image-rt-reklam
image-1backend

UEFA “Qarabağ”a ən güclünü göndərdi – bu gün Azərbaycan futbolunun tarixi axşamıdır…

image-728x90

“Köhlən atlar” ikinci dəfə Cənubi Qafqazı Çempionlar Liqasında təmsil etməyə çox yaxındır, 90 yoxsa 120 dəqiqə…

Bu gün ölkə futbolu adına tarixi günlərdən birini yaşayacağıq. Son 15 ildə bütün dünyanın diqqətini özünə cəmləməyi bacaran, ardıcıl 12-ci dəfə avrokuboklarda qrupları təmin edən Ağdamın “Qarabağ” klubu ikinci dəfə Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinə düşmək üçün milyonların baxışlarını öz üzərində hiss edəcək. Rəqib Macarıstanın “Fradi” ləqəbli 126 yaşlı klubu “Ferensvaroş” klubudur. Məşhur hakim, FİFA referisi Kleman Türpin idarə edəcək.

İndiyə qədər 3 dəfə ÇL-nın həyəncanlı himnini Bakıda səsləndirən əfsanəvi baş məşqçimiz Qurban Qurbanov dördüncü dəfə də həmin musiqini Tofiq Bəhramov adına Respublika Stadionunda səslənməsinə nail olacaq. Amma bu himn bu mövsüm üçün davamlı olaraq Bakıda səsləndirilə bilər. Buna yeganə maneə isə, “Ferensvaroş”dur. Budapeştdə keçirilən ilk görüşdə rəqibi 3:1 hesabı ilə məğlub etmişik. Göründüyü kimi, tarixi bir şans ayağımıza gəlib, bu şansı da “Qarabağ” yaradıb. Saat 20:45-də başlayacaq oyundan sonra son 90 dəqiqəmizin qaldığını da söyləmək olar, ən pis halda 120 dəqiqə vaxtımızın qaldığını da deyə bilərik. Sadəcə bu oyunda Budapeştdəki qələbədən arxayınlaşmadan yalnız və yalnız qələbəyə köklənmək lazım gəlir. “Qarabağ”ın baş məşqçisinin isə, ən sadə və üstün keyfiyyətlərindən biri də rəqib hansı klub olursa-olsun, onu ciddiyə almaq, aşağılamamaqdır.

Oyun öncəsi mətbuat konfrasında Q.Qurbanovun dediklərinə diqqət etsək, əfsanə qəti arxayınlaşmaq, müdafiə futbolu oynatmaq fikrində olmadığını görərik.

“Hamımız bu oyunun önəmini bilirik. Həddindən artıq soyuqqanlı olmalıyıq. Əlbəttə ki, istək, əzmkarlıq da öz yerində olmalıdır”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi deyib.

O, səfərdə keçirilən ilk görüşdə 3:1 hesablı qələbə qazanmalarının komandasını rahatlaşdırmayacağını bildirib: “Çox yaxşı rəqiqə qarşı mübarizə aparacağıq. İlk oyundakı nəticə bir az bizim üstünlüyümüzü göstərir. Amma qətiyyən buna arxayın olmamalıyıq. Rəqib də bizim üçün ağır rəqibdir. Hər halda “Ferensvaroş”un riskə gedəcəyini bilirik. Biz bunu da nəzərə almalıyıq. Çalışmalıyıq ki, sona qədər oyundan qopmayaq, soyuqqanlılığımızı qoruyaq. Bizim yaxşı nəticələrimiz həmişə öz oyun üslubumuza görə olub. Heç vaxt bundan əl çəkməmişik. Müdafiədən oynamaq düşüncəmiz yoxdur. Bu oyunda bacardığımızı etməyə çalışacağıq. Bizim məqsədimiz həmişəki kimi baxımlı futbol oynamaqdır. Biz oyunu həm azarkeşlər, həm də nəticə üçün oynayırıq. Bizi hansı problem gözləyə bilər, bunu deyə bilmərəm. Rəqibin hansı təzyiq göstərməsinə komanda hazır olmalıdır. İlk oyundan sonra çoxları bizi qalib kimi görür. Mən futbolçularla daha çox bu yöndə danışıram. Ən birinci yerdə duran psixoloji hazırlıqdır. İnanıram ki, bu işi öhdəsindən gəlmişik və futbolçular da nə edəcəklərini bilirlər”.

Baş məçqçimiz oyuna təyinatın fransız hakimə verilməsindən sonra yaranan narahatlıqlara da toxunub: “ Mən tərəfdən narahatıq yoxdur. Çünki ümumiyyətlə, bu cür hakimlərin Azərbaycana gəlməsi, burada hakimlik etməsi…Hansı ki, Çempionlar və Avropa Liqasının finalında hakimlik edib. Bu cür vacib oyunda onun bura gəlməsi UEFA-nın hakimlər komitəsinin ciddiyyətini göstərir. Oyunun mahiyyətini göstərir. İnanmıram ki, kimdəsə də narahatlıq olmalıdır. Hakimlər indi elə səviyyəyə gəliblər ki, belə oyunlarda inanmıram hansısa düşüncələr, fikirlər olsun. Ona görə də nə mənim, nə də komandanın hazırlığına təsir edəcək bir məsələ yoxdur”.

“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə də ehtiyatlı danışıb: “Oyunun mahiyyətini bilirik. Hazırlıqlarımızı buna uyğun tamamlamışıq. Bizi gərgin və çətin oyun gözləyir. Hazırıq. Komanda şəklində əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq.”Qarabağ” qələbə üçün əlindən gələni edəcək. Buna qədər iki dəfə pley-offda oynayıb, mərhələ keçə bilməmişik. Sabahkı oyuna daha sakit yanaşırıq. İki toplu üstünlüyün aradan qalxa biləcəyini bilirik. Maksimum sakitik və daha ağıllı oynamağa çalışacağıq”.

“Ferensvaroş”un prezidenti Qabor Kubatov möcüzəyə inanır. O, oyunundan əvvəl sosial şəbəkə hesabında paylaşım edərək, fövqəladə bir güc sayəsində mərhələni keçməyin mümkün olduğunu qeyd edib: “Özümüzü sübut etmək üçün hələ bir şansımız var. Hər futbolçumuzun fövqəlinsan performansına ehtiyac var. Bundan sonra mərhələ keçmək şansımız olacaq”.
Məlumat üçün bildirək ki, “Köhlən atlar” ilk dəfə düz 8 il öncə Danimarkanın ən güclü klubu sayılan “Kopenhagen”i sıradan çıxarmaqla ÇL-nın qruplarına vəsiqə qazanmışdı. Daha sonra komanda 2 dəfə (2022 və 2024-cü illərdə) ÇL-də əsas mərhələyə düşməyə yaxın olsa da, müvafiq olaraq “Viktoriya” (Çexiya) və “Dinamo”ya (Zaqreb, Xorvatiya) uduzaraq pley-off-da mübarizəni dayandırmışdı. Bu nəticələr də göstərir ki, “Qarabağ” bu mərhələyə təsadüfi gəlməyib. Bu qarşılaşmanı vacib edən amillərdən biri də, “Qarabağ”ın ikinci dəfə Cənubi qafqazı Çempionlar Liqasında yeganə təmsil etməyə çox yaxın olmasıdır. İndiyə qədər nə Gürcüstandan, nə də Ermənistandan hansısa klub bu yerə gəlib çıxmayıb…

Bir statistika da Qurban Qurbanova “əhsən” dedizdirir. Belə ki, 48 klubun qatıldığı ÇL-in təsnifat mərhələlərində “Qarabağ” 5 oyunun 5-də də qələbə qazanan yeganə komandadır. Yüzfaizli nəticə! UEFA-nın TOP-5-də lider.

Ağdam təmsilçisi təsnifat mərhələsində ən çox qol vuran komandadır – 13 qol. Bu, orta hesabla hər oyuna 2,6 qol deməkdir. UEFA-nın TOP-5-də lider.

“Qarabağ” təsnifat mərhələsində topa ən çox sahib olan komandaların sırasında da liderdir. Azərbaycan çempionunda bu göstərici 62 faizdir. Yenə də UEFA-nın TOP-5-də lider.

Ən az qol buraxan komandalardan (5 oyuna 2 qol) biridir.

Ağdam təmsilçisi dəqiq ötürmə faizinə (84) görə isə üçüncü pilləni tutur.

Qeyd edək ki, “Qarabağ”ın “Ferensvaroş”la qarşılaşması ilk dəfə deyil. Rəqiblər bundan öncə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gəliblər. 2022-ci ildə Qurban Qurbanovun komandası evdə 1:1 hesabı ilə heç-heçə etdiyi “yaşıl qartallar”a Macarıstanda 3:1 hesabı ilə qalib gələrək pley-off-a yüksəlib.

Bu dəfə də elə ola bilər. “Qarabağ”a istənilən hesablı heç-heç bəs edir. Amma Budapeştə qələbə qazanan komanda doğma Bakıda nədən qələbə qazanmasın?“Yeni Müsavat”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90