Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları universitetlərdə təhsil haqları ilə bağlı dələduzluq etməkdə təqsirləndirilən qadını saxlayıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində iki nəfər şəhər sakinini aldadaraq onların pullarını dələduzluq yolu ilə mənimsəyən Abşeron rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Nəzrin Əjdərova saxlanılıb.
N.Əjdərova zərərçəkənlərin etibarından istifadə edərək, onlara güzəştli mənzil almalarına, eləcə də övladlarının ali təhsil müəssisələrində təhsil haqlarını ödənişsiz etdirəcəyi və təqaüd düzəldəcəyi barədə yalan vədlər verərək ümumilikdə 14000 manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinir.
Faktla bağlı cinayət işi başlanılıb, N.Əjdərova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.