image-rt-reklam
image-1backend

Turistlərin sevgi şəhəri adlandırdıqları, qədim həm də müasir Ankara -FOTOLAR

image-728x90

Bəzən bir şəhərin tarixi, bəşəriyyətin tarixi ilə ölçülür. Tarixin izini özündə yaşadan şəhərə isə ruhun dincəldiyi, sevgi şəhərinə bənzədirlər. Türkiyədə bir məsəl var: “Ankara insan ruhunu dincəldən, insana hüzür verən şəhərdir.”

Türkiyənin paytaxtı Ankara təkcə paytaxt olduğu üçün deyil, həm də ruhlu bir şəhər olduğu üçün sevilir. Bəziləri Ankaranı yalnız Ankaralıların sevdiyini düşünsə də, bu şəhərə il ərzində çoxsaylı turist gəlir. Ankaranı bir turist şəhəri də hesab etmək olar. Maraqlıdı ki, Ankara əslində Türkiyənin ən qədim şəhərlərindən biridir. Amma çoxları hesab edir ki, Ankaranın təməli yüz il öncə qurulub. Ankara İstanbuldan sonra Türkiyənin ən böyük ikinci şəhəridir.

image-6

Ankara şəhərinin tarixi olduqca qədimdir. Yüz illər boyunca bu şəhərin adı bir neçə dəfə dəyişib. Amma şəhər öz qürurunu heç zaman itirməyib. Ankaralılar hər zaman öz şəhərləri üçün savaşmağı bacarıblar. Bu qədim şəhər, frigiyalılar, qalatiyalılar və qədim romalılar tərəfindən mənası gəmi lövbəri olan ” Aykupa” [Anqira] olaraq adlandırılıb.

Ankara şəhəri, ərəb mənbələrində “Bəldəyi-əl Səlasil”, “Məmuriyə” və “Mə’muriyə-i Səlasə” olaraq qeyd edilib. Qədim yunan dilində “Anküra” olaraq tələffüz edilən şəhər adı ərəblər tərəfindən qorunub saxlanılmışdı. Böyük Səlcuq İmperiyasının Anadoluya gəlməsindən sonra bu ad “Anqara” və “Əngürü”, qərb dillərində isə “Anqora” (Angora) olaraq dəyişmişirdi. “Əngürü” (Engürü) adı, ərəb şəkilçisiylə “Əngüriyyə” olmuşdur. Ankaranı suverenliyi altında saxlayan dövlətlər tərəfindən zərb edilən sikkələrdə istifadə olunan rəsmi ad, Böyük Səlcuq İmperiyasında “Ankara”, Elxanilər Dövlətində “Əngürü” və “Əngüriyyə”, Osmanlı İmperiyasında isə “Əngürü” və “Anqara” olmuşdur. Şəhərin adı Osmanlı İmperiyası dövründə, XVI əsrdən etibarən rəsmi olaraq Anqara (آنقره) olmasına baxmayaraq, xalq arasında “Əngürü”, qərb ölkələrində isə “Anqora” adlarından istifadə edilirdi. Türkiyə Respublikasının öz müstəqilliyini əldə etməsindən sonra digər adların istifadəsi sona çatmış, Ankara adı isə universallaşdırmışdır.

Digər etimologiyaya görə isə Ankara sözü iki sözün birləşməsindən An Kara əmələ gəlir. Bunun mənası isə Türk dilində Ən qara deməkdir.
Ankaranın  təməlinin hansı dövrdə qoyulması arxeoloqlar  arasında fikir ayrılığına səbəb olub. Bəzi arxeoloqlar hesab edir ki, Burada yaşayış məskənlərinin salınması 5000 il öncə başlayıb. Ankarada aşkar edilmiş ən qədim tarixi əsərlər qədim daş dövrünə aiddir. Bu dövrə aid müxtəlif əsərlərə Qavurkale, Ergazi, Lodumlu ve Maltəpədə rast gəlmək olar. Bunlardan başqa, Ankaranın Polatlı rayonunda e.ə aid olan 3000-ə qədər olan yaşayış yerləri tapılmışdır. Məhz bu tapıntılara görə Ankaranın eramızdan əvvəl salındığını bilmək olar. Rəsmi statistikaya görə bu gün Ankarada 6 milyon insan yaşayır. Amma şəhərə il ərzində 1 milyondan artıq turistin ziyarət etdiyi qeyd edilir.

Ankara olduqca hüzurlu bir şəhərdir. Çünki bu qədimliklə müasirliyi özündə əxs etdirən şəhərdə insan sıxılmır. Yolunuz bu gözəl şəhərə düşsə haranı gəzə bilərsiniz?. Məhz bu suala cavab tapmaq üçün Ankaranın ən görməli yerləri barədə sizə məlumat verəcəyik.

 Ankarada ilk gediləcək yer sözsüz ki,  Anıtkabirdir.

image-1
Türkiyənin qurucusu Mustafa Kamal Atatürkə aid olan və Anıttəpədə yerləşən bu məqbərə adətən Ankaraya gələnlərin ilk ziyarət etdiyi yerdir. Anıtkabir iki hissəyə bölünür: Sülh Parkı və Abidə Bloku. Anıtkabirin dizaynı 1 mart 1941-ci ildə keçirilən layihə əsasında reallaşıb. Müsabiqəyə həm Türkiyədən, həm də dünyadan bir çox memar qatılıb. Prof. Emin Onat və Dos. Orxan Ardenin layihələri əsasında  9 oktyabr 1944-cü ildə başlanan tikinti 1953-cü il sentyabrın 1-də tamamlanıb. Bu gün Ankaraya gələn istənilən turist  böyük hörmətlə Atatürkü anır və Anıtqəbri ziyarət edir.

Ankara həm də türk və islam irsini yaşadan ən gözəl şəhərlərdən biridir. Paytaxt Ankarada çoxsaylı qədim abidələr mövcüddur. Burada həm də çoxsaylı qədim məscidlər var.

image-2

Ankara məscidləri bu zənginliyi qoruyub saxlamaqda davam edir. Ankaranın mənəvi mərkəzləri olan bu məscidlərin bəziləri tarixi memarlığa, bəziləri isə müasir arxitekturaya malikdir… Ahmet Hamdi Akseki məscidi, Beştəpə Millət Məscidi və Məlikə Xatun məscidi Ankaranın müasir məscidlərindəndir.

Ankaranın tarixi məscidlərini də araşdırmaq lazımdır. Şəhərin ən qədim məscidlərindən biri olan Cənab-ı Əhməd Paşa məscidi Ankarada Osmanlı memarlığının nümunəsidir və memarı Memar Sinandır. Kurşunlu məscidi həm də klassik Osmanlı memarlığını əks etdirir. Hacı Bayram məscidi həm də Ankaranın ən gözəl məscidlərindən biridir. Təkcə Ankarada onlarca qədim tarixin eskizlərini özündə yaşadan məscid var. Ankarada məscidlərlə yanaşı tarixi qədim olan kilsələrdə mövcuddur. Çünki Ankara tarixi boyu müxtəlif sivilizasiyalara ev sahibliyi edib. Şəhər əvvəlcə hetlər, sonra frigiyalılar, lidiyalılar, farslar, qalatlar, perqamonlular, makedoniyalılar və romalılar və nəhayət, Osmanlı imperiyası tərəfindən məskunlaşdırılıb. Ankarada 4 belə qədim dövrə aid kilsə və sinaqoq var.

Ankara öz qədim tarixi ilə yanaşı həm də simvollar şəhəridir. Maraqlı məqamlardan biri ondan ibarətdir ki, avropalı turistlər Ankarada daha çox tarix və memarlıq abidələrini ziyarət edirlər.

image-4

Turistlər bu abidələrlə yanaşı Ankaranın simvolu hesab edilən  üç şirin heyvanı da ziyarət edirlər. Ankaranın simvolu olmasının əsas səbəbi isə bu heyvanlar dünyada yalnız  Ankarada yaşayan növlər olmasıdır. Məhz bu səbəbdən dövlət tərəfindən Angora pişiyi, Angora keçisi, Angora dovşanı qorunur.

Bir sözlə yolunuz Ankaraya düşsə, tarixlə baş-başa qalaraq bu sevgi şəhərinin dadını çıxarın.

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90