Son aylarda diqqət çəkən siyasi hadisələrdən biri türk dövlətlərinin rəhbərləri arasında rəsmi və işgüzar əlaqələrin intensive xarakter almasından ibarətdir. Dövlət rəhbərləri arasında mütəmadi təmasları bu ölkələrin beynəlxalq siyasətində türk inteqrasiyasına marağın artım göstəricisi hesab etmək olar.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin seçkidən sonra ilk dövlət səfərini məhz Azərbaycana etməsi də bu baxımdan əlamətdar bir hadisədir. Bu səfər Özbəkistan siyasi rəhbərliyinin Azərbaycanla münasibətlərə verdiyi böyük önəmin və eyni zamanda Azərbaycan və özbək xalqları arsındakı qardaşlığımızın və dostluğumuzun göstəricisidir. Səfər çərçivəsində baş tutmuş görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edildi, eləcə də beynəlxalq platformalarda birgə siyasi fəaliyyət, iqtisadiyyatın bütün sahələri üzrə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi və mədəni – humanitar ələqələrin təşviq edilməsi istiqamətində geniş müzakirələr aparıldı. Aparılan məsləhətləşmələr və qəbul olunan qərarlar münasibətlərimizin gələcək inkişaf yolları müəyyən olunmasında və bütün istiqamətlərdə qoyulan hədəflərə nail olunmasında mühüm rol oynayır.
Səfər çərçivəsində bir çox dövlətlərarası sənədlər imzalandı. Ən mühüm sənədlərdən biri isə Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilədir. Belə bir qurumun yaradılması ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir.
Aparılan müzakirələr enerji və nəqliyyat-logistika sahəsində səmərəli əməkdaşlıq üçün yaxşı perspektivlər olduğunu bir daha təsdiq etdi. Özbəkistan prezidentinin ölkəmizə səfəri ərəfəsində Azərbaycanda Özbəkistanın Mədəniyyət Günləri böyük uğurla keçdi. Bu tədbir Azərbaycan və özbək xalqlarının nə qədər dərin köklərə söykənən ortaq tarixə və mədəniyyətə malik olduğunu, eyni sivilizasiyaya məxsus xalqlarımızın əsrlər boyu birlikdə möhtəşəm bir ortaq mədəniyyət yaratdığını nümayiş etdirdi. Birlikdə yaratdığımız ortaq mədəniyyəti təbliğ etməklə biz bu gün də gələcək birliyimizin möhkəm əsaslarını yaradırıq. Xalqlarımız arasındakı tarixi bağlılıq və daimi təəssübkeşlik bütün dövrlərdə özünü göstərmişdir. Torpaqlarımız işğala məruz qalandar Özbəkistan xalqının və dövlətinin Azərbaycanın haqlı mövqeyini daim dəstəkləməsi bu təəssübkeşliyin bariz nümunəsi olmuşdur. 44 günlük Vətən müharibəsi dövründə bütün Özbəkistan xalqının bölgəmizdə baş verən hadisələri həyəcanla izləməsi və hər bir vasitə ilə Azərbaycan xalqına dəstək göstərməsi cəmiyyətimizi xüsusilə ruhlandırırdı. Vətən müharibəsindən əldə etdiyimiz möhtəşəm Qələbədən sonra da Özbəkistan xalqının və dövlətinin zəfərimizə verdiyi əhəmiyyət özünü göstərməkdə davam edir.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə məktəb inşa olunması bunun bariz göstəricisidir. Bu məktəbin tikintisi Qarabağın bərpası prosesində xarici dövlətin Azərbaycana ilk hədiyyəsi kimi olduqca dəyərlidir. Bu Özbəkistan dövləti və şəxsən onun lideri tərəfindən Azərbaycan xalqına qarşı qardaşlıq, həmrəylik və dəstək jestidir. İnşa olunmuş məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır və bu təhsil ocağı bizim qardaşlığımızı daim tərənnüm edəcək birliyin rəmzidir.
Özbəkistan Prezidentinin ölkəmizə səfəri çərçivəsində imzalanmış 10 mühüm sənəd dövlətlərarası münasibətlərin daha yüksək səviyyəyə qaldırılması ilə yanaşı eyni zamanda iqtisadi münasibətlərin daha da genişləndirilməsi, energetika, nəqliyyat, mədəniyyət, turizm, gənclər siyasəti, idman və media sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yeni imkanlar açır. Əlaqələrin intensiv şəkildə genişləndirilməsi həmçinin Azərbaycan – Mərkəzi Asiya münasibətlər vektorunda xüsusi rola malikdir. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən biri olan və sürətlə inkişaf edən Özbəkistanla Azərbaycan arasında daim inkişaf etdirilən əlaqələr Azərbaycanın apardığı beynəlxalq siyasətin bu seqmentinin daha da möhkəmləndirilməsinə xidmət edəcək.
Ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin gələcək uğurunu təmin edən daha bir önəmli amil xüsusilə diqqət çəkir. Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də mühüm rol oynayır. Son illərdə bu münasibətlərin sıxlaşması və qarşılıqlı səfərlərin çoxalması öz töhfəsini verməkdədir.
Yalnız 2022-ci il ərzində Azərbaycan Prezidentinin Özbəkistana üç dəfə səfər etməsi qardaş ölkə ilə əməkdaşlığın inkişafına Azərbaycan tərəfindən böyük önəm verilməsinin göstəricisidir. Dövlət başçımızın bu səfərləri zamanı əldə edilmiş razılaşmalar Mərkəzi Asiyanın aparıcı ölkələrindən olan Özbəkistanla əlaqələrimizin yeni mərhələdə əsas konturlarını müəyyən edib və strateji əməkdaşlığımızın daha da dərinləşdirilməsinə xidmət edib.
Hazırda ölkələrimiz arasında imzalanmış sənədlərin sayı 160-dan çoxdur və bu sənədlər çox geniş bir diapazonda qarşılıqlı faydalı əməkdaşlığın həyata keçirilməsi üçün bütün lazımi şərtləri özündə ehtiva edir. Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin son səfəri zamanı imzalanmış Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə isə bu əməkdaşlıq üçün daha möhkəm hüquqi baza yaradır. Heç şübhə yoxdur ki,
Azərbaycanın Özbəkistanla, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən və genişlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verəcəkdir.
Cavanşir Feyziyev
Milli Məclisin deputatı