“Qardaş Türkiyədə dəhşətli zəlzələnin baş verməsindən 1 həftə keçdi. Artıq zəlzələnin iqtisadi nəticələrinin aradan qaldırılması ilə bağlı müzakirələr aparılır. Aydındır ki, 13.4 milyon vətəndaşın yaşadığı bölgədə minlərlə binalar, o cümlədən evlər, sosial obyektlər hospitallar və digər infrastrukturun yenidən bərpası ciddi maliyyə resursları tələb edir”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov deyib.
O bildirib ki, ilkin qiymətləndirmələrə görə, zəlzələ Türkiyədə iqtisadi artım tempini 2.0 faiz bənd azalda bilər.
“Bununla yanaşı, 1999-cu ildə Türkiyədə baş verən zəlzələnin miqyası və nəticələri ilə müqayisə göstərir ki, qardaş dövlət bu sınaqdan da zəifləmədən çıxacaq. Belə ki, 1999-cu il zəlzələsi Türkiyə iqtisadiyyatının 35.0 faizinin formalaşdığı ərazilərdə baş vermişdi. Son zəlzələ qardaş ölkə iqtisadiyyatının 10.0 faizinin cəmləşdiyi coğrafiyadadır. Əgər 1999-cu il zəlzələsi daha çox sənayeləşmiş zonada idisə, bu dəfə nisbətən az sənayeləşmiş ərazini əhatə edir. Nəhayət, Türkiyə 1999-cu ilə nisbətən daha güclü iqtisadiyyata malikdir. Əgər 1999-cu ildə Türkiyədə ÜDM-in həcmi 256 milyard dollar idisə, indi bu rəqəm 819 milyard dollardır”, – millət vəkili vurğulayıb.
V.Bayramov qeyd edib ki, Türkiyənin güclü olması Türk dünyasının daha güclü olması anlamına gəlir. Bu baxımdan, Türkiyə iqtisadiyyatının güclənməsi Türk dövlətlərinin inkişafı üçün də stimuldur.