image-2000x150
image-16838829672844547232_1000x669backend

Türkiyənin hərbi-sənaye kompleksi Ərdoğanın hakimiyyəti dövründə inkişaf edib – Şərh

image-728x90

Türkiyənin hərbi-sənaye kompleksinin inkişafı dövrü Prezident Rəcəb Tayyib Ərdoğandan əvvəlki və hakimiyyətə gəldikdən sonraki dövr olmaqla iki mərhələdən ibarətdir. O, qardaş ölkədə hakimiyyətə gəldikdən sonra bir çox sənaye sahələrində yenilikçi addımlar atdı. R.T.Ərdoğanın dövründə fundamental elmi nəzəriyyəyə bağlı olan sənaye müəssisələri inkişaf etdi. Ümumiyyətlə, Ərdoğan Türkiyənin hərbi sənaye sahəsinin müstəqilliyinin təmin olunması baxımından qardaş ölkə üçün əvəzsiz liderdir. O, hakimiyyətə gələndən sonra Türkiyənin müdafiə sənayesi sektorunda canlanma başladı. Özəl sektorun inkişafı üçün müəyyən addımlar atıldı, yerli hərbi şirkətlərin yaradılmasına şərait yaradıldı, qanunvericiliyə dəyişiklik edildi. Əvvəlcə idxal-ixrac funksiyasını həyata keçirən şirkətlər, sonra isə sənaye müəssisələri quruldu.

Bu barədə AZƏRTAC-a açıqlamasında Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli deyib.

O qeyd edib ki, R.T.Ərdoğanın hakimiyyəti dövründə Türkiyə bir çox sahədə uğurlar qazandı. Sənaye və texnologiya istiqamətində qurulan 152 yeni mütəşəkkil sənaye zonası, 29 sənaye zonası və 94 texnoparkla ölkənin istehsal gücü artırıldı. Yerli avtomobil TOGG-un istehsalı başa çatdırıldı və vətəndaşlara təqdim edildi. Bu gün Türkiyənin hərbi sənaye sektorunda əldə etdiyi uğurlar – pilotsuz uçuş aparatları və hərbi gəmi inşası sahəsində, döyüş aviasiya vasitələrinin istehsalının yaradılması istiqamətində, müasir hərbi texnologiyalar – rabitə, radiolokasiya, raket, reaktiv yayılım atəş, artilleriya sistemləri kimi yeniliklərin ortaya çıxması görülən işlərin məntiqi nəticəsidir.

Hərbi şərhçi bildirib ki, Azərbaycan-Türkiyə qardaşlığı Rəcəb Tayyib Ərdoğan dövründə daha da möhkəmləndi. Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sayəsində iki ölkə arasında münasibətlər tarixin ən yüksək səviyyəsinə qaldırıldı. Qarabağın düşmən işğalından azad edilməsi üçün aparılan Vətən müharibəsində “bir millət, iki dövlət” prinsipinə layiq mövqe nümayiş etdirildi. Azərbaycana böyük siyasi və mənəvi dəstək verildi, beləliklə, torpaqlarımız işğalçılardan azad olundu.

Mərkəzin rəhbəri əlavə edib ki, həmçinin Türkiyənin türk dünyası ilə əlaqələri əvvəllər xəyal belə edilməyən səviyyəyə çatdı. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti R.T.Ərdoğanın səyləri nəticəsində Türk Dövlətləri Təşkilatı beynəlxalq təşkilatlar arasında mühüm rol oynamağa başladı. Türk birliyinin təmin olunması istiqamətində R.T.Ərdoğan dövründə atılan addımlar, bundan əvvəlki heç bir hakimiyyətin edə bilmədiyi qədər böyük olub.

R.T.Ərdoğanın rəhbərliyi dövründə Türkiyənin dünyadakı nüfuzu artdı. Əvvəlki Türkiyədə hakimiyyət super güclərin gündəliyinə uyğun qərar verən ölkə olduğu halda, Ərdoğan dövründə dövlət özünün gündəliyi və mövqeyi olan müstəqil aktor kimi çıxış etməyə başladı. Artıq heç bir güc Türkiyəyə nə etməli olduğunu diktə edə bilmir. Türkiyənin maraqları üçün lazımi qərarlar xarici mərkəzlərdə deyil, Ankarada qəbul edilir.

“Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə iqtidara gəldikdən sonra bir çox hərbi müdafiə sənayesi layihələri həyata keçirildi. Türkiyə Prezidenti bu yaxınlarda keçirilmiş “TEKNOFEST” festivalında “Kaan” milli döyüş təyyarəsinin tanıdılması tədbirində dedi ki, bu təyyarə radarlara görünmədən uçur. Təyyarə düşmənin mağaralarını darmadağın etməyə qadirdir. Yaxın vaxtlarda “Kaan” sınaq uçuşlarını yekunlaşdıracaq və qardaş ölkənin Silahlı Qüvvələrinə təhvil veriləcək. Ümumiyyətlə, R.T.Ərdoğan “TEKNOFEST”də Türkiyənin döyüş təyyarəsi istehsal etməsini tarixi gün kimi qiymətləndirdi”, – deyə R.Məmmədli vurğulayıb.

Türkiyə lideri festivalda diqqətə çatdırıb ki, son aylarda müdafiə sənayesi ilə bağlı ard-arda bir neçə müjdəli xəbərlər veririk: “Bu sahədə tarixi günlərimizi yaşayırıq. Bunların da sırasında “TCG Anadolu” desant gəmisi, “Gökpey” təyyarəsi, “Yeni Altay” tankı, “İMECE” peyki var. Artıq həm havada, həm quruda, həm suda, həm də kosmosda sözümüzü deyə bilirik. Xalqımızın xəyallarını bir-bir reallaşdırırıq. Hazırda PUA-lardan danışanda hər kəsin ağlına Türkiyə gəlir. “Hürkuş” təyyarəsi dost və qardaş ölkələrə də ixrac ediləcək. “Kızılelma” havaya qalxdı, “Togg” satışa çıxarıldı, “Akıncı” qarşımızdadır, “TCG Anadolu” gəmisi Hərbi Dəniz Qüvvələrinə təqdim edildi”.

Azərbaycan və Türkiyə prezidentlərinin “Kızılelma” pilotsuz uçuş aparatının səmada manevrlərini izlədiyi festivalda dövlətimizin başçısı isə demişdi: “Selçuk bəy Bakıda olarkən “Kızılelma”nın bir maketini hədiyyə etdi. Mən fürsətdən istifadə edərək “Kızılelma” ilə bağlı bütün qardaşlarımızı təbrik etmək istəyirəm və ümid edirəm ki, yaxın gələcəkdə “Kızılelma” Azərbaycanın səmasında da olacaq. “Kızılelma” havada, “Altay” və “Togg” quruda, “Anadolu” dənizdə – bugünkü Türkiyə budur. Ən inkişaf etmiş, ən çağdaş, ən modern müdafiə sənayesi həm Türkiyəni, həm bizi gücləndirir və uzun illər bundan sonra Türkiyənin təhlükəsizliyini təmin edəcəkdir”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90