu teatrının binası da vardı, evi də. Şəhərin ən yaxşı yerində yerləşirdi. Bu günün Yuğ Teatrı ilə qəti maraqlanmıram. Əzizlərim, sevdiyim insanlar orda işləyirlər, canları sağ olsun. Amma yaxşı yerdə bina versələr onlar üçün sevinərdim. Çünkü aralarında sevdiyim şəxslər var. Yaxşı maaş, fəxri adlar alsınlar, ev-eşik də nəsibləri olsun. Mən onlardan hər şey görmüşəm. Sayğı, sevgi və eləcə də xəyanət. Teatr dünyaya çıxar və onun səsi-sorağı dünyadan gələr. Dünyanın bu çətin vaxtında teatr haqqında danışmağın da özü gülünc görsənir. Bu dəqiqə qorxuram, göydə buludlar var, yağış yağa bilər, dünya qalar altında. Cəmiyyət bu haqda fikirləşir. Əminəm ki, İbrahimoğlu sağ olsaydı da yenə də Yuğ Teatrına yer verilməyəcəydi”.
“Vaqifdən sonta teatr yanlış yol seçdi”
Teatrın sabiq aktyorlarındadan, Vaqif İbrahimoğlunun tələbəsi, rejissor Mir Sahib Qabiloğlu 2019-cu ilə kimi teatrda işlədiyini və teatrın yaradıcı istiqaməti ilə razılaşmadığından teatrdan getdiyini açıqlayıb. Aktyor yerlə bağlı kollektivin aidiyyatı qurumlara dəfələrlə müraciət olunduğunu qeyd edib:
“Hətta Rusiya Teatr Xadimləri İttifaqının sədri Aleksandr Kalyagindən də bu məsələ ilə bağlı məktub ünvanlamışdı. Teatrın Akademik Milli Dram Teatrının arxasında evi vardı, onu qəfildən sökdülər. Halbuki saxlaya bilərdilər. “Qış parkı”nın gediş-gəlişinə, gözəlliyinə maneçiliyi olmayacaydı. Nədənsə, teatra önəm verməyib, belə bir tarixi binanı yerlə -yeksan etdilər. Təəssüf ki, o gündən sonra Yuğ Teatrına bina ayrılmayıb. O gündən bu günə kimi Kukla Teatrının ikinci mərtəbəsində balaca, darısqal bir məkanda məskən salıb. Yuğ Teatrına yaraşan bir məkan deyil, bunu hamı görür. İki teatrın bir məkanda olması çətindir. Kukla Teatrının böyük yaradıcı heyəti var, onların da əlindən otağın alınması da doğru deyil. Bu vəziyyət həmin kollektivə də mane olur”.
Mir Sahib Qafarov Yuğ Teatrının ağsaqqalları, bünövrəsini qoyanların əksəriyyətinin bu gün teatrda işlədiyini xatırladıb:
“Onlar deyib-danışmalıdır. Bu gün də onların yetərincə nüfuzu, təsir dairəsi var. Yüksək dairələrdə onları sevirlər, eşidirlər. Əminəm ki, problemi qaldırsalar onları eşidən olacaq. Teatrın əvvəlki qocaman kollektivi ölkə rəhbərliyinə müraciət edə bilər. Hətta bu gün teatrda olmayan aktyorlar da həmin müraciətə imza ata bilərlər. Məsələnin həlli dövlətin qərarından asılıdır. “Mənim nəyimə lazımdır” deyib keçmək də doğru olmaz. Demirəm ki, belə diüşünürlər. Hər halda daha çox canfəşanlıq etmək lazımdır. Onların hər birinin şəxsi evləri, adları-sanları var, amma sənət evləri yoxdur. Mən teatrda 2004-cü ildən işləyirdim. Vaqif İbrahimoğlunun tələbəsi idim. Mehriban Ələkbərzadə “Yuğ”a Baş rejissor təyin olunandan sonra teatrdan ayrıldım. Bunun da səbəbi teatrın yaradıcı istiqamətinə yalnış, səhv yanaşma olub, bununla bağlı konfliktlər yaranıb. Mən də ondan sonra “Yuğ”u tərk etdim. Mənəvi baxımdan özlərindən nəsə xərcləsinlər ki, Vaqif İbrahimoğlu adına layiq olan teatra bina alsınlar. Hər halda ona olan münasibət belə olmalı deyildi”.
Danışmaq istəməyən Kamal Abdulla
Vaqif İbrahimoğlunun sağlığında “Yuğ”un daimi tamaşaçıları vardı. Onlardan Xalq yazıçısı Kamal Abdulla, tanınmış jurnalist Zeynal Məmmədli və s. Maraqlıdır ki, bir zamanlar İbrahimoğlu işığına toplaşan ziyalılar bu gün onun adını daşıyan teatra gedib, kollektivlə maraqlanırlar?
Xalq yazıçısı Kamal Abdulla bu barədə danışmaq istəmədi:
”Vaqifin yeri Yuğ Teatrında və ümumiyyətlə, teatr arenasında açıq-aşkar şəkildə görünür. Başqa deyəcəyim yoxdur”.
“Vaqif İbrahimoğlu bu gün sağ olsaydı”…
Tanınmış media eksperti, TV və radio jurnalistikası kafedrasının baş müəllimi Zeynal Məmmədli Yuğ Teatrının hələ də binasının olmamasına təəssüfləndiyini xüsusi vurğulayıb:
“Yuğ Teatrının binasının olmaması dözülməzdir. Bu teatr daha böyük mükafatlara layiqdir. Onu iki balaca otağa sığışdırmaq nə dərəcədə düzgündür? Buna ad qoya bilmirəm. Bundan əlavə həmin otaqları “Yuğ”a verməklə Kukla Teatrının yerini daraltmaq kimidir. Bu teatrın başqa ölkələrlə əlaqələri var.Onu bu əlaqələrdən məhrum etmək olmaz. Amma bu yaxınlarda Mədəniyyət naziri Yuğ Teatrının kollektivi ilə görüşüb. Görüşdə kollektivə yeni binanın veilməsinə söz verilib. Amma nə vaxt olacaq bu artıq ayrı məsələdir. Bu problemi eyni zamanda media strukturları da diqqətdə saxlamalıdır. Azərbaycanın ictimai rəyində də biz bunu görmürdük, yəni Yuğ Teatrına ehtiyac varmı? Halbuki belə şeyə göz yummaq olmaq. Bu gün biz Yuğ Teatrının binasızlığından danışırqısa, sabah elə ola bilər ki, hətta “Azdrama”nın da binasızlığından danışaq. Reallıqlardan danışmalıyıq, Vaqif İbrahimoğlu bu gün sağ olsaydı zamanında “Azdrama”nın arxasında teatrın yerləşdiyi bina uçurulmaya da bilərdi. Həmin bina tarixi abidə idi, amma onu yerlə-yeksan etdilər. Niyə? Bilmirik. Bir insan nə qədər əsəblərinin hesabına onu qoruya bilərdi? Həmin binanın da alınmasında, qurulmasında, ümumiyyətlə, Yuğ Teatrının yaradılmasında Vaqif İbrahimoğlunun titanik rolu olub. İnsanlar sənətə bu cür titanik əmək sərf edəndə vaxtından qabaq da dünyasını dəyişirlər. Gəlin, bunu da unutmayaq. Onun çəkdiyi əziyyətlərin müqabilində bu günə kimi qalması möcüzə olardı. Biz nəyisə şəxslərə bağlamamalıyıq. Əgər biz mədəni xalqıqsa mədəni abidələrin varlığını, onu yaşatmağı bir şəxsin olub-olmamağına bağlamamalıyıq”.
Nazirlik söz verir, lakin…
Yuğ Teatının probleminin həlli yolu Mədəniyyət Nazirliyindən keçir. Nazirliyin mətbuat xidmətindən yaxın günlərdə Yuğ Teatrına bina veriləcəyini bildirdilər:
“Bu yaxınlarda Mədəniyyət naziri Adil Kərimli Yuğ Teatrının yaradıcı heyəti ilə görüşüb və orada bütün şəraitlə yaxından tanış olub. Görüşdə Yuğ Teatrının gələcək planları müzakirə olunub. 9 ildən çoxdur ki, Yuğ Teatrının ayrıca binası yoxdur. Bunula bağlı fikir mübadiləsi aparılıb. Şəhərin bir neçə məkanlarında Yuğ Teatrına yer ayrılması arzu ediləndir. Bununla bağlı hazırda uyğun göstərişlər verilib və bu istiqamətdə iş aparılır. Yuğ Teatrı özünün dəsti xətti olan bir truppadır. Ümid edirik ki, yaxın zamanlarda Yuğ Teatrı özünün səhnəsində tamaşalar göstərəcək və qonaqlarını orada qəbul edəcək”.
Bahar Rüstəmli