“Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan təyyarəmizlə bağlı axtarış-xilasetmə və qəza qrupları işlərini davam etdirir”. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran bildirib.
Onun sözlərinə görə, təyyarə qəzasında şəhid olan hərbçilərin cənazələri axtarış-xilasetmə və qəza qruplarını Gürcüstana aparan “A-400M” təyyarəsi ilə Türkiyəyə gətiriləcək.
“Millətimiz bundan əmin olsun ki, Türkiyə Cümhuriyyəti Gürcüstan və Azərbaycanla bərabər bütün imkanları qəhrəmanlarımız üçün səfərbər edib. Ərazidəki işlərə anbaan nəzarət edirik”. Bunu isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. “Biz lazımi araşdırmaların ciddi şəkildə aparılmasını və hadisənin bütün aspektlərinin tam aydınlaşdırılmasını təmin edəcəyik”, – Türkiyə lideri vurğulayıb.

Ərdoğan hadisə ilə əlaqədar Türkiyə vətəndaşlarına da çağırış edib: “Mən xüsusilə xalqımızı yalanlara, manipulyasiyalara və dezinformasiyalara qarşı ayıq olmağa çağırıram. Onları xüsusən də sosial şəbəkələrdə çirkin siyasət naminə belə bir hadisədən sui-istifadə edəcək qədər alçalanlara inanmamağa çağırıram”.
Noyabrın 11-də Azərbaycandan havaya qalxan “C130” təyyarəsi qısa müddət sonra Gürcüstan-Azərbaycan sərhədinə yaxın Siqnaxi bölgəsində qəzaya uğrayıb. Ərdoğan qəza nəticəsində 20 hərbçinin şəhid olduğunu diqqətə çatdırıb, həlak olan hərbçilərin xatirəsini anıb.
Artıq Azərbaycan, Türkiyə və Gürcüstan, Türkiyəyə məxsus “C-130” tipli hərbi təyyarənin Gürcüstanda qəzaya uğraması ilə bağlı birgə beynəlxalq araşdırma qrupu yaradıb. Gürcüstanın daxili işlər naziri Gela Geladze məlumat verib. Onun sözlərinə görə, türk mütəxəssislər hadisə yerində bütün gecə işləyib və istintaq hərəkətlərində iştirak edirlər. Gürcüstan Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 275-ci maddəsinin 4-cü bəndi – “Hava nəqliyyatının təhlükəsizlik və ya istismar qaydalarının pozulması, insan tələfatına səbəb olduqda” maddəsi ilə cinayət işi açıb.
“AnewZ” kanalı bildirir ki, təyyarə qəzadan əvvəl təxminən iki saat müddətində Gəncə hava limanında dayanıb və bu müddət ərzində ekipaj zəruri texniki baxış və uçuşa hazırlıq işləri aparıb. Eyni zamanda üçüncü şəxslərin təyyarəyə yaxınlaşmasına icazə verilməyib və bütün təhlükəsizlik prosedurlarına riayət olunduğu barədə məlumat verilir.

Araşdırmalar göstərir ki, təyyarə 8 noyabr – Zəfər Günü münasibətilə Bakıda keçirilmiş hərbi paradda iştirak edən “F-16” qırıcılarının texniki xidmətinə cavabdeh olan heyəti, həmçinin həmin qırıcılar üçün ehtiyat hissələrini Türkiyəyə daşıyırmış. Hadisə yerində aparılan ilkin araşdırmalar zamanı göyərtədə partlayıcı maddə aşkarlanmayıb və təyyarə qalıqları üzərində xarici müdaxilə və ya partlayış izlərinə rast gəlinməyib. Bu amil qəzaya kənar müdaxilə versiyasını zəiflədir. İstintaq orqanları hadisə ilə bağlı iki əsas versiyanı nəzərdən keçirir. Birinci versiyaya görə, qəza təyyarənin uzunmüddətli istismarı ilə bağlı ola bilər.
Qəza yerindən tapılan təyyarənin “qara qutusu” artıq götürülüb və xüsusi laboratoriyada analiz üçün göndəriləcək. Ekspertiza başa çatdıqdan sonra əldə edilən nəticələr ictimaiyyətə açıqlanacaq.
“Adətən ağla gələn təyyarədəki nasazlıqdır. Hazırda dünyada 3000-ə yaxın “C130″ təyyarəsi var və bəziləri başqa ölkələrdə də qəzaya uğrayıb. Bir nasazlıq digər sistemləri də bağlaya bilər”.
Teleqraf xəbər verir ki, bunu Avrasiya Strateji Araşdırmalar Mərkəzinin (ASAM) prezidenti və ehtiyatda olan polkovnik Eray Güçlüer Azərbaycandan qayıdarkən Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyənin hərbi təyyarəsi barədə danışarkən deyib.
Güçlüer qeyd edib ki, qəzanın digər diqqət çəkən elementi təyyarənin təcili siqnal göndərməməsi olub: “Bu siqnalın göndərilməməsi faktı göstərir ki, daxili nasazlıq siqnalizasiya sistemini işə düşməmişdən əvvəl bağlaya bilər”.
O, xarici müdaxilə iddialarına da münasibət bildirib: “İndiki texnologiya ilə hər hansı bir kənar müdaxilə həm təyyarələr, həm Azərbaycan və Gürcüstanın radar sistemləri, hətta peyklərimiz tərəfindən aşkar ediləcəkdi. Bu səbəbdən xarici müdaxilə ehtimalı çox,aşağıdır, demək olar ki, yoxdur”.
![]()
Polkovnik “C130″ təyyarələrinin qabaqcıl sistemlərlə təchiz edildiyini vurğulayaraq, bildirib ki, təyyarənin özünümüdafiə və qoruma sistemləri var: “Elektron döyüş qabiliyyəti ilə təchiz edilən bu təyyarələr radar xəbərdarlığı sistemləri ilə də təchiz olunub. Türkiyənin bu təyyarələrdəki modernləşdirmə layihələri onlara əhəmiyyətli imkanlar qazandırıb və bu səylər davam edir”.
Güçlüer qəzanın hava şəraiti və ya pilot səhvi nəticəsində baş vermə ehtimalını da qiymətləndirib: “Hava pis olsaydı, bu təyyarələr onsuz da havaya qalxmazdı. Olsaydı belə, geri dönərdilər. Pilot səhvindən də söhbət gedə bilməz, çünki türk pilotlar dünyanın ən yaxşıları sırasındadır. Onların minlərlə saatlıq uçuş təcrübəsi var və çox yüksək səviyyəli təlimlər keçib”.
Yeri gəlmişkən, sosial şəbəkələrin Türkiyə və Azərbaycan seqmentlərində də hadisənin baş verməsində kənar müdaxilənin olması ehtimalından bəhs olunur. Konkret olaraq Rusiya və İsrailin bu hadisədə əlinin ola biləcəyi iddiaları da vurğulanır.
Təhlükəsizlik eksperti İlham İsmayıl “Yeni Müsavat”a bildirdi ki, adətən belə hadisələrdə bir sıra versiyalar irəli sürülür, fərqli versiyalar ətrafında işlər görülür, versiya dairəsi daralır və konkret olaraq iki versiyanın üzərində işlər gedir: “Hər halda, mən hesab edirəm ki, bu, rəsmi açıqlamaya, “qara qutu”nun oxunmasına qədər deyilənlər yalnız ehtimallar ola bilər. O ehtimalların özünü də real olmadan irəli sürmək, məncə, yanlış bir xətt olardı. Misal üçün, konkret olaraq Rusiya və İsrail versiyasına gələk. Əvvəla, kənar müdaxilə, xarici müdaxilə mütləq hansısa bir şəkildə, raketlə vurulma vasitəsilə mümkün ola bilərdi. İlk versiya xarici müdaxilədir. Burada Gürcüstanın, digər ölkələrin hava hücumundan müdafiə sistemi o dəqiqə görəcəkdi ki, buna hücum oldu və raketlə vuruldu. Ancaq bu halda heç bir ölkənin havadan müdafiə sistemi heç nəyi qeydə almayıb. Belə məlum olur ki, raketlə vurulma halı baş verməyib. İkincisi, təxribat məsələsi ola bilərmi?

Məsələn, təyyarə Gəncəyə endikdən sonra üçüncü ölkələr tərəfindən təxribat olması, içəriyə hansısa partlayıcının yerləşdirilməsi ehtimalı. Əvvala, indiki halda bu, hər iki ölkənin marağına uyğun gəlmir. Türkiyə-Azərbaycan münasibətlərinin pozulması aydın məsələdir ki, Rusiya və Rusiyanın müəyyən maraqlarının üst-üstə düşmə yerləri var. Ancaq Gürcüstan ərazisində Azərbaycan və Türkiyənin münasibətlərini korlamaq kimə xeyirdir, Rusiyayamı, yoxsa İsrailəmi? Hesab edirəm ki, burada kənar müdaxilədən daha çox, texniki tərəflər araşdırılacaq. 3 yerə parçalanmış 57-58 yaşlı təyyarənin materiallarının doğrudan da korroziyaya uğraması, həmçinin kontraslı havanın olması mümkündür ki, yalnız texniki məsələlərlə bağlı olsun. Son rəy gələnə qədər kənar müdaxilənin, konkret olaraq Rusiya və İsrailin hansısa bir şəkildə müdaxiləsinin izini görmürəm. İndiki halda, indiki şəraitdə Rusiya və İsrailin maraqlarına uyğun gəlmir ki, Türkiyə təyyarəsinə qarşı belə bir akt həyata keçirsinlər”.
İ.İsmayılın sözlərinə görə, əgər bu hadisə Suriya səmasında olsaydı, bəlkə də Rusiya, yaxud İsrail faktorunun ikisini də qabartmaq olardı: “Hesab edirəm ki, Gürcüstan ərazisi üzərində və xarici müdaxilənin də olmadığı, hansısa raketlə vurulma faktının hava hücumundan müdafiə sisteminin qeydə almaması onu göstərir ki, burada ən çox inandırıcı versiya texniki versiyadır. Yəni yaşı keçmiş, metalın korroziyaya uğraması kimi amillərdən söhbət gedir. Hər halda, yenə də rəsmi son açıqlamanı, “qara qutu”nun oxunmasını gözləyək”.
Təhlükəsizlik eksperti əlavə etdi ki, Pakistanda mütəmadi şəkildə terror aktları törədilir: “Bu, tez-tez rast gəlinən məsələdir. Məhkəmə binasına daxil olmaq istəyən terrorçu, özünə qəsd edən, partlayış törədən adam, biz Pakistanda belə hadisələri tez-tez eşidirik. Məncə, həm Türkiyə, həm də Pakistanla əlaqədar baş vermiş hadisə Azərbaycandakı Zəfər bayramı ilə əlaqədar deyil”.
Bir daha qardaş ölkəyə keçmiş olsun deyirik və şəhidlərimizə rəhmət, doğmalarına səbr diləyirik.“Yeni Müsavat”






















