Türkiyənin Dənizli vilayətinin Honaz rayonunda yerləşən və Mis dövrünə aid olan Kolossai Antik Şəhərində ilk dəfə olaraq genişmiqyaslı qazıntılara başlanılıb. Qazıntılar zamanı səthə yaxın qayalara yan-yana oyulmuş, təxminən 2200 il yaşı olan 60 qədim qayıq tipli məzar tapılıb.
Eramızdan əvvəl VI əsrdən etibarən əhəmiyyətli ticarət mərkəzi kimi tanınan Kolossai xüsusilə yun və toxuculuq sahəsində fərqlənib. Farslar dövründə də önəmini qoruyan qədim şəhər Roma və Bizans hakimiyyəti dövründə xristian tarixində özünəməxsus yer tutub.
Bölgədəki Hierapolis və Laodikiya antik şəhərlərinin yaranmasından sonra tədricən önəmini itirən Kolossai, eramızın I əsrində baş vermiş böyük zəlzələ nəticəsində ziyan görüb. Daha sonra isə eyni ərazidə “Chonae” adı ilə yenidən qurulub və eramızın 692-787-ci illəri arasında tamamilə tərk edilib.
Honaz dağının ətəyində, Aksu çayının kənarında yerləşən Kolossai Mis dövrünə (e.ə. 5000-3000) aid edilir. Uzunmüddətli səth tədqiqatlarından sonra bu il ilk qazıntılar aparılıb.
Qazıntılar Pamukkale Universitetinin Arxeologiya kafedrasının dosenti Barış Yenerin rəhbərliyi ilə həyata keçirilir. Səthə çox yaxın olan qayaların içinə yan-yana oyulmuş 60 qayıq sərdabəsinin tapılması davam edən qazıntılar üçün böyük əhəmiyyət daşıyır.
Qazıntı rəhbəri Barış Yener bildirib ki, Kolossai, Laodikiya və Hierapolis kimi antik şəhərlər inanc turizmi üçün böyük potensiala malikdir. Hazırda məzar xarabalıqlarının yerləşdiyi əraziyə fokuslandıqlarını deyən Yener, qədim şəhərin mərkəzi nüvəsi və genişlənmə sahəsini də müəyyən etdiklərini açıqlayıb.
Tapıntıların bölgədəki xronoloji boşluğu dolduracağını bildirən Yener, Son Kalkolit dövründən Honazın türkləşməsinə qədər olan dövrü fasiləsiz olaraq 1206-cı ilə qədər izləyə bildiklərini vurğulayıb.
Yener qeyd edib ki, tapılan məzarlıq digər qəbirlərdən fərqlənir. “Burada yan-yana 180 santimetr uzunluğunda, 90-100 santimetr enində və 110-150 santimetr dərinliyində olan qayıq tipli qəbirlər aşkar etdik. Anadoluda belə böyük qayıq tipli məzarlığa nadir rast gəlinir. Skelet fraqmentləri və digər vacib məlumatlar da tapılıb,” – deyə o bildirib.
Qazıntılar Mədəniyyət və Turizm Nazirliyinin “Gələcək İrs” layihəsi çərçivəsində aparılır. Qəbiristanlığın yerləşdiyi 20 hektar ərazi məftillə əhatə olunaraq qorunur və canlı kamera nəzarətinə götürülüb.
Barış Yener əlavə edib ki, tapıntılar Kolossai xalqının sehrə, tilsimlərə və qoruyucu amuletlərə böyük önəm verdiyini göstərir. Qəbir malı kimi terrakota və şüşə butulkalar, müalicəvi xüsusiyyətlərə inanılan daşlar, gözmuncuqları və digər qoruyucu materiallar aşkar edilib. Bu maddələr o dövr insanlarının ruhən qorunmaq istəyi və dini inanclarının gündəlik həyatla və ölüm sonrası ayinlərlə bağlılığını ortaya qoyur.
Qeyd olunub ki, Anadoluda bu cür türbələr mövcuddur, lakin bu qədər kiçik sahədə yan-yana yerləşən qayıq tipli məzarların sayı nadirdir.