image-2000x150
image-nezrin88backend

Türkiyədə dağıntılardan sağ çıxan azərbaycanlı gənc alimdən müraciət: “Burada heç bir haqlardan yararlana bilmirik…”

image-728x90

Türkiyənin Hatay şəhərində baş verən zəlzələdə dağıntılar altından xilas olan vətəndaşımız Nəzrin Əlizadə zərərçəkən vətəndaşlarımızın hazırda qardaş ölkədə üzləşdikləri məhdudiyyətlər barədə Azərbaycan dövlətinə müraciət edib.

N.Əlizadə Pravda.az-a müsahibəsində deyib ki, o və dağıntıdan sağ çıxan anası Sevda Əliyeva AFAD-a qeydiyyata düşə bilmirlər.

N.Əlizadə bildirib ki, Türkiyə vətəndaşları və suriyalı miqrantlar AFAD-da qeydiyyatdan keçirlər: “Yalnız bundan sonra zəlzələdə zərərçəkənlərin sahib olduqları bütün haqlardan istifadə etmək mümkündür. Cənab Prezident Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, kirayə qalanlara bir illik müəyyən miqdarda yardım ediləcək. Zəlzələdə isti paltarsız evdən çıxanlara ödənişsiz paltar dükanlarından yararlanmaları üçün şərait yaradılır. Eyni zamanda təmannasız yemək imkanlarında da istifadə edə bilirlər. Amma bunların hər birindən yararlanmaq üçün əvvəlcə AFAD-da qeydiyyatdan keçmək lazımdır. Mənim Türkiyədə çalışma, həm də oturma icazəm var. Amma anamın təkcə “oturma izni” var idi. Zəlzələdən sonra güvənli bir yer olduğu üçün Antalyaya gəldik. Antalyada dostumun ailəsi bizi AFAD-a qeydiyyata düşmək üçün apardı. Amma sistemdə bizə verilən “oturma izni”ndə Türkiyə Cümhuriyyətinin (TC) şəxsiyyət nömrəsi çıxmadığına görə bizi qeydiyyata almadılar. Dedilər ki, əvvəlcə Miqrasiya (Köç) İdarəsinə gedin, bəlkə, sizi orda qeydiyyata salarlar. Bütün sənədlərimiz dağıntılar altında qaldığına görə İdarə bizə, sadəcə, Türkiyədə istifadə edə biləcəyimiz TC şəxsiyyət nömrəmizi yenidən verdi. Sonra aidiyyəti qurumlarla əlaqə saxlamağa çalışdım ki, AFAD-a qediyyata düşə bilək, haqlardan yararlanaq. Çünki əlimdə olan bütün maddiyyat, sənədlərimiz, evimizin əşyaları hamısı dağıntılar altında qalıb. Amma Köç İdarəsindən bizə dedilər ki, hazırda miqrant qismində olan suriyalılardan başqa heç bir xarici vətəndaş AFAD-a qeydiyyata düşə bilməz.  Bununla bağlı dövlət tərəfindən verilmiş hər hansı göstəriş yoxdur. Önümüzdəki müddət ərzində belə bir göstəriş verilərmi, bunu hələ ki bilmirik. Ona görə də AFAD-a qeydiyyata alınmadıq”.

 

N.Əlizadə bildirib ki, porblemlə bağlı Azərbaycanın Türkiyədəki səfirliyinə də müraciət edib: “Bizim bütün sənədlərimizin qaydasına düşməsi üçün sırf şəxsiyyət vəsiqəsi lazımdır. Türkiyədəki səfirliyimizə müraciət etdik. Səfirlik zərərçəkənlər üçün “çox gözəl şərait yaradıb” – vəsiqəmizi ən az iki ay içində verə biləcəklərini dedilər. Halbuki zərərçəkənlər üçün istisna edilə bilər. İnanıram ki, bu müddəti 1 həftə – 10 günə endirib, biz Azərbaycana getmədən, Konsulluğumuz vasitəsilə məsələnin həll edilməsi mümkündür. Amma bizə məsləhət gördükləri bu oldu ki, “işinizi daha tez həll etmək istəyirsinizsə, Azərbaycana qayıdıb, şəxsiyyət vəsiqəsi çıxarmalısınız”. Azərbaycana isə bizi yalnız avtobus yolu ilə təxliyyə edə biləcəklərini dedilər. Onlara “Dağıntılar altından çıxmış, yaralanmış insanlar 38 saat yolu avtobusla necə getsinlər?” deyəndə isə bizə “Hataydan Antalyaya necə getmisinizsə, o cür də avtobusla gedə bilərsiniz” dedilər. Amma Türkiyə bizim Hataydan Antalyaya getməyimizi rahat şəkildə təmin etmişdi. Bir sözlə, oturma və çalışma iznim olduğu halda, nə itən əşyalarımla bağlı Türkiyə dövlətindən yardım ala biləcəyəm, nə də zərərçəkənlərin haqlarında yararlana biləcəyəm. Əgər Azərbaycan dövləti səviyyəsində vətəndaşlarımızın haqlarının qorunması üçün Türkiyəyə müraciət edilərsə, bu məsələ masaya qoyularsa, bəlkə, irəliləyən günlərdə nəsə etmək olar…”

Qeyd: N.Əlizadə və anası Sevda Əlizadə fevralın 6-da Türkiyənin Hatay şəhərinin Antakya bölgəsində baş verən dəhşətli zəlzələ zamanı dağıntılar altından sağ çıxa bilən dörd nəfərdən ikisidir. Onlar dağıntılar altından çıxdıqdan saniyələr sonra yaşadıqları 8 mərtəbəli bina tamamilə çökərək yerlə-yeksan olub. N.Əlizadə Mustafa Kamal Universiteninin müəllimidir. O, Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsinin bakalavr səviyyəsini 2013-cü ildə, Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq münasibətlər və diplomatiya fakültəsininin magistratura səviyyəsini 2015-ci ildə qırmızı diplomla bitirib. Uzun müddətdir, Türkiyədə gənc alim kimi fəaliyyət göstərir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90