Dünyada turizm sahəsindən yüksək gəlir götürən 5 ölkədən biri Türkiyədir. Qardaş ölkənin illik büdcəsinin təqribi olaraq 8 faizi turizm sahəsindən əldə etdiyi gəlir hesabına formalaşır. Türkiyə turizmdən təqribi olaraq il ərzində 30-35 milyard dollar gəlir götürür. Türkiyədə dövlət və özəl sektor bu sahədə müştərək işləyir. 2023-cü il isə Türkiyə turizminin yüksəliş dövrü saymaq olar. Beynəlxalq Turizm təşkilatının son hesabatında Türkiyənin turizm gəlirlərinə görə dünyanın 5 ən yaxşı ölkəsi siyahısında olduğunu açıqlayıb.
Türkiyədə bütün növlər üzrə kurortlar var
Türkiyə turizm biznesi Avropa, Amerika və digər ölkələrdən olan varlı müştərilərinə lüks şəraitli, bahalı istirahəti tam təmin edir. Eyni zamanda, son illərdə burada Rusiya, Ukrayna və digər MDB ölkələrindən olan orta təbəqə müştərilərinə hesablanmış nisbətən ucuz və güzəştli turizm obyektləri geniş yayılıb.
Ümumiyyətlə, Türkiyədə bütün növlər üzrə kurortlar, istirahət mərkəzləri var. Dəniz sahilinə yaxın ərazilərdə sənaye müəssisələrinə rast gəlinmir.
Bu yazımızda Türkiyənin ən məşhur istirahət zonalarını sizlərə təqdim edəcəyik.
Antalya
Sözsüz ki, Türkiyə turizminin şah əsəri olan Antalya burada əsas yeri tutur. Burada 2, 3, 4 və 5 ulduzlu olmaqla 120-dək hotel fəaliyyət göstərir. Antalya daha çox yaxta gəzintiləri, Sidə, Likiya və digər qədim şəhərlərə, Düdən, Kurşunlu şəlalələrinə təşkil edilən ekskursiyaları ilə məşhurdur.
Bölgədəki digər məşhur turizm mərkəzi olan Kəmər dağlarla dəniz arasında yerləşir. Dağlar küləkdən qoruyur, dəniz isə iqlimi yumşaldır. Kəmərdə 350-dək hotel fəaliyyət göstərir.
Bələk isə evkalipt, küknar və şam meşələri, zəngin flora və faunası ilə turistləri özünə cəlb edir. Bura ölkənin qolf mərkəzi və Aralıq dənizi sahillərində ən bahalı kurortudur. Burada 100-dən yuxarı hotel var.
Antaliya bir sıra özəlliklərinə görə hər il dünyada milyonlarla turisti özünə cəlb edir. Günəş qoynunda, saf Aralıq dənizi sahili boyunca sıralanan gözəl otellərdə istirahət il boyu insanda unudulmaz təəssüratlar yaradır. Burda müxtəlif qiymətə, müxtəlif ulduzlu otellər seçmək imkanı var. “Hər şey daxil” sistemi ilə fəaliyyət göstərən müxtəlif ulduzlu otellərdə dincəlməklə yanaşı tətil zamanı müxtəlif turlarda iştirak edərək istirahəti daha da maraqlı etmək olar. Türk gecəsi, rafting, diving, parasaling, safari, piknik, akvapark, delfinariya və s. kimi turlara qoşulmaq mümkündür. Əgər siz təmiz cimərlik, ailə ilə, uşağınızla sakit mühit istəyirsinizsə “Hər şey daxil” sistemini seçməyə də bilərsiniz.Ən böyük akvaparkları ilə seçilən Antaliyada ən azı bir gün keçirməyə dəyər.
Kəmər
Kəmər Türkiyənin ən önəmli turizm mərkəzlərindən biridir. Kəməri cazibədar edən onun təbii gözəlliyidir. Dəniz, meşə və dağlar bir nöqtədə birləşir. Dənizin aydınlığı, meşənin yaşıllığı, dəniz dalğalarının şam ağaclarına qədər uzanması və şam ağaclarının çimərliklərdə kölgəlik olaraq istifadə edilməsi olduqca cazibədar görünür. Beldibidən başlayaraq Tekirovaya qədər olan bütün sahil tamamilə təbii çimərlikdir. Kəmər ailə və uşaqlarla istirahət üçün ideal yerdir.
Olympos Andıq Şəhəri, Chimera (Yanar daş), Adrasan, Üç Adalar, Göynük Kanyonu, Əkiz Kayalar, Ekopark, Ulupınar və Səlcuqlu Av Köşkü Kəmər ətrafındakı görülməsi lazım olan yerlərdir.
Alanya
Alanya Aralıq dənizinin sahilində kiçik bir yarımada şəklindədir. Şimalında Toros dağları uzanır. Alanya tarix boyunca Roma, Bizans, Səlcuqlu və Osmanlı kimi imperatorluqlar üçün Aralıq dənizində əhəmiyyətli bir qala vəzifəsi görmüşdür. Səlcuq dövründə I Alaəddin Keyqubadın rəhbərliyi altındakı bu bölgə geosiyasi bir əhəmiyyət qazanmışdır. Şəhərin bugünkü simvollarından Qırmızı Qüllə, liman və Alanya Qalası o dövrə təsadüf edir.Alaniyanın qışı ilıq, yazı isə istidir. Turizm baxımından Türkiyədə doqquzuncu, xaricilərin Türkiyədə mülk alması sıyahısında isə otuzuncu yerdədir.Əgər uşaqlarla istirahət etmək istəyirsinizsə “Avsallar” bölgəsini seçməniz məsləhətdir.
Alanyanın mərkəzinə ən yaxın beynəlxalq hava limanı Antalya hava limanıdır, ki, burdan Alaniyaya olan məsafə 125 km-dir.
Burda təmiz çimərlik, sakit atmosfer, otel klubları mövcuddur. Çılgın klub və bar həvəskarı olan gənclər üçün bura o qədər də maraqlı deyil. Uşaqlı ailələrə, müalicəvi spa prosedurlarını sevənlərə, həmçinin qolf və at çapanlara görə Bələk ən uyğun istirahət zonasıdır. Çimərliklər əsasən qumlu olduğundan dənizə girmək çox keyflidir. Amma çimərliyin özündə kiçik çınqıllar ola bilər, odur ki, uşaqlarla birlikdə istirahət edəcəksinizsə otel seçimində daha diqqətli olmanız tövsiyyə olunur.
Marmaris
Marmaris beynəlxalq klub həyatı və gənclərin şən istirahət məkanı kimi tanınır. Burda Ege və Aralıq dənizində dalğıclar üçün onlarla maraqlı yerlər var. Şəkil çəkdirməyi sevənlər sahillərə bağlanan yaxtalarından və zəngin təbiəti olan Marmarisin mənzərəli görnüşündən yararlana bilərlər. Nisbətən yaşlı nəsil sakit olmağı ilə yanaşı şəfalı havası və müalicəvi mərkəzləri olan “İçmələr” qəsəbəsini seçir. Marmarisin gecə klublarına rahatlıqla getmək mümkün olan, sakit romantikanı sevənlər isə adətən “Turniç”i seçir.
Endirimli Marmaris turlarına nəzər yetirin.
Ən yaxın beynəlxalq hava limanı Dalamandan 100 kilometr uzaqdır. Bura otelin yerindən asılı olaraq, 1,5-3 saata çatmaq olar.
Bodrum
Türkiyənin Egey dənizi sahilində ən çox turist cəlb edən kurortu isə Bodrumdur. Serfinq, dayvinq və digər su idman növləri ilə məşğul olanlar üçün Bodrum ən əlverişli istirahət yeridir. Burada 200-dən çox hotel tərəfindən salınan çimərliklər süni beton platformaların üzərinə tökülmüş qumluqlardan ibarətdir. Əsasən təmiz və yaşıl təbiəti ilə tanınan Quşadasında isə süni qumluqların yaradılmasına ehtiyac yoxdur – ərazi narın qumluqları ilə diqqəti cəlb edir. Burada 80-dək hotel müştərilərə xidmət göstərir.
Bir sözlə istirahətinizi Türkiyədə keçirmək, Türkiyənin mədəniyyətini tarixi abidələrini kəşf etmək istəyirsinizsə o, zaman yolunuzu bu bölgələrdən salın.
Qoşqar Salmanlı