image-2000x150
image-7f3a1165c04e965f15cc0a2ec8ae848abackend

Üçüncü taksi müharibəsi

image-728x90

“Verərsən ətdən-mətdən,

İşlərəm bərkdən-bərkdən.

Verərsən şordan-mordan,

İşlərəm ordan-burdan”

(Azərbaycan ata sözü)

Hökumətdən, məmur-oliqarx sistemindən asılı olmadan fəaliyyət göstəriləsi sonuncu sahə qalıb, muştuluğumu verin. Bu, taksi sürücülüyüdür. Camaat kreditə, borca, arendaya… hansısa “drandulet” əldə edir, onu sürüb beş-on qəpik qazanır. Bir əlindir, bir sükan, sür, qazan. Azərbaycanda bazar iqtisadiyyatına aid axırıncı ələ keçirilməmiş nöqtədir taksi sürücülüyü. Qalan hər yerdə de-fakto “sovet hökuməti” qurulmuşdur.

Lakin son günlər hökumətin qırımından, açılan informasiya savaşının partapurtundan belə qənaətə gəlmək olar ki, bunu da ələ keçirmək fikrindədirlər.

Məsələn, bir də görürsən hüquq-mühafizə orqanları 60 əxlaqsız taksi sürücüsünü yaxaladı. Dəhşət. Sən demə harda yolunu azan, milli dəyərlərimizə zidd ünsürlər varsa taksi şirkətlərinə doluşmuşlar. Başqa bütün idarələrdə qadına, qıza yalnız gələcəyin anası, vətən torpağı, Araz çayının sonası, nə bilim, Tomris, Sara xatun, Natəvan gözüylə baxırmışlar. Vallah. Bunu təzəlikcə 3 il alan fövqəladənin polkovniki Zaur müəllim də təsdiqləyə bilər. (Yeri gəlmişkən, həmin məhkəmədə Anar müəllim də ifadə vermişdir – qəhrəmanın yaradılmasında iştirakına görə).

Taksi sürənlərin çoxu narkoman, narkotik satıcısı, iynə vuran, alkoqolik, ailəsindən bezmiş, arvadından boşanmış, Xoşqədəmin verilişindən qaçmış, xaşı araqsız yeyən, ağsaqqal gələndə ayağa durmayan, ağbirçəyin əlindən öpməyən, toyda dava salan, roman oxumayan, dastanlarımızı bilməyən, dördillik rus-tatar məktəbinin kamal attestatsız, Dövlət Standartlar Komitəsinin kamil standartsız məzunu imiş.

Sürücülər qul kimi işlədilir, kartla ödəniş qəbul edilmir, xəritəni bilmirlər, maşın zibil içində, söyüş söyürlər, siqaret çəkirlər… Hansını deyəsən?

Hətta avtobusların düzgün sərnişin daşıya bilməməsinin səbəbkarı taksi sürənlər imiş! Probka yaradırmışlar. Bu qədər sadə. Ara yerdə gediş haqqı 40 qəpik oldu, nahaq ziyana düşdük. Tfu, sizin üzünüzə – Mirzə Cəlilin qəhrəmanı demişkən.

Açığı, yaxın tariximizdə hökumətin taksi sürənlərə qarşı bir neçə vətən müharibəsinin şahidləri olmuşuq. Birinci taksi müharibəsini Hacıbala müəllim açmışdı. Bakının müdiri olanda. Lakin məğlubiyyətə uğradı. Sonra 2-ci taksi müharibəsini yaşadıq. Bu savaşın Jukovu, Rokossovskisi nəqliyyat naziri Ziya Məmmədov idi. Ziya müəllimin nəqliyyat müfəttişləri lom, dəyənək, yaba, kərənti, tank əleyhinə mina, özüyeriyən artilleriya qurğusu və sairə müasir silah-sursatdan yararlanaraq taksi sürücülərinin leşini atırdılar. Şəhərə əhalini dünya səviyyəsində daşımaq üçün “badımcan taksiləri” də gətirilmişdi. Lakin bu taksilər Ziya müəllimdən sonra, gecə saat 12-də balqabağa çevrildi, hazırda paytaxtın böyür-başında toz içində çürüməkdədir.

Uzun sözün qısası, taksi sürənlər hər dəfə davanı udurdular, lakin deyəsən bıçaq sümüyə dayanıb, bu dəfə geriyə yol yoxdur, arxada Moskva prospektidir. Sonuncu müstəqil peşə qalası darmadağın olmalıdır, müvafiq inhisara salınmalıdır. Bunun üçün ciddi əsaslar var.

Məndə olan məlumata görə taksi sürənlərin Qarabağdakı separatçıların lideri Araik Arutyunyanla gizli əlaqələri vardır. Adının çəkilməsini istəməyən mənbədən əldə etmişəm. Ərzaq mallarının bahalığı, inflyasiyanın sürətlənməsi də taksi sürənlərin günahıdır. Toyda süfrəyə normadan artıq ət qoyulur. Deputatlardan Aydın müəllim təklif edir ki, hökumət bunu normaya salsın. Doğrudan da, hökumət qərar verməsə bu millət yeyib-içməyini də bilmir, ağzımızdan horra tökülür. Ancaq toyda düzgün qidalanmaya mane olan əsas zümrə taksi sürənlərdir. İstəyirlər millət çoxlu yesin, leşini evə taksidə atmaq lazım gəlsin. Toyxana sahibləriylə gizli razılaşma mətni tapılıb.

Hələ suyun qiymətini heç demirsən?! Onu da deputatlar düzgün qeyd etdilər ki, moykalar axıdır, su israf olur, nəticədə məcburuq suyun qiyməti qalxsın. Bəs moykalarda ən çox maşın yuyanlar kimdir? Ay sağ ol, düz tapmısan: taksi sürənlər. Yenə gəlib çıxdıq həmin yerə.

Cəhənnəmdə taksi sürənlər üçün ayrıca qazan var. Dama-dama qapaqlı. Hibrid qazandır – həm qırla işləyir, həm mazutla.

Son anda aldığım məlumata görə birinci siniflərin elektron qəbulunda yaranan problemlərin də səbəbkarı taksi sürənlərdir.

P.S. Əgər taksi sürənlər bu qırğından da xortlaya bilsələr, ta mənim sözüm yoxdur.

Zamin HACI

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90