image-2000x150
image-ceyhun-memmedov-9backend

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi

image-728x90

Milli Məclisin deputatı Ceyhun Məmmədov

Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciəti hər birimizi bir daha qürurlandırdı. Özünün də qeyd etdiyi kimi, o bu tarixdə Bakıda da ola bilərdi. Ancaq ulu öndərin ən böyük arzusunun reallaşdığı yerdə dayanaraq onun 100 illik yubileyini qeyd etməsi heç bir sözlə ifadə edilməyəcək dərəcədə sevindirici haldır.

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi.

Azərbaycanın gələcəyini düşünən ümummilli lider Heydər Əliyev hələ o dönəmdə bu gün şahidi olduğumuz tarixi proseslərin vəsiyyətini etmişdi.

Bu vəsiyyətlərdən biri də Şuşa şəhəri ilə bağlı idi. Ümummilli lider Heydər Əliyev Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Hətta, 1970-ci ildə ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə bir neçə xüsusi qərar da qəbul edilmişdi.

Bu gün Azərbaycan gələcəyinə hesablanmış bu vəsiyyətləri Prezident İlham Əliyev reallaşdırmaqdadır. 44 günlük Vətən müharibəsi zamanı xüsusi əməliyyatla Şuşa şəhərinin azad olunması, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi, 270 illik tarixi olan Şuşa şəhərinin yenidən bərpa edilməsi, dirçəldilməsi, əvvəlki şöhrətinin qaytarılması Ümummilli Liderimizin Şuşa ilə bağlı vəsiyyətinin tam həyata keçirildiyini sübut edir.

Ümummilli lider Heydər Əliyev hələ Azərbaycan rəhbəri seçilməmişdən əvvəl ilk dəfə 1967-ci ildə Şuşada olmuşdu. O vaxt Xankəndində azərbaycanlılarla ermənilər arasında yaranan münaqişə zamanı erməni millətçiləri üç azərbaycanlını vəhşicəsinə öldürmüşdülər. Həmin məsələni dərindən araşdırmaq üçün Heydər Əliyev 15 gün Dağlıq Qarabağda olmuş, eləcə də, Şuşaya getmişdi. Şuşada olarkən ermənilərin vaxtikən amansız təcavüzü nəticəsində dağıdılmış və yandırılmış evlərin hələ də bərpa edilmədiyini görən Heydər Əliyev Bakıya qayıtdıqdan sonra şəhərin belə vəziyyətdə saxlanılmasının mümkünsüzlüyünü Azərbaycan rəhbərlərinə söyləmişdi.

1969-cu ildə Azərbaycana rəhbər seçiləndən sonra ulu öndər Şuşanı abadlaşdırmaq, dağıdılmış, yandırılmış evlərin bərpasına nail olmaq, eyni zamanda, tarixi abidələri qoruyub saxlamaq və böyük bir muzeyə çevirmək üçün əhəmiyyətli işlər görmüşdür.

Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu heç bir çətinliyə baxmayaraq etmişdir. Hətda Sovet dönəmində Azərbaycan xalqının maraqlarını qoruyur və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı.

Azərbaycan xalqı 30 ilə yaxın müddətdə hər il böyük hüznlə May ayının 8-i Şuşanın işğalı günü kimi qeyd edirdi. Şuşanın işğalı Azərbaycan xalqının yaddaşında dərin və ağır izlər buraxmışdı. Azərbaycan xalqı heç zaman həmin ağır günləri unutmayacaq. Ancaq Ermənistandan fərqli olaraq Azərbaycan xalqı gələcəyə baxmağı bacaracaq.

Şuşanın Azərbaycan xalqı üçün siyasi və tarixi əhəmiyyəti olduqca böyükdür. Qarabağ Xanlığının paytaxtı olan Şuşa həm də mədəniyyət abidələri ilə zəngindir.

Prezident İlham Əliyevin 7 May tarixli sərəncamına əsasən Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olundu. Bu tarixi şəhər Azərbaycana bir çox tarixi şəxsiyyətlər bəxş edib. Şuşada həmçinin, qədim tarixə malik bir çox dini abidələr mövcuddur. Onların böyük əksəriyyəti ermənilər tərəfindən vəhşiliklə dağıdılıb.
Azərbaycan vətən müharibəsi zamanı qısa müddətdə Şuşanı düşmən işğalından azad etdi. Azərbaycan xalqı Prezident İlham Əliyevin Şuşanın işğaldan azad olunduğu gün etdiyi çıxışı yaxşı xatırlayır. O çıxışında xüsusi olaraq vurğulamışdı: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”. Bəli Şuşa artıq azaddır. Biz indi Şuşaya qayıtmışıq. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır.
İndi Şuşada bir sıra tədbirlərin keçirilməsi erməni vandalizminin izlərinin və Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından əhəmiyyətlidir.

İndi dünyada müxtəlif yerlərdə gedən iqtisadi proseslər, çətinliklər, böhranlar onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Belə ağır müharibədən çıxmış ölkə azad edilmiş torpaqlarda qısa zaman ərzində genişmiqyaslı quruculuq işləri aparır.

Görülən bütün işlərin təməlində milli-mənəvi dəyərlərimizə bağlılıq dayanır. Bu gün dünyada, dünyanın müxtəlif yerlərində müxtəlif tendensiyalar müşahidə olunur, dırnaqarası yeni dəyərlər meydana çıxır. Biz isə ənənəvi dəyərlərə sadiq qalaraq öz gələcəyimizi çox möhkəm milli-mənəvi təməl üzərində qururuq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90